Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:41

Yandex Rusiyanın Amazon-una çevrilir – Qərb mediası


Yandex sürücüsü
Yandex sürücüsü

“The Financial Times” qəzeti Rusiyada Yandex şirkətinin pandemiya dövründəki fəaliyyətindən yazır. İndi Moskvanın qadağalarla dolu həyatında bu şirkətə məxsus sarı jiletli kuryerlərə tez-tez rast gəlinir.

Martdan bəri Yandex istifadəçilərinin sayı 75 faiz artıb, rusiyalılar ondan axtarış, bloq qurmaq, video platformalar üçün istifadə edirlər.

Yandex-in indiyədək məşğul olduğu iki əsas biznes sahəsinə – onlayn reklam və takti xidmətinə dəyən ziyanı şirkət indi digər biznes sahələrini sınaqdan keçirməklə kompensasiya etməyə çalışır. Şirkət rəhbəri Greg Abovsky qəzetə müsahibəsində deyib.

"Rusiyanın Amazonu”

Yandex çox vaxt Rusiyanın Google axtarış mühərriki adlanır. Amma son illər Yandex taksi biznesində Uber-lə rəqabətə girişmişdi. Bundan başqa şirkət 1 milyard dollarlıq elektron ticarət saytı yaradıb, bu portalı “Rusiyanın Amazonu” adlandıranlar olub, Alexa tipli virtual, Alisa adlı assistenti də var. Yandex hələ özünün video striminq platforması olan Kinopoisk də yaradıb.

“Qadağalar yumşaldılan kimi Yandex-in artım səviyyəsi sürətlənəcək. İstifadəçilər rəqəmsal xidmətlərə daha sürətlə adaptasiya olacaqlar”, – Aton-un təhlilçisi Victor Dima deyib.

Abovsky isə qəzetə deyib ki, pandemiya Yandex-in genişlənməylə bağlı bəzi planlarını tamamilə arxa plana keçirsə də, bəzilərinə yol açıb.

Məsələn, şirkətin çatdırılması xidməti Moskvada 20 min restoranı əhatələyir. Lavka adlı yeni ərzaq çatdırma xidməti də yaradıb.

Şirkət populyar xəritələr tətbiqində “özünütəcrid indeksi”ni də işə salıb. Bu tətbiq istehlakçıların məlumatı əsasında müəyyən vaxtda küçələrdə nə qədər insan olduğunu, supermarketlərdə növbələrin uzunluğunu göstərir.

Qəzet yazır ki, Yandex-in Amazon kimi təcrid dövründə ictimai xidmət göstərməyə başlaması onun Rusiya dövləti ilə mürəkkəb münasibətini bir daha gündəmə gətirib. Ötən il şirkətin təsis etdiyi “dövlət maraqları fondu” Kremlə əsas idarəçilik qərarlarına veto qoymaq hüququ verib, şirkətin idarə heyətinə Kreml tərəfindən iki üzv əlavə olunub. O vaxtadək belə bir narahatlıq vardı ki, Yandex səhmlərinin çoxuna malik ABŞ investorları şirkəti ələ keçirib rusiyalı istifadəçilərin məlumatlarına çıxış əldə edərlər.

Mayın 11-də Rusiyada səhiyyə rəsmiləri koronavirusa 11 min 656 yeni yoluxma halı açıqlayıblar, onlardan 94 nəfəri dünyasını dəyişib. Bununla da ölkə üzrə ümumi yoluxma sayı 221 min 344 nəfərə çatıb, ölü sayının 2 min 9 nəfər olduğu bildirilir.

XS
SM
MD
LG