Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:52

Lavrov Əliyevlə görüşündə həm də rus dilindən danışıb


Azərbaycan prezidenti İlham Əliyev (sağda) və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov (Arxiv fotosu)
Azərbaycan prezidenti İlham Əliyev (sağda) və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov (Arxiv fotosu)

Fevralın 27-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İlham Əliyev deyib ki, bu səfər ötən il fevralın 22-də Moskvada iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin birinci ildönümünə həsr edilib:

“Əlbəttə, bugün biz regional təhlükəsizliklə bağlı məsələlər haqqında da danışacağıq. Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq.”

Onun deməsinə görə, ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub:

“Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir.”

Lavrovun dedikləri…

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində deyib ki, iki ölkənin iqtisadi əməkdaşlığının göstəricisi olan əmtəə dövriyyəsi rekord səviyyələrə çatır və bu, son hədd deyil:

“Çünki siz prezident Putinlə təkcə ikitərəfli deyil, həm də regional və hətta qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin hazırlanmasını müzakirə etmisiniz.”

Lavrov humanitar və təhsil sahələrində əlaqələri inkişaf etdirməkdən də danışıb:

“Biz rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına şəxsən Sizin, hökumətinizin diqqətini çox yüksək qiymətləndiririk”.

O deyib ki, regional təhlükəsizlik onların həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərində olduqca aktual mövzu kimi qalır.

Onun dediyinə görə, “beynəlxalq həmkarların çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər”:

“Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin, xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq”.

Qarabağdakı separatçı rejim Azərbaycanla müəyyən razılığa gəldiklərini deyir
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Azərbaycan - Ermənistan danışıqları

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqıları aparılıb. Amma ötən ilin sonları hər iki danışıqlar dayanmışdı.

Bununla belə ötən ay Avropa İttifaqı Şurası sərhəd ərazilərdə “sabitliyə töhfə vermək” məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Qurum bildirib ki, bu missiya vasitəsi ilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına çalışacaq.

Artıq Ermənistanda olan monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib.

Üstəlik, bu ayın 18-də Münhendə Azərbaycan prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.

Görüşdən sonra tərəflər danışıqlarla bağlı əsasən nikbin fikirlər dilə gətiriblər.

Lavrov Azərbaycana gəlib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün, ferlalın 27-də Azərbaycana gəlib.

Onun səfəri iki gün davam edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Sergey Lavrovu prezident İlham Əliyev qəbul etməlidir. Onun habelə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla da görüşü nəzərdə tutulub.

Rəsmi açıqlamaya görə, danışıqlarda regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Sergey Lavurov bundan əvvəl ötən ilin iyununda Azərbaycanda olmuşdu.

Həmin səfərdə də Azərbaycan prezidenti onu qəbul etmiş və o daha sonra Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirmişdi.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG