Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:23

Anticisim testləri nəyi dəyişə bilər – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Niderlandın qan donorları tədqiqat apararaq əhalinin 3 faizində yeni koronavirusa qarşı anticisim yarandığını aşkarlayıblar. Bu gün – aprelin 16-da açıqlanmış bu tədqiqat Niderland əhalisinin xəstəliyə tutulma faizini göstərir.

Milli Səhiyyə İnstitutunun (RIVM) başçısı Jaap van Dissel nəticələri parlamentdə müzakirə zamanı açıqlayıb.

Van Dissel deyib ki, 17 milyon əhalisi olan ölkədə 3 faiz bir neçə yüz min nəfər deməkdir.

Halbuki, Niderlandda indiyədək 28 min 158 nəfərin koronavirusa tutulduğu aşkarlanıb, hazırda yalnız çox yaşlılar və səhiyyə işçiləri hazırda testdən keçirilir.

Yeni qan testləri hazırlanır

Sanquin qan donorluğu xidməti elan edib ki, martın 19-dan hər həftə 10 min nümunəni testdən keçirəcək, amma sonradan nəticələrin yalnız RIVM-ə veriləcəyi bildirilib.

“Reuters” yazır ki, hazırda dünyada 2 milyondan çox insanın koronavirusa yoluxduğu bir dönəmdə anticisim testlərinin qadağaların qaldırılmasına necə yardım edəcəyi müzakirə olunmaqdadır.

Xəstəlik diaqnozu qoyan testlərdən fərqli olaraq anticisim testləri kimin yoluxduğunu və sağaldığını göstərir.

İnsan bədənində koronoviruslar daxil, bir çox xəstəlik və infeksiyalara qarşı anticisimlər yaranır. Hazırda rəsmi adı SARS-CoV-2 olan yeni koronavirusa xas anticisimlərin müəyyənləşdirilməsi üçün yeni qan testləri hazırlanır.

Bu testlər iki cür anticismi üzə çıxarır: immunoqlobulin M (IgM) və G (IgG). Bədən infeksiyalara qarşı ilkin hücum zamanı sürətlə IgM hasil edir. IgG anticisimləri daha ləng yaranır və daha uzun müddətə qalır; IgG mümkün immunitetin yarandığını göstərir.

Dəqiqlik əsasdır

Bəzi şirkətlər barmaqdan götürülən, nəticələri bir neçə dəqiqəyə bilinən testlər hazırlayırlar. Digərləri isə qan analizlərinin laboratoriyada öyrənildiyi daha dəqiq testlərə üstünlük verirlər.

“İndiki şəraitdə həssaslıq, spesifiklik və dəqiqliyin rahatlıqdan daha vacib olduğunu deyərdim”, – Kaliforniyada Stenford Tibb Məktəbindən Dr. James Zehnder deyib.

Hazırda ABŞ-da bir sıra laboratoriyaların bir neçə həftəyə hazır olacaq anticisim testləri hazırladıqları bildirilir. Amma “Reuters” yazır ki, ölkəyə nə qədər testin lazım olduğu hələlik bəlli deyil. 60-dan çox şirkət ABŞ Ərzaq və Dərman Administrasiyasını (FDA) anticisim testləri buraxmaq planları haqda bilgiləndirib.

Agentlik qeyd edir ki, bu testlər əsasında hökumətlər və şirkətlər kimin işə qayıtmasının təhlükəsiz olmasını müəyyənləşdirə bilər.

Test nəticələri mənfi, yaxud aşağı olanların infeksiyaya yoluxma riski də yuxarı hesab olunur.

Bir çox yoluxucu xəstəliklərə qarşı yaranmış anticisimlər müəyyən səviyyədə immunitetin mövcudluğundan xəbər verir. Amma yeni koronovirus anticismilə əlaqədar çox şey bəlli deyil.

Üstəlik, qızılca kimi xəstəliklərə qarşı ömürlük immunitet qazanılırsa, bəzi digər xəstəliklərdə bu immunitet zamanla azala bilir.

“Əlavə tədqiqat aparılmayınca yenidən yoluxmanın mümkün olmadığını bilə bilmərik”, – Nyu York şəhərində “The Mount Sinai” Xəstəxanasının prezidenti Dr. David Reich deyib.

XS
SM
MD
LG