Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Azərbaycanda tibbi gərəklər anbarda istifadəsiz saxlanılır


'Dərman mafiyasının başında kimlər durursa…'
Gözlə

No media source currently available

0:00 0:08:07 0:00

'Dərman mafiyasının başında kimlər durursa…'

Azərbaycanda tibbi gərəklər anbarda istifadəsiz saxlanılır

Hesablama Palatası Səhiyyə Nazirliyinin yanında İnnovasiya və Təchizat Mərkəzində audit yoxlaması aparıb. Adıçəkilən qurumun 2020-2021-ci illərdəki maliyyə-təsərrüfat fəaliyyəti audit edilib. Bu maliyyə nəzarəti tədbiri toplam 228 milyon 100 min manat vəsaiti əhatə edib. Həmin vəsaitin 202 milyon 500 min manatı dərman vasitəsi, tibbi ləvazimat və materiallarının alınmasına xərclənib. Bu müddətdə 18 milyon 700 min manat tibbi gərəklərin alınmasına sərf edilib. Daha 17 milyon 600 min manat məbləğində dərman vasitəsi, tibbi ləvazimat və avadanlığı beynəlxalq qurum və istehsalçılar əvəzsiz qaydada adıçəkilən quruma verib. Audit nəticəsində İnnovasiya və Təchizat Mərkəzində bir çox nöqsanlar aşkarlanıb.

İstifadəsiz qalacaqsa, niyə alınıb?

Hesablama Palatasının auditində ortaya çıxan məqamlardan biri alınan məhsullara dair proqnozların düzgün hazırlanmamasıdır. Tələbat proqnozlarının əsaslı şəkildə hazırlanmaması ucbatından bəzi hallarda illik tələbatdan daha çox dərman alınıb. Gerçək tələbat müəyyənləşdirilməyib və paylanışda nəzərə alınmayıb. Nəticədə xəstəxanalarda bir xəstəyə düşən vəsait məbləği gözəçarpan dərəcədə fərqlənib. Deməli, büdcə vəsaitləri səmərəsiz xərclənib.

Alınan tibbi avadanlıq, inventar və ehtiyatlar yararlı müddətləri bitənədək anbarlarda istifadəsiz saxlanılıb. İnnovasiya və Təchizat Mərkəzi buna 2018-2021-ci illərdə 3 milyon 343 min manat sərf edib. Bunlarla yanaşı, 2018-ci ildə mərkəzə humanitar qaydada verilmiş 623 min manat dəyərindəki hemodializ avadanlığı da istifadəsiz saxlanılıb.

Təlimatlar Azərbaycan dilinə çevrilməyib?

Hesablama Palatasının auditi dərman məhsulları ilə bağlı çatışmazlıqları da üzə çıxarıb. Palatanın açıqlamasında bildirilir ki, İnnovasiya və Təchizat Mərkəzi hüquqi aktların tələblərini pozaraq 1 milyon 200 min manat məbləğində dərman vasitəsinin istifadə təlimatlarını Azərbaycan dilinə çevirməyib. Digər tərəfdən, bəzi hallarda eyni molekulyar tərkibi, ancaq fərqli qiymətləri olan dərmanlara daha ucuz qiymət qoyulmayıb. Bu da daha çox vəsaitdən istifadəyə yol açıb. İlboyu mərkəzləşmiş xərclərdən proqram və tədbirlərin təminatı üçün dərman vasitələrinin alınmasına vəsait yönəldilib. Beləcə, müalicə-profilaktik müəssisələrin təminatında risklər formalaşıb.

Dərman bahalaşmasa da, Tarif Şurası qiyməti artırıb

Hesablama Palatasının açıqlamasında diqqətçəkən məqamlardan biri də Tarif Şurasıdır. Azərbaycanda bəzi dərman məhsullarının qiymətini Tarif Şurası tənzimləyir. Dərmanlar bahalaşarkən Şura bu addımını çox vaxt o məhsulların dünya bazarında bahalaşmasına bağlayır. Di gəl, Hesablama Palatasının açıqlamasından aydın olur ki, bu, heç də hər zaman belə deyilmiş. Məsələn, 75 adda dərman üzrə 19-57 faiz aralığında daha baha qiymət müəyyənləşdirilib, 44 adda eyni dərmanın 81 faizində qiymət azalsa da, onlardan 4-ündə bu azalma fonunda tarif artırılıb, 67 adda dərmanın qiyməti sabit qalsa da, Tarif Şurası onları ucuzlaşdırıb.

Hesablama Palatasının fikrincə, İnnovasiya və Təchizat Mərkəzi qiymət intizamına nəzarət etməyib. Obyektiv iqtisadi səbəb olmadan bir sıra hallarda daha baha qiymətə mallar alınıb. Eyni dərman vasitəsinə eyni ildə fərqli vəsaitlər ödənildiyi hallar da var. Qurumlar üzrə məlumatların müqayisəsi də göstərib ki, adıçəkilən Mərkəz, bəzi hallarda isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və TƏBİB eyni dərman vasitəsi üçün daha yüksək qiymətə müqavilələr bağlayıb.

Qurum tibbi avadanlıq və iddiaçılara tələbləri də düzgün müəyyənləşdirməyib. Bağlanmış müqavilələrdə avadanlığın dəyəri və göstəriləcək xidmət haqqı ayrı-ayrılıqda deyil, toplam məbləğ kimi qeyd edilib. Avadanlıq ölkəyə gətirilərkən gömrük rəsmiləşdirilməsi zamanı da nöqsanlara yol verilib. Məsələn, avadanlığın özəllikləri göstərilməyib, bəzi hallarda bir neçə avadanlıq bir yerdə və ya tam vahid kimi deyil, ayrı-ayrı hissələrlə gətirilib və beləcə, audit sübutlarının toplanması imkanları məhdudlaşdırılıb.

Materiallar Baş Prokurorluğa göndərilib

Hesablama Palatası açıqlamasında bildirib ki, nəzarət tədbirinin nəticəsi olaraq, yol verilmiş nöqsanlar üzündən artıq ödənilmiş 2 milyon 200 min manat dövlət büdcəsinə bərpa edilib. Eyni zamanda, İcbari Tibbi Sığorta və TƏBİB tərəfindən Mərkəzlə müqayisədə daha yüksək qiymətlərin tətbiq olunduğu hallar həmin qurumlara bildirilib. Audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlər və cinayət tərkibi əlamətlərinin olma ehtimalı nəzərə alınaraq auditin nəticələri barədə materiallar Baş Prokurorluğa göndərilib.

XS
SM
MD
LG