Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:23

Hakimiyyət nədən narahatdır?


2 aprel aksiyası
2 aprel aksiyası
İctimai Palata 17 aprel mitinqinə hazırlaşdığı bir vaxtda 2 aprel mitinqi ilə bağlı yeni xəbərlər səngimək bilmir. «Fəvvarələr» Meydanında 2 aprel mitinqindən sonra həbs olunan müxalifət fəallarının sayı günbəgün artmaqdadır. Aprelin 9-da həmin aksiyanın iştirakçısı olan daha 5 müxalifətçiyə 2 aylıq həbs cəzası verilib. Onlar Əhəd Məmmədli, Babək Həsənov, Ülvi Quliyev, Elşən Həsənov və Sahib Kərimovdur.

Fəallar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), eləcə də 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham ediliblər.

Onlardan əvvəl isə üç müxalifətçi - Arif Hacılı, Tural Abbaslı və Məmməd Məcidli eyni ittihamlarla 2 aylığa həbs olunublar. AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya da polis nəzarətinə verilməklə eyni ittiham irəli sürülüb.

Azadlıqdan məhrum edilənlərdən birinin - Əhəd Məmmədlinin vəkili Yalçın İmanov deyir ki, müdafiə etdiyi şəxsin həbsi yerli qanunvericiliyə və Azərbaycanın qoşulduğu konvensiyalara görə, əsassızdır:

«Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu da qeyd edirdi ki, istintaq orqanları yeri gəldi-gəlmədi həbs qətimkan tədbirinə üstünlük verirlər. Bu adam barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilə bilərdi.
Aydın Mirzəzadə
Bütün bunlar nəzərə alınmadı və formal-ittihamın dəlilləri təkrarlanmaqla həbs qətimkan tədbiri seçildi. Bu, hüququn predmeti deyil, daha çox siyasi xarakterli qərardır. İstisna etmirəm ki, bu növbəti aksiyalarda iştirak edəcək şəxslərin daha çox gözünü qorxutmaq məqsədi daşıyır».

200-300 NƏFƏRİN HAY-KÜYÜ

Son dövr mitinqlərin və bu mitinqlərdən sonra müşahidə edilənlərə siyasi dairələrdə yanaşma birmənalı deyil. Hakimiyyətin bu prosesdən əndişələndiyi üçün vəziyyəti həbslər və təzyiqlər vasitəsilə nəzarətdə saxlamağa cəhd etdiyini düşünənlər də var, baş verənlərin hakimiyyəti narahat edə biləcək hadisə olmadığını deyənlər də.

Aprelin 8-də parlamentdə çıxışı zamanı hakim YAP-dan deputat Aydın Mirzəzadə müxalifətin mitinqlərinin elə bir ciddi hadisə olmadığını bildirdi. Onun fikrincə, bu mitinqləri müzakirə mövzusuna çevirən xarici medianın və Bakıdakı bəzi səfirliklərin hərəkətləridir:

«Son günlər müxalifətin radikal və parlamentdən kənar qanadının Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq cəhdinə əhəmiyyət verməmək də olardı. Cəmi 200-300 nəfərin şəhərin mərkəzində çığıra-çığıra, heç bir şüar irəli sürmədən hay-küy salması, açığı, 9 milyonluq ölkə üçün elə bir böyük hadisə deyil. Amma diqqəti cəlb edən radikal qanadın bütün şüarlarının xaricə yönəlməsi və bu kiçik dəstənin keçirdiyi tədbirin qısa bir zamanda beynəlxalq ələmdə,
Əli Əhmədov
KİV-də işıqlandırılmasıdır. Ən qəribəsi isə xarici ölkələrdən Azərbaycandakı səfirlikləri vasitəsilə onlara dəstək gəlməsidir».

MİTİNQİ KİM TƏYİN EDİB?

Aprelin 8-də Azərbaycandakı səfirlik və beynəlxalq təşkilatları təmsil edən 20-yə yaxın diplomatla müxalifətin İctimai Palata təmsilçiləri arasında 2 saatdan artıq davam edən görüş olub.

YAP sədrinin müavini, deputat Əli Əhmədov bu görüşün qapalı keçirilməsinin və mövzusu haqda ictimaiyyətə məlumat verilməməsinin qəribə göründüyünü düşünür. Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Əli Əhmədov deyib ki:

«Mən bilmirəm, aprelin 16-da nəzərdə tutulan mitinqi müxalifət, yoxsa ora toplaşanların hamısı bir yerdə təyin edib. Amma yəqin ki, görüşdə həmin mitinq planları müzakirə edilib».

Amma hakim partiya nə qədər bu aksiyalardan yox, ona dəstək verənlərin hərəkətlərindən xoşlanmadığını desə də, ardıcıl olaraq xalqa da öz mesajlarını ünvanlamağı unutmur.

Əli Əhmədov da son açıqlamasında deyir ki, «xalq öz hökumətini ona görə yaradıb ki, onun normal yaşaması üçün səmərəli mühit formalaşdırsın. Bu mühiti də hökumət təmin edib.
Mehman Əliyev
Hökumətimiz indiyə qədər sabitliyi qoruyub və bundan sonra da qorumaq niyyətindədir».

AQRESSİV ADDIMLAR NƏYİN GÖSTƏRİCİSİDİR?

«Turan» informasiya agentliyinin rəhbəri Mehman Əliyev isə hesab edir ki, hakimiyyət həbs strategiyasını seçməklə müxalifətin mitinq taktikasını zəiflətməyə çalışır:

«Bir tərəfdən, onların aksiyalarda iştirakı başqalarının da bu prosesə cəlb olunmasına təkan verir. Ona görə də bu istiqamətdə fəaliyyəti məhdudlaşdırmaq hakimiyyət üçün vacibdir. Digər tərəfdən də, məqsəd prosesə qoşulmaq istəyən başqa insanları qorxutmaq, çəkindirməkdir. Bu, bütövlükdə preventiv xarakter daşıyır. Onlar görürlər ki, mitinqlər yüksələn xətt üzrə inkişaf edir. Və bu xətti zəiflətmək, sındırmaq və «yox» dərəcəsinə gətirib çıxarmaq istəyirlər».

Mehman Əliyev düşünür ki, iqtidar nümayəndələrinin etiraf edib-etməməsindən asılı olmayaraq bu mitinqlər hakimiyyəti narahat edir, əks halda bu addımlar atılmazdı. Onun fikrincə, etiraz aksiyalarına və onların iştirakçılarına qarşı atılan addımlar çox aqressiv və qanundan kənardır. Bütün bunlar isə hakimiyyətin çox əsəbi və narahat olduğunun göstəricisidir.
XS
SM
MD
LG