Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:16

Şamaxı və Hacıqabulun sahibkarları təşvişdə


Mal-qara
Mal-qara

«Şamaxı və Hacıqabul rayonu ərazisində cəmi 50 min hektara yaxın qış otlaq sahələri təyinatı dəyişdirilmək adı ilə alver predmetinə çevrilib. Həmin ərazidə həm Şamaxıdan, həm də Hacıqabuldan olan 300-dən çox sahibkara, 500-dən çox ailəyə məxsus 200 min baş xırdabuynuzlu, 10 min baş iribuynuzlu heyvanın taleyi Allahın ümidinə qalib».

Bunu AzadlıqRadiosuna Şamaxı rayonu, Quşçu kəndindən olan sahibkar Zahir Məmmədli deyir.

RƏSMİ HEÇ NƏ DEYİLMİR

Ötən il noyabrın 29-da hər iki rayonun ərazisinə düşən qış otlaq sahəsindən istifadə edən sahibkarlara gələn bildirişdə xəbərdarlıq olunub ki, torpaq sahələri geri alınır. Lakin bu, hansı məqsədlə edilir, sahibkarın deməsinə görə, onlara rəsmi heç nə deyilmir: «Gah deyirlər, bu torpaqlar ərəblərə satılıb, gah deyirlər, kimdirsə, arxası gedib yuxarılara çıxır. 20 ildən çoxdur ki, hər iki rayonun sahibkarları və çobanları qanuni şəkildə – icarə müqavilələri əsasında bu örüş sahələrindən istifadə edir. Şəxsən mənim ilk müqaviləm 1997-ci ildə bağlanıb. Müqavilə müddəti bitəndən sonra növbəti müqaviləni 2029-cu ilədək bağlamışam. Bir sözlə, məmurlar biz sahibkarları tamamilə əmlaksızlaşdırıb, müflisləşdirib proletar təbəqəsi yaratmaqla məşğuldurlar».

Buna da bax-'Heyvan otardığımız ərazilərdə fındıq tingləri əkiblər'

«QƏPİK-QURUŞ ÖDƏYİRLƏR»

Sahibkar deyir, bu yaxınlarda Qobustanda vətəndaşların qəbulunu keçirən kənd təsərrüfatı naziri ilə görüşüb: «Sahibkarlarla toplaşdıq getdik, təkcə məni qəbul elədi. Mən də bax, sizə danışdığım qaydada dərdimizi ona danışdım. Dedi, narahat olmayın, halallığı veriləcək. Ondan sonra Şamaxının icra hakimiyyəti başçısının qəbulunda olduq, o da eyni sözü dedi – sizdən alınan torpaqların halallığı sizə ödəniləcək. Ödədikləri halallıqsa qəpik-quruşdur».

Sahibkar Etibar Salmanovun deməsinə görə, sahibkarları rayon icra hakimiyyətinə çağırıb örüş sahəsindən imtina etmək barədə ərizə yazdırmağa çalışırlar: «Gah dilə tuturlar, gah hədələyirlər... Bizsə tələb edirik ki, hər şey qanuni olsun. Bizi məhkəməyə verib ala bilmirlər, çünki torpaqlar dövlət ehtiyacı üçün alınmır, hansısa işadamının gözü düşüb. Ona görə də heç bir dəyərləndirmə, hesablama aparmadan, qeyri-qanuni şəkildə pul təklif edirlər. Sənədsiz- filan, deyirlər, götür bu 20-25 min manatı, get. Halbuki, bizim əmlaklarımızın dəyəri bu məbləğdən qat-qat çoxdur».

Buna da bax-Fermer: 'Eşidiblər pambıq əkmək lazımdır, ancaq necəsini bilmirlər'

YAXŞILIQLA VERMƏSƏLƏR, ZORLA ALINACAQ

Sahibkarların deməsinə görə, onlara xəbərdarlıq olunub ki, torpaqları yaxşılıqla verməsələr, zorla əllərindən alınacaq.

Şamaxı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, məsələ ilə bağlı qurumun rəhbərliyindən münasibət öyrənəndən sonra məlumat veriləcək. «Ancaq əgər belə bir məsələ varsa, yəqin ki, kompensasiyası ödəniləcək, hər şey qanun çərçivəsində olacaq», – müxbirin sualını cavablandıran aparat əməkdaşı deyib.

Kənd Təsərrüfatı Nazirliyindənsə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Sahibkarlara gələn bildirişdə göstərilib ki, torpaqlar onlardan Nazirlər Kabinetinin uyğun qərarına əsasən, onlarla birtərəfli qaydada bağlanmış müqavilə əsasında alınır.

«İCARƏYƏ GÖTÜRƏNƏ TƏKLİF OLUNMALIDIR»

Hüquqşünas Vaqif Alıyev deyir, icarəyə verilən torpaqlar özəlləşdirilərkən ilk növbədə icarəyə götürənə təklif olunmalıdır: «Bu, yəqin ki, sahibkarlarla bağlanmış müqavilədə də öz əksini tapıb. 20 aprel 2010-cu il tarixdə Milli Məclisin torpaqların dövlət ehtiyacı üçün geri alınması ilə bağlı qanununda da göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə veriləndən sonra yalnız dövlət ehtiyacları üçün geri alına bilər. Kompensasiya ödənilməsi şərtilə... Ümumiyyətlə, torpaqların geri alınması ilə bağlı qanunda göstərilir ki, bu prosesdə üç tərəf iştirak edir. İcarəyə verən icra hakimiyyəti, icarəyə götürən sahibkar və alan tərəf... Bu məsələdə isə görünən odur ki, sahibkarlara şifahi bildirilir ki, torpaqları Nazirlər Kabinetinin qərarı ilə dövlət ehtiyacları üçün alınır. Sahibkarlar bu barədə rəsmi qərarı görməyənədək o torpaqlarda qalmaq hüquqları var».

İndi azı 50 sahibkar torpaq əldən çıxarsa, 200 min baş mal-qaranı harada otaracağı barədə düşünür. «Üstəlik də, 500-dən çox ailə ac qalacaq», – deyir sahibkarlar.

Şamaxı rayonu, Quşçu kəndi. Sahibkarlara gələn bildiriş.
Şamaxı rayonu, Quşçu kəndi. Sahibkarlara gələn bildiriş.

XS
SM
MD
LG