Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:20

Aİ Ermənistana ikiillik missiya göndərir


Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində. 27 oktyabr 2022
Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində. 27 oktyabr 2022

Avropa İttifaqı (Aİ) bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək – bu dəfə iki aylığa deyil, minimum iki illiyə. Bu haqda AzadlıqRadiosunun erməni xidməti – Azatutyun mənbələrə istinadla yazır.

Mənbələrin dediyinə görə, ötən həftə Avropa Şurasının siyasət və təhlükəsizlik komitəsi belə bir layihəni qəbul edib, yanvarın 16-da isə onu müşahidə missiyaları ilə məşğul olan komitə təsdiqləyib.

Bu dəfə missiyanın Ermənistanın bütün ərazisində müşahidəçilik edəcəyi bildirilir. Oktyabrda isə 40 nəfərlik missiya iki aylığa Azərbaycanla sərhədə yerləşdirilmişdi. Budəfəki missiyanın da silahsız olacağı deyilir.

Missiyanın prioriteti

Neçə müşahidəçinin gələcəyi konkret bəlli deyil. Azatutyun bu missiyada 200-dək avropalı mütəxəssisin olacağını yazır.

“Onların prioriteti Ermənistanın sərhədyanı və konfliktin təsir göstərdiyi rayonlarında insidentlərin, bu rayonlarda yaşayanlar üçün təhlükənin azaldılması və bununla da Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün əlverişli şəraitin yaradılmasıdır”, – komitə bildirib.

Aİ-nin Xarici İşlər Nazirliyinə tövsiyə olunub ki, yaxın günlərdə xüsusi fəaliyyət planı hazırlasın, missiyanın təhlükəsizliyinin hansı vəsaitlə təmin olunacağı, risklərin necə dəyərləndiriləcəyi, hansı müdafiə vasitələrinin təqdim olunacağı, gərəkərsə, müşahidəçilərin evakuasiyasının necə təşkil olunacağı göstərilsin.

Ermənistan hakimiyyətinin təqdim edəcəyi dəstəyin konkretləşdirilməsi də təklif olunur. Brüssel özəlliklə Yerevanın avropalıların Rusiya hərbçiləri arasında kontaktlar, insidentlərin tənzimlənməsi üçün məsuliyyəti götürəcəyinə güvənir.

Əliyevin narazılığı

Rəsmi Bakı iki aylıq missiyadan fərqli olaraq bu missiyanı təsdiqləməyib. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, oktyabrın əvvəlində Praqa görüşündə 40 nəfərlik missiya üzrə razılıq əldə olunub:

“Ancaq sonra nədənsə bu danışıq, yəni, bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik. Necə ola bilər? Bir müddət sonra Avropa İttifaqının yüksəkvəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın?

Əliyev onu da demişdi ki, Aİ bu addımıyla təhlükəsizliyə töhfə vermir, Ermənistanla Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışırlar şübhə altına qoyur.

“...Əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni, danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa”, – Əliyev vurğulayıb.

Paşinyanın dedikləri

Rəsmi Yerevan isə Aİ missiyasının rolunu və əhəmiyyətini dəfələrlə qeyd edib. Baş nazir Nikol Paşinyan bir neçə ay öncə deyirdi ki, bu missiya nəinki təhlükəsizliyə töhfə verdi, həmçinin Ermənistanla Azərbaycan arasında sərhədi faktiki müəyyənləşdirdi.

“Əgər sərhəd müəyyənləşməsəydi, Aİ, yaxud hər hansı başqa müşahidə missiyası gələ bilməzdi. Ona görə də belə bir missiya gəldisə, sərhədin haradan keçdiyini gördümü? Onlar öz fəaliyyətləri nəticəsində dərin nəticələr çıxarmalı və bu nəticələri delimitasiya prosesində iştirak edən rəsmilərin, eləcə də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdırlar”, – Paşinyan noyabrda İctimai Televiziyaya müsahibəsində vurğulayıb.

Fevralın 20-də başlanacaq

Aİ missiyasının Ermənistana gələn ay gələcəyi, fevralın 20-də işə başlayacağı gözlənir. Yekun qərar gələn bazar ertəsi – yanvarın 23-də Aİ xarici işlər nazirlərinin Brüssel görüşündə veriləcəkj.

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də, Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbi kontingenti yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya edilməyib.

Ötən ilin sentyabrında sərhəd toqquşmalarında 300-dək hərbçi həlak olub. Ermənistan Azərbaycanı öz suveren ərazisinə girməkdə ittiham etsə də, Bakı sərhədlərin müəyyənləşdirilmədiyini bildirib.

XS
SM
MD
LG