Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:56

Ağ ev hələ Rusiyaya sanksiya açıqlamayıb


"DNR" döyüşçüsü
"DNR" döyüşçüsü

Ağ ev Ukraynanın şərqindəki iki regiona ticarət və investisiya sanksiyaları qoyduğunu, fevralın 22-də əlavə tədbirlərin açıqlanacağını bildirib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçıları tanıyandan, bu regionlara ordu yeritmək qərarını açıqlayandan sonra qlobal səhm bazarlarlnda indekslər düşüb, neft bahalanıb.

Rusiya mediası yazır ki, Dövlət Duması və Federasiya Şurası fevralın 22-də yığışaraq Putinin “müstəqilliyi tanımasını” ratifikasiya edəcək.

***

Fransa, Almaniya, Britaniya, Avstraliya, Yaponiya və digər ölkələrin liderləri Putinin hərəkətlərini pisləyiblər.

Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Co Bayden arasında müzakirədən sonra kanslerin idarəsi bildirib ki, liderlər “bu addımın cavabsız qalmayacağı” haqda razılığa gəliblər.

NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, Putinin hərəkəti “Ukraynanın suverenliyi və ərazi bütövlüyünə daha da zərbə vurur, münaqişənin həllinə yönəlik cəhdləri aşındırır, Rusiyanın tərəf olduğu Minsk Razılaşmalarını pozur”.

Avropa İttifaqının iki aparıcı rəsmisi – Ursula von der LeyenŞarl Mişel Putinin separatçıları tanımasını “beynəlxalq hüququn abırsızcasına pozulması” adlandırıb.

Rusiyanın müttəfiqi Çin isə ilkin reaksiya kimi neytral mövqe sərgiləyib. BMT-dəki səfir Janq Jun Təhlükəsizlik Şurasında bildirib ki, Ukraynadakı vəziyyət “bir çox kompleks faktorların nəticəsi”dir.


***

Qərb liderlərinin Moskvanı ciddi nəticələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqində separatçıların nəzarətində olan iki regiona ordu yeridib.

Putin fevralın 21-də Donetsk və Luqanskın müstəqilliyini tanımaqla bağlı qərarını elan edib, daha sonra ordu yeridilməsi haqda fərman imzalayıb. Bu addım Qərb liderləri tərəfindən dərhal pislənilib.

Fərmanlar dərhal qüvvəyə minib.

“Aşkar hücum”

Putinin aylardır Ukrayna ilə sərhədə döyüş qüvvələri yığması Birləşmiş Ştatlar və Avropanın diplomatik addımları gücləndirməsinə səbəb olmuşdu. Onlar Rusiya liderini qonşusunu işğal etməkdən çəkindirməyə çalışırdılar.

ABŞ-ın Dövlət katibi Entoni Blinken Putinin regionları tanımaq qərarını “Ukraynanın suverenliyi və ərazi bütövlüyünə aşkar hücum” adlandırıb, bunun “Rusiyanın diplomatiyaya sadiqlik iddialarına birbaşa zidd olduğunu” vurğulayıb.

Putinin qərarından sonra Qərb liderləri yenidən zəngləşməyə başlayıblar.

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski, Almaniyanın Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makronla birgə reaksiyanı götür-qoy edib.

Fevralın 22-də əlavə sanksiyalar açıqlanacaq

Ağ ev Ukraynanın şərqindəki iki regiona ticarət və investisiya sanksiyaları qoyduğunu, fevralın 22-də əlavə tədbirlərin açıqlanacağını bildirib.

ABŞ-ın Dövlət katibi Entoni Blinken fevralın 21-də tvitində yazıb ki, Putinin qərarına “dərhal və qəti cavab verilməlidir, tərəfdaşlarımızla koordinasiyalı şəkildə müvafiq addımlar atacağıq”.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild qurumun Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə deyib ki, “sabah Birləşmiş Ştatlar Rusiyaya beynəlxalq hüququn, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün aşkar pozulmasına görə sanksiyalar tətbiq edəcək”.

Ağ evin sözçüsü Jen Psakinin sözlərinə görə, Ukraynanın separatçıların əlində olan ərazilərinə “ABŞ vətəndaşlarının investisiya qoyması, ticarəti, maliyyə ayırması qadağan ediləcək”.

Amma Ağ ev Rusiyanın özünə hər hansı sanksiya bəyan etməyib. ABŞ administrasiyasının aparıcı rəsmisinin sözlərinə görə, Ağ ev belə bir qərar verməzdən öncə Rusiya ordusunun hərəkətlərini öyrənəcək.

Rusiya fevralın 22-də səhərədək Ukrayna ətrafına yığdığı 150 minədək qoşunun hansısa hissəsini iki regiona yönəltməyib.

Separatçıların Ukraynadan evakuasiya etdikləri sakinlərin sərhəddə başlarına gələnlər
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Sərhəd məsələsi

Separatçıların liderləri Donetsk və Luqansk vilayətlərini bütünlükdə öz əraziləri hesab etsələr də, yalnız müəyyən hissələrə nəzarət edirlər.

Putin bu iki regionda tanıdığı sərhədləri açıqlamayıb. Bu məsələ Qərbin Rusiyaya sanksiya tətbiqi üçün vacib element sayılır.

Ağ ev dəfələrlə bildirib ki, Rusiya Ukrayna ərazisinə daha çox girərsə, ağır iqtisadi cərimələr tətbiq edər.

ABŞ-ın aparıcı rəsmisi eyham vurub ki, separatçıların nəzarətində olan regionlara Rusiya əsgərlərinin yerləşdirilməsi yeni işğal sayılmaya bilər, çünki Rusiya hərbçiləri illərdir həmin ərazilərdədir.

Federasiya Şurası sənədlərə bu gün baxacaq

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının sədr müavini Andrey Klimov deyib ki, Moskva separatçıların əlində olan əraziləri tanıyacaq.

Onun sözlərinə görə, Federasiya Şurası fevralın 22-də iki regionun müstəqilliyinin tanınması ilə bağlı sənədləri nəzərdən keçirəcək.

2014-cü ilin fevralında Ukraynanın Rusiyapərəst prezidenti Viktor Yanukoviç devriləndən sonra Rusiya Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb, onlara pul, silah, əsgər göndərib.

Son səkkiz ildə münaqişədə 13 min 200-dən çox insan öldürülüb.

Ukrayna və Rusiya “Minsk sazişləri” adlı iki sənəd imzalayıblar. Amma bu sənədləri tərəflər fərqli təqdim ediblər.

Rusiya iki region üçün geniş muxtariyyət, Ukraynanın xarici siyasət qərarlarına, o cümlədən NATO üzvlüyünə veto hüququ istəyib. Kiyev isə bunu rədd edib.

XS
SM
MD
LG