Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:41

Paşinyan: Sülh gündəliyi məğlubiyyət gündəliyi deyil


Nikol Paşinyan və Araik Harutyunyan Yerevanda görüşür. 29 aprel 2022
Nikol Paşinyan və Araik Harutyunyan Yerevanda görüşür. 29 aprel 2022

Münaqişənin tənzimlənməsindən ilk növbədə Dağlıq Qarabağ və onun xalqı faydalanacaq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 29-da Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Araik Arutyunyanla görüşündə deyib.

“Buna görə də danışıqları gizli aparmaq sadəcə məntiqi deyil, bunu təsəvvür eləmək sadəcə mümkün deyil”, – Paşinyan vurğulayıb.

“Müharibə dəhşətlərinin öhdəsindən gəlmək”

Baş nazir ötən həftə hökumətin iclasında demişdi ki, 2020-ci il noyabrın 9-dan bəri Dağlıq Qarabağın tənzimlənməsinə dair bircə layihə, yaxud onun qaralama variantı masa üstündə olmayıb. Bundan bir neçə gün sonra Arutyunyan bildirib ki, indiki mərhələdə Dağlıq Qarabağın statusu üzrə sənəd müzakirə olunmur.

Arutyunyan daha sonra sülh gündəliyini qəbul etdiklərini, amma “Artsax (Qarabağ) ermənilərinin öz müqəddəratını təyin etməklə bağlı hüququnun tanınmasında qeyd- şərtə və güzəştə yer olmadığını” söyləyib.

Paşinyanın sözlərinə görə, sülh gündəliyi heç də “məğlubiyyət gündəliyi” deyil.

“Sülh gündəliyi – müharibə dəhşətlərinin, postmüharibə çətinliklərinin öhdəsindən gəlinməsi, xalqın təhlükəsizliyi, hüquq və gələcəyinin təmin olunması gündəliyidir”, – Paşinyan vurğulayıb.

Əliyev Qarabağdakı ermənilərdən müsbət mesajlar gəldiyini deyir

Azərbaycan Prezidenti İlham Əliyev isə aprelin 29-da Bakıda beynəlxalq konfransda deyib ki, Qarabağda yaşayan ermənilərdən müsbət mesajlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb.

“Bu, bir daha bizim niyyətimizin təzahürüdür. Onlar vahid Azərbaycan dövlətində iqtisadi inkişafda iştirak edə, özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Amma bunun üçün ilk növbədə separatizm meyllərinə son qoymalı, reallıqları anlamalıdırlar... Düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər. Bunun da faydasını görəcəklər”, – deyə Prezident Əliyev qeyd edib.

Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa edib. Həmin il noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanata əsasən döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bu il aprelin 6-da isə prezident İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb. Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirmişdi.

XS
SM
MD
LG