Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:22

Paşinyan Azərbaycan ordusunun Ermənistan ərazisinə girdiyini deyir


Nikol Paşinyan
Nikol Paşinyan

"Ermənistan ordusunun dörd mövqeyi mühasirədə qalıb"

Ermənistanın Təhlükəsizlik Şurası noyabrın 15-də bəyanat yayıb. Bəyanatda deyilir ki, dünən – noyabrın 14-ü saat 13:00-da Azərbaycanla sərhədin şərq hissəsində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri zirehli texnikanın köməyi ilə Ermənistan ərazisinə giriblər. Nəticədə Ermənistan Silahlı Qüvvələrinin dörd döyüş mövqeyi mühasirədə qalıb.

Məlumata görə, danışıqlar nəticəsində Azərbaycanın hərbi texnikası və əsgərləri Ermənistan ərazisini tərk ediblər. Amma Ermənistanın dörd döyüş mövqeyinin bölmələri də həmin ərazidən çıxarılıb. Hazırda həmin əraziyə mayda daxil olmuş Azərbaycanın hərbçiləri qalmaqdadır.

Bu ilin mayında Ermənistan Azərbaycanı öz ərazisinə girməkdə suçlasa da, Azərbaycan sadəcə sərhəd mövqelərini möhkəmləndirdiyini bildirdi.

Təhlükəsizlik Şurası Rusiyanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və beynəlxalq ictimaiyyətin diqqətini baş verənlərə yönəldir. Qurum vəziyyətin dinc yolla həllinin, sərhədlərin beynəlxalq vasitəçiliklə demarkasiyası və delimitasiyasının vacibliyini vurğulayır. Təhlükəsizlik Şurası həmçinin, ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla hərtərəfli həlli istiqamətində cəhdləri artırmağa çağırır.

XİN Ermənistana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Təhlükəsizlik Şurasının iclasında Baş nazir Nikol Paşinyanın söylədiklərinə münasibət bildirib. O deyib ki, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi və bir sıra məsələlərə görə tədbirlər görülüb: "...Noyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundakı Azərbaycan ordusunun mövqelərini atəşə tutması, habelə noyabrın 14-də iki dövlətin sərhədinin Laçın rayonunu istiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq Azərbaycan tərəfindən müvafiq tədbirlər həyata keçirilib".

O vurğulayıb ki, Azərbaycan hərbçiləri ölkənin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər: "Həmçinin xatırladırıq ki, mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Amma o, tədbirlərin konkret nədən ibarət olduğunu açıqlamayıb.

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir

Ermənistanın Baş naziri Nikol Paşinyan deyir ki, Azərbaycan Silahlı qüvvələri Ermənistanın şərq sərhədinin bir hissəsini tutublar. Paşinyan bunu bu gün – noyabrın 15-də Təhlükəsizlik Şurasının iclasında deyib.

O, iddia olunan hərbi irəliləmənin nə vaxt, harada, hansı şəraitdə baş verdiyini açıqlamayıb, yalnız məsələnin dünəndən Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə olunduğunu söyləyib.

Azərbaycan rəsmiləri hələlik, bu informasiyaya münasibət bildirməyiblər.

“Dünəndən bu və digər formatlarda bir neçə görüş və müzakirəmiz olub. Müzakirələrin mövzusu Azərbaycan hərbçilərinin Ermənistan-Azərbaycan sərhədinin şərq hissələrində faktiki olaraq Ermənistan Respublikası ərazisinə girməsi olub. Bugünkü toplantının məqsədi müzakirələrimizi yekunlaşdırmaq, baş verən hadisələr haqda ictimaiyyəti tam bilgiləndirməkdir”, – Paşinyan deyib.

Baş nazir Arşak Karapetyanın müdafiə naziri postundan uzaqlaşdırıldığını, baş nazirin müavini Suren Papikyanın onun yerinə təyin olunduğunu açıqlayıb. Onun sözlərinə görə, qərar “dünəndən baş verən hadisələrin təhlilinin nəticəsi olaraq” qəbul edilib.

Ərazi itkisi?

Həftəsonundan Azərbaycan-Ermənistan sərhədində müxtəlif insidentlər haqda açıqlamalar verilib. “Azatutyun” bəzi məlumatlarda Azərbaycan əsgərlərinin irəlilədiyinin iddia olunduğunu yazır. Ancaq rəsmi Yerevan bu günədək hər hansı ərazi itkisini etiraf etməyib.

Paşinyan Təhlükəsizlik Şurasının iclasında Karapetyana müdafiə naziri kimi işinə görə təşəkkür edib. O deyib ki, “hazırkı durum müdafiə nazirini dəyişmək qərarına gəlməyimə səbəb olub”.

Rəsmi bəyanata görə, Təhlükəsizlik Şurasının iclasında Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin mövcud vəziyyətlə bağlı hesabatı dinlənilib. Paşinyan deyib ki, şura üzvləri “vəziyyəti təhlil etməli, təhlükəsizliyimiz, ərazi bütövlüyümüz və suverenliyimizin qorunması üçün müxtəlif istiqamətlərdə hərəkətlərimizlə bağlı qərar verməyə çalışmalıdır”.

Ermənistanın müdafiə naziri dəyişib

Ermənistanın Müdafiə naziri Arşak Karapetyan vəzifəsindən kənarlaşdırılıb.

Prezident idarəsinin bu gün – noyabrın 15-də yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyanın təklifinə əsasən Prezident Armen Sarkisyan Karapetyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı fərman verib.

Paşinyanın başqa bir təklifi əsasında prezident baş nazirin müavini Suren Papikyanı yeni müdafiə naziri təyin edib. Papikyan bundan öncə baş nazirin müavini vəzifəsindən çıxarılıb.

Rəsmilər bu qəfil vəzifə dəyişikliyinin səbəbini izah etməyiblər.

Bu dəyişiklik Ermənistan-Azərbaycan sərhədində iki günlük atəşkəs pozuntuları ilə bir vaxta təsadüf edir. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Ötən həftə Qarabağda bir erməni öldürülüb, üçü yaralanıb. Erməninin atdığı qumbaradan isə üç azərbaycanlı əsgər xəsarət alıb.

Ötən həftə Karapetyan Dağlıq Qarabağa iki günlük səfər etmişdi.

Azərbaycan Ermənistanla atəşkəsin bir illiyində Karapetyanın səfərini kəskin tənqid etmişdi. Rəsmi Bakı bu səfərin atəşkəsin şərtlərini pozduğunu “regionda sabitsizliyi pozmaq” cəhdi adlandırmışdı.

Papikyan 2018-ci il “məxməti inqilabı”ndan sonra Paşinyan hökumətində bir neçə aparıcı vəzifədə olub. 35 yaşlı siyasətçi hərbidə işləməyib.

Xatırlatma

Ötən il 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadıqları ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası ilə hələ başlamayıb.

Son günlər Ermənistanla Azərbaycan arasında hərbi gərginlik qızışır. Tərəflər bir-birini atəşkəsi pozmaqda, təxribat törətməkdə ittiham edirlər.

XS
SM
MD
LG