Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:23

'Ölkədə qeyri-rəsmi milyarderə çevrilən məmurlar var'


Mehriban Əliyeva
Mehriban Əliyeva

Vitse-prezident institutunun yaradılması, ölkəyə gələn böyük neft pullarının taleyi və daşınmaz əmlak bazarındakı durum bu gün medianın aparıcı mövzusudur…

İNKİŞAFDA YENİ MƏRHƏLƏ

«Azərbaycan» qəzetində «Azərbaycanın siyasi-iqtisadi inkişafında yeni mərhələ» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkənin hərtərəfli inkişafında yeni mərhələ başlayıb: «Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyəti onun sosialyönümlü olmasındadır».

Müəllif qeyd edir ki, dövlət proqramları, fərman və sərəncamların icrası bu inkişafa təkan verir.

Yazıda dövlət idarəçiliyində də inkişaf baş verdiyi bildirilir. Buna nümunə kimi 2016-cı ilin sentyabrında Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum göstərilir.

Daha sonra müəllif diqqəti ölkədə vitse-prezident institutunun yaradılmasına yönəldir. Yazıda vurğulanır ki, bu islahatların məntiqi nəticəsi kimi bu il fevralın 21-də dövlət başçısı İlham Əliyev Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib.

Yazıda M.Əliyevanın deputat, Heydər Əliyev Fondunun rəhbəri, bir sıra beynəlxalq qurumların xoşməramlı səfiri kimi fəaliyyətinə də toxunulur. Ölkədə amnistiya aktlarının qəbul olunmasında, xeyriyyəçilik tədbirlərində onun xidmətləri önə çəkilir: «Qədim və zəngin tariximizin hər bir səhifəsində Azərbaycan qadının müdrikliyini və qəhrəmanlığının parlaq nümunələri olub. Mehriban xanım öz fəaliyyətində Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni mərhələ açmışdır».

Bakıda neft buruğu
Bakıda neft buruğu

NEFT MİLYARDLARI VƏ SƏFALƏT

Azadliq.info saytında dərc edilən «123 milyard dollarlıq səfalət» sərlövhəli məqalədə ölkəyə gələn böyük neft pulları ilə xalqın təzadlı həyat tərzinə diqqət çəkilir.

Müəllif yazır ki, Dövlət Neft Fondu 2001-2017-ci illərdə təkcə «Azəri-Çıraq-Günəşli» neft-qaz yataqlarından 123 milyard dollar gəlir əldə edib.

Yazıda qeyd edilir ki, ölkəyə böyük neft pulları gəlsə də, əhalinin vəziyyəti bir elə yaxşılaşmayıb. Bu il dövlət büdcəsi son 10 ilin ən kiçik büdcəsi olub. Müəllifin fikrincə, əhalinin böyük bir hissəsi isə borc bataqlığına düşüb: «Faktiki 123.1 milyard dolların varlığı xalqın taleyində hiss olunmadı. Nə maaşlar artdı, nə reallıqda iş yerləri açıldı, nə güzəştlər edildi, nə də pis ənənələrə son qoyuldu».

Müəllif hesab edir ki, bu vəsaitin böyük hissəsi yuxarıların şəxsi məqsədlərinə sərf olunub. Yazıda deyilir ki, məhz dövlət xəzinəsinin mənimsənilməsi hesabına ölkədə qeyri-rəsmi milyarderə çevrilmiş məmurlar var.

Müəllifin fikrincə, mənimsənilməyən pullar da beynəlxalq idman yarışlarına və mənasız layihələrə xərc edilib.

Yazıda rəsmi məlumatlara istinadən qeyd edilir ki, yol-nəqliyyat sisteminə 25, regionların inkişafına 36 milyard manat ayrıldığı iddia olunur: «Nəticə isə budur ki, regionlarda həyat əlaməti yox, insanlar qazanc məqsədilə paytaxta və ölkə xaricinə üz tutur. Kənar qəsəbə və kəndlərin yolları bərbad haldadır».

Müəllif yazır ki, ölkədə qiymətlər kəskin bahalaşıb, yüksək kredit faizləri əhalinin belini büküb. Təhsil haqları, kommunal xərclər artıb və xalqa «böhran» hədiyyə edilib.

Bina
Bina

TİKİNTİ SEKTORUNDA TƏNƏZZÜL

«Novoye Vremya» qəzetində «Daşınmaz əmlak bazarı 2016-cı ildə» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, tikinti işləri uzun müddət ölkə iqtisadiyyatının aparıcı sahəsi sayılırdı. Bu sahə qeyri-neft sektorunun inkişafına nümunə kimi göstərilirdi.

Müəllif vurğulayır ki, neftin kəskin dəyərdən düşməsi ilə bu sektora böyük bir zərbə dəyib.

Yazıda qeyd edilir ki, 2013-cü ildə ölkədə 2.4 milyon kv.metr mənzil sahəsi inşa edilib və həmin vaxtdan bu yana bu sektorda eniş başlayıb.

Müəllif bildirir ki, 2016-cı ildə isə cəmi 1 milyon 600 min kv.metr mənzil sahəsi istismara verilə bilib.

Yazıda qeyd edilir ki, mənzil tikintisinə çəkilən xərclər də azalıb: «Amma bu əhalinin mənzilə ehtiyacının azalması yox, alıcılıq qabiliyyətinin azalması ilə bağlıdır».

Müəllif yazır ki, bütün bunlar tikinti materialları istehsalına da ciddi zərbə vurub.

Yazıda daşınmaz əmlak bazarında qiymətlərin dollarla ifadəsində ciddi şəkildə düşdüyü bildirilir. Ümumi alqı-satqının da xeyli azaldığı qeyd edilir: «Gördüyümüz kimi, mənzil bazarında eniş davam edir. Bununla belə, vəziyyətin dəyişəcəyinin əlaməti belə yoxdur».

Müəllif qeyd edir ki, artıq iş adamları pullarını ölkədən çıxararaq Gürcüstanda və Türkiyədə tikinti sahəsinə yatırmağa üstünlük verirlər.

Yazıda bildirilir ki, xaricdə mənzil alınması halları da artıb: «Beləliklə, Azərbaycan vətəndaşları get-gedə qonşu dövlətlərin iqtisadiyyatına sərmayə yatırır, yerli iqtisadiyyat və tikinti sektoru isə ancaq dövlət dəstəyi ilə ayaqda durur. Bu durumda vəziyyətin müsbətə dəyişəcəyinə ancaq ümid bəsləmək olar».

XS
SM
MD
LG