Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

20 ildir müəllim işləyənin diplomu necə saxta çıxıb?


Arxiv fotosu
Arxiv fotosu

"Pensiyaya çıxmağa 5-10 il qalmış oyun çıxarırlar, guya diplomlarımız saxtaymış, 20 ildən çoxdur biz bu ‘saxta diplomlar’la şagird yetişdirmişik. İndi bizi məhkəməyə veriblər ki, işimizdən uzaqlaşdırsınlar".

Neftçala sakini Sevda Babayeva deyir, 20 ildən çoxdur ki, rayonda pedaqoji fəaliyyətlə məşğul olur. Lakin bu yaxınlarda müəllimlərin diaqnostik qiymətləndirilmə imtahanına buraxılmayanda ona səbəb kimi diplomunun saxta olduğu bildirilib:

Buna da bax:​ 1 milyonluq saxta diplom qalmaqalı direktoru xəstəxanaya saldı

50 MÜƏLLİMİ İMTAHANA BURAXMIRLAR

"1991-ci ildə rayonda fəaliyyətə başlamış, əvvəlki adı Neftçala Qızlar Gimnaziyası olmuş, sonradan isə adı Gəncə Təsərrüfat Məişət Kollecinin filialı kimi dəyişdirilmiş təhsil ocağında oxumuşam. Kollecə daxili imtahanla qəbul olmuşam, əyani, ödənişli təhsil almışam. Rayonda ibtidai sinif müəlliməsi kimi fəaliyyətə başlamışam və 20 ildən çoxdur ki, yüksək göstəricilərlə işləyirəm. Nümunəvi pedaqoq hesab olunan bir adamı diaqnostik imtahana buraxmamaq və ona diplomunun saxta olduğunu bildirmək nə deməkdir? Azərbaycanın daxili qanunları çərçivəsində imtahan verib kollecə daxil olmuşam, ödənişli və əyani təhsil almışam. Min ayının oyunu bir armudun üstündə olduğu kimi, indi üzərimizdən oyun qururlar ki, bizi işdən çıxarıb yerimizə öz yaxınlarını işə götürsünlər".

Sevda xanım deyir, ötən ilin dekabrında onunla bərabər vaxtilə kollecin məzunu olmuş əlli müəllim diaqnostik imtahana buraxılmayıb. Hazırda həmin müəllimlər də işlərini itirəcəkləri ilə bağlı gərginlik keçirirlər:

Buna da bax:​ Möhürlənən institutun ümidli tələbələri, ümidsiz müəllimləri…

"Təhsil Nazirliyi bizi məhkəməyə verib ki, diplomlarımızın saxta olduğu təsdiqlənsin və bizi işdən uzaqlaşdırsınlar. Harda görülüb ki, bu qədər adam 25 ilə yaxın pedaqoq kimi fəaliyyət göstərəndən sonra dəftər-kitabını versinlər qoltuğuna ki, "xoş getdin, diplomun saxtaymış". Axı, hamımız qanuni əsaslarla təhsil alıb gəlib müəllim işləmişik. Arxivdən sənədlər də gətirib təqdim etmişik, baxıb deyirlər ki, sənədləriniz dövlət nümunəli deyil".

“ÇÜNKİ DÜZGÜN İŞLƏYİRİK”

Müəllimə deyir, razılaşmadığı odur ki, onların sənədlərinin saxta olduğu məhz 25 ilə yaxın işlədikdən sonra bildirilib:

Buna da bax:​ 11 həkimin diplomu saxta çıxıb

"Necə müəllim olduğumuzu gəlin, valideynlərdən, məzunlardan maraqlanın. Rüşvət almırıq, uşaqlardan əlavə pul tələb etmirik, fond pulu, təmir pulu, süpürgə pulu, gül pulu yığmırıq, təbii ki, gec-tez bizi saxtakar çıxaracaqdılar, çünki düzgün işləyirik".

Neftçala rayon təhsil şöbəsindən "Qaynar xətt"ə məsələyə münasibət bildirilməyib. Qeyd olunub ki, hazırda həmin müəllimlərlə bağlı məhkəməyə müraciət olunub və son qərar da məhkəmənin olacaq:

"Təhsil Nazirliyi bu müəllimlərin diplomlarının qeyri-dövlət nümunəvi olduğunu hesab edir və məhkəməyə müraciət edilib. Diplomların araşdırılması və son söz məhkəmənindir".

XS
SM
MD
LG