Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:31

'Neft düşdü, banklar bağlandı, amma rəsmən işsiz artmadı' - Media icmalı


Xəzərdə neft platforması
Xəzərdə neft platforması

Azərbaycanın beynəlxalq mövqeyi, neftin qiyməti ətrafında baş verən proseslər və işsiz insanlar arasında ürək-damar xəstəliklərinin artması bu gün medianın aparıcı mövzularındandır...

HƏMRƏYLİK, YOXSA MƏCBURİ DƏSTƏK?

«Exo» qəzetində «Azərbaycan neftin qiymətində yenidən sıçrayış gözləməməlidir» sərlövhəli məqalə oxumaq olar. Ekspert Nəriman Ağayev qəzetə neftin hazırkı qiyməti ilə bağlı bunları deyib:

«Azərbaycan neftin qiymətinin artmasını gözləməməlidir. Hesab etməməlidir ki, neft hasilatının azalması haqda müqavilə onun qiymətinin artmasına səbəb ola bilər. Ölkə üçün neftin dəyərinin 45-55 dollar arasında olması məqbul qiymətdir, bundan artığını gözləməyə isə dəyməz. OPEC üzvü olan və ya olmayan ölkələrlə neftin hasilatının azalmasına dair müqavilə isə siyasətdir».

Yazıda bildirilir ki, Azərbaycan neft hasilatının azaldılması ilə bağlı təşəbbüsə qoşulmaqla heç nə itirmir, Azərbaycanda hasilat onsuzda azalır:

«Məsələ bundan ibarətdir ki, Azərbaycanda neft hasilatı aşağı düşüb. Buna görə də 2018-ci ilin martına kimi neft hasilatının azalması haqda qərarı dəstəkləyir və bu, dövlətin faktiki məcburi eniş etməsi deməkdir».

Ekspert İlham Şaban da deyib ki, Azərbaycan dünya neft bazarına təsiri olan ölkə deyil. Sadəcə, bu məsələdə hansı cəbhədə yer aldığını göstərir.

İ.Şaban ölkənin neft-qaz ehtiyatı sahəsindəki durumunu da təhlil edib:

«Azərbaycanın bu gün üçün əsas bloku olan «Azəri-Çıraq-Günəşli»ni götürsək, 2017-ci ilin aprelinə kimi oradan 423 milyon ton neft hasil edilib. Bütünlükdə isə yatağın ehtiyatı 1 milyard ton hesab edilir. Yəni, Azərbaycanın neft ehtiyatı ancaq 25 ilə çatır».

Ürəktutma
Ürəktutma

İŞSİZLƏR ARASINDA ÜRƏK XƏSTƏLƏRİ DAHA ÇOXDUR

«Novoye Vremya» qəzetində «İşsizlik, ölüm və statistika haqqında» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, rəsmi statistikaya görə, ölkədə çox cüzi işsiz, cəmi 5 faiz yoxsul var. Bu, heç də inandırıcı görünmür:

«Bu statistika üç il əvvəl də belə idi. Hələ iqtisadiyyatda durum əlverişli idi, devalvasiya olmamışdı, neft dəyərdən düşməmişdi, banklar, müəssisələr və mağazalar bağlanmamışdı. Amma 10-larla bank, bir çox mağazalar bağlandı. Müştəri və alıcı azlığı üzündən bir çoxları işçi sayını ixtisara saldılar. Amma rəsmən işsizlərin sayı artmır. Əmək və əhalinin sosial müdafiəsi naziri hətta bu günlərdə deyib ki, gənclər arasında işsizlik azalıb».

Müəllif hesab edir ki, işsizlik və sosial iqtisadi problemlər insanların səhhətinə də mənfi təsir göstərib. Yazıda baş kardioloq Faiq Quliyevdən belə bir sitat da gətirilir:

«Son illər Azərbaycanda ürək-damar xəstəliklərinin sayı kəskin artıb və bu xəstəliyin yayılması da sürətlənib. Hazırda ölkədə hər 1000 nəfərə 4 arterial hipertoniya xəstəsi düşür».

F.Quliyev deyib ki, xəstə müalicə olunarsa, bu kateqoriya daxilində ölüm 1 faizə enə bilər. Əks halda bu, 3-4 faiz təşkil edəcək.

Baş kardioloq vurğulayıb ki, depressiyanın nəticəsi olaraq işsizlər arasında qəfil ölüm riski 5 dəfə yuxarıdır. Onun deməsinə görə, işsizlər arasında ürək xəstələri olanlara daha tez-tez rast gəlinir.

Baş kardioloqa görə, iş axtaran insanlar, bir qayda olaraq, daxili gərginik keçirirlər. Odur ki, işsizlər arasında ölüm daha çox baş verir.

İlham Əliyev
İlham Əliyev

BEYNƏLXALQ MÖVQE

«Azərbaycan» qəzetində «Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib» sərlövhəli məqalə dərc edilib.

Yazıda vurğulanır ki, ölkə getdikcə beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmaqdadır.

Müəllifin fikrincə, Azərbaycan Cənubi Qafqazın lokomotiv dövləti, regionda əsas söz sahibidir. Bu da bəzi qüvvələrdə qısqanclıq yaradır:

«Dünyada nüfuzu durmadan artan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın gündən-günə güclənməsi bu qüvvələrin narahatlığına səbəb olur. Mötəbər tədbirlər vaxtı Azərbaycana qarşı qarayaxma kampaniyası aparan həmin anti azərbaycançı şəbəkə nəticədə fiaskoya uğrayır».

Müəllif yazır ki, Azərbaycan artıq sosial-iqtisadi deyil, bir sıra siyasi problemləri də arxada qoyur. Milli maraqlar sarıdan isə dövlət heç bir güzəştə getmir:

«Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərir».

Yazıda vurğulanır ki, son vaxtlar qeyri-neft sektorunun inkişaf etdirilməsi də ölkədə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir:

«Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır. Tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir».

XS
SM
MD
LG