Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Ermənistan prokurorluğu Azərbaycan əsgərini qətldə ittiham edir


Ermənistan Baş Prokurorluğu
Ermənistan Baş Prokurorluğu

Ermənistan Baş Prokurorluğunun aprelin 18-də yaydığı məlumatda deyilir ki, Azərbaycan vətəndaşı Hüseyn Axundov üstündə olan avtomat silahla Zəngəzur Mis-Molibden Kombinatının gözətçisinə atəş açıb və Ermənistan vətəndaşı hadisə yerində keçinib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bundan əvvəl Hüseyn Axundovun Ermənistan ərazisində saxlanmış iki azərbaycanlı əsgərdən biri olduğu xəbər verilmişdi.

Ermənistan Baş Prokurorluğunun məlumatında deyilir ki, Hüseyn Axundov aprelin 12-də Qafanda yerləşən mis-molibden kombinatına gəlib və “mühafizə əməkdaşlarından birini onun mobil telefonunu və avtomobilini oğurlamaq məqsədilə qətlə yetirib”.

Məlumatda bildirilir ki, “Axundovun məqsədi İran ərazisinə keçmək olub”:

“Daha sonra Axundov ölənin mobil telefonunu, siqaretini və alışqanını götürüb və avtomobili işə salmağa çalışıb, bunu edə bilməyəndə isə hadisə yerindən qaçıb”.

Ermənistan Baş Prokurorluğunun məlumatında iddia olunur ki, Axundov daha sonra mobil telefonda müraciət videosu çəkib. Məlumatda bildirlir ki, Axundov həmin videoda deyib:

“Allaha şükür, Ermənistana çatdıq, 400-500 erməninin başını kəsdik, biz satqın deyilik və Azərbaycana qayıdacağımıza ümid edirik”.

Rəsmi məlumata görə Axundov bundan sora Sünik vilayətinin Açaçan kəndi istiqamətində gedib və aprelin 13-də təsadüfən qarşılaşdığı sakinlər tərəfindən zərərsizləşdirilərək hüquq-mühafizə orqanlarına verilib.

“Milli nifrət motivi ilə”

Azatutyun yazır ki, Ermənistan Baş Prokurorluğu aprelin 17-də Ermənistan ərazisinə daxil olmuş Azərbaycan vətəndaşları – Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işinin açıldığını xəbər vermişdi. Onların sərhədi qanunsuz keçməkdə ittiham edildikləri bildirilirdi.

Lakin aprelin 18-də Ermənistan prokurorluğu bildirib ki, Hüseyn Axundov barəsində ittiham dəyişdirilib və ona qarşı yeni ittiham irəli sürülüb.

Məlumatda deyilir ki, indi Axundov sərhədi qanunsuz keçməkdə, sərhəddən qanunsuz silah keçirməkdə və başqa bir şəxsi qətlə yetirməkdə ittiham olunur.

Məlumatda “cinayətin milli nifrət, dözümsüzlük və düşmənçilik motivi” ilə törədildiyi qeyd olunur.

Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı yeni ittihamla bağlı Azərbaycan tərəfinin və onun özünün münasibəti hələ ki, məlum deyil.

İkinci Azərbaycan əsgərini tutan erməni meşəbəyi danışdı
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Bir gün əvvəl

Ermənistan hüquq-mühafizə orqanları aprelin 17-də Hüseyn Axundovun bədənindəki xəsarətlər barədə arayış alıb və elə həmin gün bu zədələrlə bağlı bütün sənədlər cinayət işinin açılması üçün İstintaq Komitəsinə göndərilib.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, insan haqları ombudsmanı Anait Manasyan Ermənistan ərazisində saxlanmış iki azərbaycanlı hərbçiyə baş çəkib, onların saxlanma vəziyyəti, hüquqlarının təminatı məsələləri ilə tanış olub.

Ombudsman aparatının bildirdiyinə görə, birbaşa söhbətlər zamanı dövlət orqanları, vəzifəli şəxslər tərəfindən işgəncə, pis rəftarın digər forması, eləcə də psixoloji təzyiqlə bağlı şikayət eşidilməyib.

Azərbaycanlı hərbçilər onlara qarşı irəli sürülmüş ittihamlarla tanış olduqlarını, pulsuz ictimai vəkillə təmin edildiklərini deyiblər.

Məlumata görə, Manasyan azərbaycanlılara hüquqlarının müdafiəsi mexanizmini, məhdudiyyətlərin xarakterini izah edib.

Daha əvvəl

Aprelin 10-da Azərbaycanın Müdafiə Nazirliyi iki əsgərinin pis hava şəraitində itkin düşdüyünü açıqlamışdı. Elə həmin gün Ermənistanın Sünik vilayətinin Aşotavan kəndində əsgər Aqşin Bəbirov, üç gündən sonra isə Açaçan kəndində Hüseyn Axundov saxlanmışdı.

Azərbaycan Baş Prokurorluğu aprelin 13-də itkin əsgərlərdən birinə aid etdikləri videogörüntülərlə bağlı cinayət işi başlandığını açıqlamışdı.

Məlumatda deyilirdi ki, bəzi media və sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçusunun Ermənistanda əsir düşməsi, ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsinə dair videogörüntülər yayılıb.

Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.

Paşinyan: 'Sülh istəyirik, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır'
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Xatırlatma

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG