Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:33

Azərbaycan da izləmə və senzura texnologiyası ‘alır’ – Qərb mediası


Huawei şirkətinin kamerası
Huawei şirkətinin kamerası

Rusiya və Çin informasiyaya nəzarət modellərini, izləmə və senzura texnologiyalarını dünyanın 110 ölkəsinə yayıb. Belə texnologiyanı əldə edən, modelləri eynilə təkrarlayan ölkələr içində Azərbaycan da var. ABŞ-ın Açıq Texnologiya Fondu (Open Technology Fund) “Rusiya və Çinin informasiyaya nəzarətinin dünya toru” adlı yeni hesabatını yayıb.

Azərbaycan həm Çindən, həm Rusiyadan texnologiya idxal edir

Hesabatda qeyd edilir ki, informasiyaya nəzarət Çin və Rusiyayla əlaqələri olan hibrid və avtoritar rejimlərdə effektli şəkildə yayılır. İnformasiyaya nəzarət, onun idarə olunması texnologiya və metodları, uyğun qanunlar fəal şəkildə “Bir kəmər- bir yol” (Çin modeli) və MDB ölkələrində (Rusiya modeli) yayılır.

Hesabata görə, Rusiyanın informasiyaya nəzarət vasitələrinin 25 faizi MDB ölkələrinə ixrac olunur. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ukrayna və Özbəkistanın Rusiya texnosferinin mərkəzində durduğu vurğulanır. Bu ölkələrin hər birində onlayn izləmə qanunları qəbul olunub ki, bu da Rusiyanınkı ilə eynidir. Bu qanunların hərəsini bir cür təfsir etmək olar, ancaq hamısı dissidentlərin təqibinə iman verir. Ancaq qanunvericilik və qorxu mühiti Rusiyanın təchiz etdiyi izləmə texnologiyası olmadan effekt verməzdi, hesabatda vurğulanır.

Bundan başqa, hesabatda Azərbaycanın adı Çinin Huawei şirkətinin yaydığı texnologiyaların əhatələdiyi ölkələr sırasında da çəkilir. Buraya senzura texnologiyası, üztanıma kameraları, təhlükəsiz şəhər, hakimiyyətin şifrəli kommunikasiyaya çıxışı daxildir.

Azərbaycanın eləcə də Rusiyanın VAS Experts şirkətindən avadanlıq aldığı bildirilir. Bu şirkət telefon şəbəkələrində, səyyar və simsiz əlaqə və radioəlaqə şəbəkələrində operativ-axtarış tədbirlərinə imkan verən texniki vasitələr kompleksi (rusca qısa adı – СОРМ) satır.

Bu deyilənlərə rəsmi orqanlardan açıqlama almaq hələlik, mümkün olmayıb.

Texnologiya necə təkmilləşir

İxracın 13 ili ərzində yayılan texnologiyanın təkmilləşdiyi də qeyd edilir. Hesabatda videomüşahidə kameralarının kütləvi yerləşdirilməsi və onların üztanıma texnologiyası ilə təchizatı, nəhəng çeşiddə rəqəmsal izləmə avadanlığı, smart-kart formatında şəxsiyyətin müəyyənləşdirilməsi, hakimiyyət üçün ağıllı data bazasının yaradılması, ağıllı şəhər texnologiyası sadalanır.

Hesabatın müəllifi Valentin Weber qeyd edir ki, demokratik ölkələr bu hərəkətlərə elə bir cavab verməyiblər; bu texnologiyanın yayılmasını önləmək əvəzinə demokratik hökumətlərin özləri də həvəslə informasiyaya nəzarət avadanlığını əldə ediblər.

Müəllifin fikrincə, demokratik ölkələr vətəndaşların istifadə etdiyi individual cihaz və əlaqə vasitələrinin filtrasiya və təqib avadanlığından daha yaxşı müdafiə olunmasının qayğısına qalmalıdırlar, amma indiki durum “bunun əksini” göstərir.

Müəllif bu yaxınlarda Avstraliyada qəbul olunmuş qanunu yada salır. Bu qanun internet trafikinə nəzarəti gücləndirir, birbaşa şifrəli mesajlaşmanı məhdudlaşdırır. Bu addım daha çox avtoritar ölkələr üçün xarakterikdir.

Hesabatda deyilir ki, dünyada söz azadlığı və insan haqları ətrafında durum pisləşir. Müəllifin fikrincə, “demokratik ölkələr texnologiyadan istifadəyə avtoritar yanaşmaların genişlənməsini əngəlləməli, dünyaya göstərməlidir ki, cinayətkarlıqla mübarizə və milli təhlükəsizliyin təminatı kibertəhlükəsizliyi və internetdə vətəndaşların şəxsi həyatını zərbə altına qoymadan da mümkündür”.

XS
SM
MD
LG