Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:38

Rusiya-Ukrayna savaşı Azərbaycanda siqaret istehsalçılarını çətin duruma salıb


Bakıda siqaret qadağası: çayxanalara gileyli, çəkməyənlər sevinclidir
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Bakıda siqaret qadağası: çayxanalara gileyli, çəkməyənlər sevinclidir (Arxiv. 2018)

Son dövrlər ölkədə bəzi siqaret markalarını mağazalarda tapmaq çətinləşib. Azərbaycanda iri siqaret istehsalçılarından "Tabaterra" QSC mediaya açıqlamasında siqaret istehsalı ilə bağlı çətinlikləri təsdiqləyib. Həmin şirkət toplam 100-dən çox çeşid olmaqla, yerli, o cümlədən dünyanın ən iri istehsalçıları olan "British American Tobacco", "Japan Tobacco International", "İmperial Tobacco Group" kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal edir. Qurumun açıqlamasında bildirilir ki, lisenziya əsasında buraxılan beynəlxalq məhsulların istehsalı üçün tələb olunan xammallar bu ilin martınadək həmin şirkətlərin Ukraynada yerləşən fabriklərindən təchiz edilirdi. Ukraynada başlanan savaş ucbatından həmin xammallar regionda yerləşən digər ölkələrdən, əsasən, Türkiyədən gerçəkləşdirilir: "Bildirmək istərdik ki, (mağazalarda tapılmayan markalar) "Sobranie" və "Winston" ticarət markaları "Japan Tobacco International" şirkətinə məxsusdur. Bildiyiniz kimi, hazırda regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb etmişdir".

Şirkət bunu da bildirib ki, artıq Ukraynadakı təchizatçı şirkətlərə Türkiyədə alternativ tapılıb və yaxın vaxtlarda yeni təchizatçı şirkətlərdən xammal gətiriləcək.

Azərbaycanın Ukraynadan siqaret asılılığı

Dövlət Statistika Komitəsinin araşdırmasına görə, Azərbaycanda yaşı 15-i aşan kişilərin 31.6 faizi, yəni təxminən hər üç kişidən biri siqaret çəkir. Ən yüksək göstərici 45-64 yaşarası kişilərdədir. Bu yaş qrupundakı kişilərin tən yarısı siqaret istifadəçisidir. 20-44 yaş arasındakı kişilərin 26 faizi, 65 yaşdan yuxarı kişilərinsə 33 faizi siqaret çəkir. Deməli, ölkənin siqaret bazarındakı problemlər milyonlarla vətəndaşa təsirsiz ötüşmür.

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda 14 milyard 351 milyon ədəd siqaret istehsal edilib. Bu siqaretlərin 316 milyon ədədi ixrac edilib. Tütün məhsullarının ixracında əsas istiqamət Belarus və Rusiyadır. İdxala gəlincə, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən il boyunca ölkəyə 91 milyon dollar dəyərində tütün və tütün məhsulları gətirilib. Bunun toplam idxalda payı 0.78 faiz olub. Azərbaycana 2021-ci ildə hazır tütün məhsullarının 70 faizi Ukraynadan gətirilib. Ötən il Azərbaycan Ukraynadan 12.1 milyon dollar dəyərində 483 milyon ədəd siqaret idxal edib.

İlk baxışdan görünür ki, gətirilən siqaretin miqdarı yerli istehsal həcmiylə müqayisədə elə də çox deyil. Ancaq nəzərə almaq lazımdır ki, yerli istehsal dediyimiz məhsulların da hazırlanmasında xammal kimi idxal edilmiş məhsullardan istifadə olunur.

Azərbaycan Ukraynadan emal edilmiş çəkməli tütün də alır. Ötən il bu məhsulun toplam idxalının dəyər ifadəsində 98 faizi, say olaraqsa 97 faizi Ukraynanın payına düşüb. Oradan 4 min 467 ton tütün alınıb. Həmin dövrdə fermentləşdirilmiş tütünün (tütün məmulatının istehsalı üçün təbii və texnoloji prosesi keçmiş tütün yarpağı nəzərdə tutulur) yerli istehsalı 4 min 237 ton olub. Deməli, Azərbaycanda ilk baxışdan siqaret istehsalında əsas payın daxili istehsal hesabına təmin olunduğu görünsə də, əslində, daxili istehsal xammal baxımından Ukrayna bazarından ciddi asılıdır. Onu da qeyd etmək lazımdır ki, Ukraynanın özündə tütün istehsalı bir o qədər geniş yayılmayıb və həmin ölkə daha çox bu məhsulu yetişdirən ölkələrdən alaraq emal edir, sonra da üçüncü ölkələrə satır. Ukrayna tütün məhsullarının ixracından təxminən yarım milyard dollar qazanır.

İstehsal çətinləşir, vergi artır

Siqaret bazarında vergilərin artması da diqqət çəkir. Nazirlər Kabinetinin qərarına görə, bu il aprelin 13-dən başlayaraq tərkibində tütün və tütün əvəzləyicisi olan siqaretlərin aksiz dərəcəsi min ədəd üçün 43 manatdan 46.5 manata, eyni zamanda, istehlak olunan tütün və tütün məhsullarının aksiz dərəcəsi min ədəd üçün 12.9 manatdan 14 manata qaldırılıb. Dövlət Statistika Komitəsinin sonuncu məlumatına görə, bu ilin aprelində Azərbaycanda siqaretlərin orta bazar qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz bahalaşıb.

XS
SM
MD
LG