Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:49

Moskva və Ankara Suriyada qarşı-qarşıya– Qərb mediası


Suriya əsgərləri İdlibə hücum zamanı
Suriya əsgərləri İdlibə hücum zamanı

Suriya rejiminin üsyançıların son istehkamı olan İdlibə hücumu doqquz illik müharibədə daha bir böyük köçkün axınına səbəb olub. “Frans Pres” yazır ki, bir neçə həftədir ərazinin intensiv bombardmanı nəticəsində xeyli sayda adam Türkiyə ilə sərhədə doğru yol alıb.

“Dekabrın 1-dən 520 min nəfər evindən didərgin düşüb, onların 80 faizi qadınlar və uşaqlardır”, – BMT-nin humanitar koordinasiya idarəsinin sözçüsü David Swanson deyib.

İdlibdə və ətrafında 3 milyon adam yaşayır

Agentlik yazır ki, 2011-ci ildə münaqişə başlanandan bu köçkün axını miqyasına görə çox böyükdür. Müharibədən qabaq Suriyanın 20 milyon əhalisi vardı, indi onun yarıdan çoxunun didərgin düşdüyü bildirilir.

Swanson deyib ki, BMT İdlib və ətraf ərazilərdə yaşayan 3 milyon nəfərin taleyindən narahatdır. Onların yarıdan çoxu başqa yerlərdəki zorakılıqlardan qaçıblar.

Son həftələr Rusiyanın və digər müttəfiqlərin dəstəklədiyi hökumət qüvvələri cihadçıların əlində olan regiona təzyiqi artırıb.

34 yaşlı Mohammad Bahjat deyib ki, ailəsi ilə birlikdə son günlər üçüncü dəfədir bombardmandan qaçmalı olur.

“Gecənin bir aləmində qaçdıq, haraya gedəcəyimizi bilmirdik. Raketin, mərminin haraya düşəcəyini bilmirsən”, – o, yük maşınında arvadı və üç oğluyla yanaşı oturaraq agentliyə danışıb.

Bazar ertəsi rejim qüvvələrinin Türkiyə hərbçilərinə zərbə endirməsi nəticəsində azı 5 türkiyəli əsgərin və 3 dinc sakinin öldürüldüyü bildirilir.

Prezident Recep Tayyip Erdogan rusiyalı həmkarı Vladimir Putinə deyib ki, Ankara Suriyanın hər hansı yeni hücumuna “qətiyyətlə” cavab verəcək.

Rusiya vs Türkiyə

“Financial Times” qəzetində David Gardner Rusiya və Türkiyənin Suriyada qarşı-qarşıya gəldiyini yazır.

Müəllifin fikrincə, cənab Erdogan Suriyanın Hələb və İraqın Mosul regionlarına keçmiş iddiaları dirçəltməyə başlayıb. Bu, ritorika da sayıla bilər, ancaq Türkiyə artıq Suriyanın şimalında mövqelərini möhkəmləndirir və bunun bir səbəbini sərhədləri boyunca kürd separatçılığı ilə mübarizəylə izah edir.

“Rusiyanın məqsədi daha sadədir. Cənab Putin Suriyadan Rusiyanın superdövlət kimi statusunu təsdiqlətmək üçün tramplin kimi istifadə edib. İndi bunun bir hissəsi olaraq Assad rejiminin ölkəyə bütövlükdə nəzarətini ələ almasını istəyir. Bu səbəbdən Moskvayla Ankara toqquşma üzrədirlər. Türkiyənin Suriyanın şimal-qərbində mövcudluğu Rusiyadan asılıdır. Ancaq şimal-şərqdə bufer zona yaratması Suriya kürdlərini Assadın qucağına atıb, bu da Rusiya və İranın xeyrinədir”, – yazan müəllif Rusiyayla Türkiyənin Liviyada vətəndaş müharibəsində də əks mövqe tutduğunu yazır. Üstəlik, Erdogan ABŞ və AB ilə də körpülərin çoxunu yandırıb. “Deyəsən, Ankara çəkə bilməyəcəyi yükün altına girib”, – məqalədə deyilir.

“Financial Times”da başqa bir yazıda bu məsələdə Türkiyənin əlində kartları olduğu deyilir, məsələn, Dəməşqə müxalif qüvvələrin qalıqları üzərində nüfuz, Suriyanın şimalına nəzarət kimi. Amma daha böyük sayda qaçqının Türkiyə sərhədinə doğru axınını önləmək, kürd silahlıların və onların siyasi müttəfiqlərinin Suriyanın gələcəyinə dair danışıqlarda rolunu məhdudlaşdırmaq Rusiyadan asılıdır, məqalədə deyilir.

Ankara “Rusiyanı tam kənarlaşdıra bilməz. Türkiyə Rusiyanın vassalı deyil, amma Moskvaya o qədər bağlıdır ki, ilk böhrandaca onunla əlaqəni kəsməsi mümkün deyil”, – Avropa Xarici Əlaqələr Şurasının əməkdaşı Asli Aydintasbas deyib.

XS
SM
MD
LG