Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Moskvanın danışıqlardakı mövqeyi yumşalıb? - Qərb mediası


Ukrayna və Rusiya nümayəndələri Belarusda keçirilən danışıqlarda (Arxiv fotosu)
Ukrayna və Rusiya nümayəndələri Belarusda keçirilən danışıqlarda (Arxiv fotosu)

The Finacial Times yazır ki, bunlar Ukraynanın “demilitarizasiyası”, “denafikisasiyası” və rus dilinin müdafiəsi məsələləridir

Moskva Kiyevlə danışıqlarda artıq Ukraynanın “denasifikasiyasında” israr etmir və Ukraynanın neytrallığını saxlamaqla Avropa İttifaqına üzv olmasına qarşı çıxmır.

Bu barədə “dörd anonim mənbəyə” istinad etdiyini bildirən The Financial Times qəzeti yazır.

Hazırda Moskva ilə Kyev arasında gedən danışıqlarda Ukrayna NATO üzvlüyündən imtina etməsi müqabilində təhlükəsizlik qarantiyası və Avropa İttifaqına üzvlük istəyir.

Qəzet yazır ki, saziş layihəsində Rusiyanın üç ilkin tələbi yoxdur.

Bunlar Ukraynanın “demilitarizasiyası”, “denasifikasiyası” və rus dilinin müdafiəsi məsələləridir.

Lakin FT yazır ki, Ukrayna və onun Qərb müttəfiqləri Rusiya prezidenti Vladimir Putinin niyyətlərinə skeptik yanaşırlar.

Onlar narahatdırlar ki, Putin danışıqlar prosesinin uzanmasından Rusiya qoşunlarının yeni hücuma hazırlanması üçün istifadə edə bilər.

Ukrayna danışıqlar heyəti üzvlərindən David Araxamiya The Financial Times qəzetinə deyib ki, tərəflər təhlükəsizlik qarantiyaları və Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələlərində razılaşmaya yaxındırlar, lakin o, bu danışıqlarda böyük irəliləyişə nail olunacağına inanmır.

“NATO-nun 5-ci maddəsinə yaxın”

İndiyədək müzakirə olunan razılaşma layihəsində Moskva Ukraynanın nüvə silahı istehsalından çəkinməsini, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsindən və NATO-ya üzvlük niyyətlərindən imtina etməsini tələb edir.

Bunun müqabilində Ukraynaya veriləcək təhlükəsizlik qarantiyası 11 ölkə - Rusiya, Çin, ABŞ, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Polşa, Tükiyə və İsrail tərəfindən imzalanmış sənədlə təmin olunmalıdır.

Araxamiya bildirib ki, bu qarantiyalar NATO-nun Nizamnaməsindəki 5-ci maddəyə yaxındır.

Bu maddə NATO-nun bir üzvü üzərinə hücuma bütün qalan üzvlərin reaksiyasını tələb edir.

Rusiya və Ukrayna arasında danışıqların yeni raundu martın 29-30-da Türkiyədə keçirilməlidir.

Danışıqlar bundan əvvəl Belarus ərazisində, daha sonra isə videoformatda keçirilib.

FT yazır ki, Moskva və Kiyev Türkiyə danışıqlarında Ukrayna ərazisində hərbi əməliyyatlara fasilə verilməsi məsələsini də müzakirə etməlidirlər.

Məqalədə xatırladılır ki, Rusiya qoşunlarının Ukraynadakı hücumları son günlərdə dalana dirənib.

Putinin sözçüsü Dmitri Peskov martın 28-də Interfax agentliyinə deyib ki, Moskva hazırda danışıqlar prosesində “tərəqqidən” danışa bilməz, çünki bu danışıqlar prosesinə “ziyan vura bilər”.

Peskov təəssüflə bildirib ki, indiyədək keçirilmiş danışıqlarda əhəmiyyətli irəliləyiş olmayıb.

XS
SM
MD
LG