Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Dördgünlük iş həftəsi effektivliyi 40% artırıb


İllüstrativ foto
İllüstrativ foto

Microsoft şirkəti Yaponiyada dördgünlük iş həftəsini sınaqdan keçirib və nəticədə işçilərinin özlərini daha xoşbəxt hiss etdiyi, həm də daha məhsuldar olduğu üzə çıxıb. Bu haqda “The Guardian” qəzeti yazıb.

"Microsoft Japan" avqust ayı boyunca 2 min 300 nəfərlik işçisinə cümə günləri istirahət verib, maaşlarını da kəsməyib.

Qısaldılmış iş həftələri nəticəsində iclaslar daha səmərəli keçib, işçilər özlərini daha xoşbəxt hiss edib, məhsuldarlıq 40 faiz yüksəlib. Proqramın tərkib hissəsi kimi şirkət işçilərinin ailə səyahətlərinə 920 dollar subsidiya ayırmağı da planlaşdırıb.

“Daha az işlə, yaxşı dincəl və çoxlu öyrən”, – "Microsoft Japan"in prezidenti Takuya Hirano şirkətin vebsaytında yerləşdirilən bəyanatda deyir. “İstəyirəm ki, işçilər 20% daha az işləməklə eyni nəticələri ortaya qoymaq barədə düşünüb bunu yoxlasınlar”, – o, sözlərinə əlavə edib.

Sınaq müddətində ofisdə elektrikdən 23% az istifadə olunub, işçilər 59% daha az kağız çap ediblər. İşçilərin 92 faizi qısaldılmış iş həftəsini bəyəndiklərini dilə gətiriblər.

Qəzet yazır ki, korporativ dünyada ilk dəfə deyil belə bir eksperiment aparılır. 2018-ci ildə Yeni Zelandiyada Perpetual Guardian şirkəti iki ay ərzində 240 işçisi üçün iş həftəsinin dörd günə salıb. İşçilər işlə şəxsi həyatı daha yaxşı balanslaşdırdıqlarını, ofisdə işə daha artıq diqqət ayıra bildiklərini deyiblər. İşçilərin stress səviyyəsinin 7% azaldığı bildirilib.

Adətən, işçilər deyirlər ki, ofisdə daha az vaxt keçirsələr, daha məhsuldar ola bilərlər. Robert Half HR konsaltinq şirkətinin 1500 işçi və 600 insan resursları meneceri arasında keçirdiyi sorğuya görə, işçilərin 66 faizi həftədə beş gündən daha az işləmək istədiyini deyib.

"Microsoft Japan"-dən “The Guardian”a deyiblər ki, bu, bir pilot layihə olub, dəyişikliyin digər yerlərdəki ofislərdə, yaxud uzun müddətə həyata keçirilib keçirilməyəcəyi bəlli deyil.

XS
SM
MD
LG