Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Fərhad Əliyev: «Yalnız beş obyekt özəlləşdirilərkən zorakılığa yol verilib»


İyulun 11-də sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, onun qardaşı «Azpetrol» şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyevin və digər 17 nəfərin məhkəməsi 2004-cü ildə prezident fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdirmə çeklərinin mənimsənilməsi epizodu üzrə şahidlərin dindirilməsi ilə davam edib. Bu epizodda İqtisadi İnkişaf Nazirliyinin Şəki və Bakının Sabunçu rayonunun keçmiş rəhbərləri (hazırda Dövlət Əmlak Komitəsində çalışırlar) ifadə verib. Onlar ifadələrində Fərhad Əliyevin göstərişiylə çeklərin paylanması zamanı veteranlara və əlillərə pul təklif etdiklərini, saxtakarlığa yol verdiklərini bildiriblər.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev isə özəlləşdirməylə bağlı ortaya çıxan sualları cavablandırarkən bildirib ki, indiyədək keçirilən özəlləşdirmə prosesləri tərəflərin razılığıyla aparılıb, yalnız beş obyekt özəlləşdirilərkən zorakılığa yol verilib. O, İmişli bazarını, Gəncə universamını, Bakıda yerləşən Azərbaycan kinoteatrının yanındakı 1 saylı universamı misal çəkib və bildirib ki, bu obyektlərlə bağlı illərlə məhkəmə çəkişməsi gedib.


Məhkəmə iyulun 12-də davam edəcək.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs olunub. Onlar korrupsiya, vəzifə saxtakarlığı və rüşvət almaqda təqsirləndirilirlər.


XS
SM
MD
LG