Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:18

Eldar Həsənov: 'Şöbə müdiri xəbər göndərib ki...'


Eldar Həsənov
Eldar Həsənov

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov sentyabrın 17-də məhkəmədən xərəkdə aparılıb. Bu olay Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb.

"Hansı tapşırıq aldığınızı da bilirəm"

Məhkəmə iclasının əvvəlində Həsənov bildirib ki, son dörd gündə sağlıq durumu kəskin pisləşsə də, xəstəxanaya köçürülmür. Onun sözlərinə görə, həkimlər də stasionar müalicəyə ehtiyacı olduğunu deyib, hospitala köçürülməsini istəyiblər. Amma məhkəmə təkidlə həftədə iki dəfə iclas keçirir, onu bu vəziyyətdə gəlib-getməyə məcbur edirlər: "Belə insani münasibət olmaz. Hüquq başqa, insanlıq başqa...".

Keçmiş səfirin işinə baxan hakim Əfqan Hacıyev deyib ki, onun xəstəxanaya köçürülməsi üçün ekspert rəyi olmalıdır. Belə bir rəy isə yoxdur.

"Təcridxanaya ekspertiza həkimləri gəldi, xəstəliyimi, qəbul etdiyim dərmanların adını bilmədən kənardan baxıb getdilər. Sonra da rəy verdilər ki, Eldar Həsənovun təcridxanada qalmasına etiraz etmirik. Mən məhkəmədən də ədalət, obyektivlik gözləmirəm. Amma, möhtərəm hakim, ədalətinizi və vicdanınızı itirməyin. Hamı bunu bilir, şöbə müdiri mənə xəbər göndərib ki, "Eldarın oradan meyiti çıxacaq". Tapşırıq gəlibsə, sizdən nə gözləyim? Hansı tapşırıq aldığınızı da bilirəm..." , – keçmiş səfir belə deyib.

"Həmin şəxs mənə tabe olub?"

Səfirliklər üçün binaların alınması ittihamından danışan Həsənov bildirib ki, əmlakların alınmasıyla bağlı səlahiyyət Azərbaycan Xarici İşlər Nazirliyində olub. Nazirlik müqaviləni təsdiqləyəndən sonra pul köçürülüb.

Həsənov vurğulayıb ki, səfirin layihələrə ayrılan vəsaitlərə müdaxilə etməyə ixtiyarı olmayıb: "Tutaq ki, istintaq hansısa layihədə yeyinti olduğu qənaətinə gəlib, bəs niyə araşdırmır ki, bu layihəni kim icra edib, pulu kim mənimsəyib? Xarici İşlər Nazirliyi pulun kimə ayrıldığını açıq yazıb göndərib. Həmin şəxs mənə tabe olub?".

Məhkəmənin gedişində Həsənovun durumu pisləşib. Bu üzdən vəkili onun ev dustaqlığına buraxılması haqda növbəti dəfə vəsatət qaldırıb. Amma məhkəmə yenə "yox" deyib.

Sabiq səfirin vəziyyəti məhkəmə prosesini davam etdirməyə imkan verməyib. Məhkəməyə özəl xəstəxanalardan birindən Təcili Tibbi Yardım çağırılıb. Həkimlər Həsənovu məhkəmə binasında oksigen balonuna qoşublar. Onlar bildirib ki, bu vəziyyətdə məhkəmə qarşısına çıxarılması mümkün olmayacaq. Ardınca onu məhkəmə binasından aparıblar.

Xatırlatma

1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan Eldar Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb.

O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Həsənovun ittiham olunduğu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG