Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:17

Vəkil həbsdəki cəbhəçi ilə görüşə bilməyib


Zamin Salayev
Zamin Salayev

Bugün, aprelin 27-də vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayevlə görüşmək istəyib. Amma vəkilin bildirməsinə görə, o, bu istəyini gerçəkləşdirə bilməyib.

Elçin Sadıqovun sözlərinə görə, o, lazım olan bütün sənədlərini təqdim etsə də, müdafiə etdiyi şəxslə görüşünə icazə verilməyib:

"Bu gün, aprelim 27-də Zamin Salayevlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getdim. Vəkil orderimin təsdiq edilmiş surətini əlavə etsəm də, mənə görüş verilmədi. Deyildi ki, guya mən işə baxmış və artıq hökm çıxarmış məhkəmədən məktub almalıyam. Bildirdim ki, hökm qəbul etdikdən sonra hakim belə bir məktub verə bilməz. Bundan sonra dedilər ki, guya mən orderimi Penitensiar Ximdətə verməli və oradan icazə almalıyam. Bunun qanunvericlikdə nəzərdə tutulmadığını onların diqqətinə çatdırsam da mənə yenə görüş vermədilər".

Vəkil bildirib ki, bununla onun peşə fəaliyyətinə və Zamin Salayevin müdafiə hüququna müdaxilə edilib.

Elçin Sadıqov əlavə edib ki, məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsmana şikayət göndərib.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

AXCP Salyan rayon şöbəsinin fəalı Zamin Salayev həmin rayonun polis şöbəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti ilə 2 il 3 ay azadlıqdan məhrum edilib.

Bu il aprelin 20-də Salyan Rayon Məhkəməsində hakim Ağarza Səmədov bu barədə hökm çıxarıb. Hökmə əsasən, Zamin Salayev cinayət məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib.

Həmzə Əzizov AXCP fəalına qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Zamin Salayev yanvar ayında sosial şəbəkələrdə polis əməkdaşıyla aralarındakı mübahisənin videosunu paylaşmışdı. Onların arasında Salyan sakini olan bir xanıma təcavüzdən söhbət gedirdi. Zamin Salayev polis əməkdaşını sözü gedən xanımı "bədbəxt etməkdə" suçlayırdı.

Daha sonra Zamin Salayev Bakıda polisə müqavimət ittihamıyla 30 sutkalıq həbs olunmuş, saxlanarkən polis bölməsində işgəncələrə məruz qaldığını açıqlamışdı.

Daxili İşlər Nazirliyi (DİN) isə açıqlama yayaraq həm polis əməkdaşının təcavüz etməsi, həm də Zamin Salayevin işgəncəyə məruz qalması barədə iddiaları təkzib etmişdi.

XS
SM
MD
LG