Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:26

Qaraməryəmdə suvarma boruları kəsilib başqa yerə daşınır


Borular
Borular

«Bir qrup şəxs pay torpaqlarımıza soxularaq vaxtilə sahələrə çəkilmiş suvarma borularını çıxararaq, bizə məlum olmayan yerə daşıyırlar. Üstəlik də, əkdiyimiz məhsulları zay ediblər, əkin sahələrimizi yararsız vəziyyətə salıblar».

Qaraməryəmlilərin pay torpaqlarına gedən suvarma xətlərini kim hara daşıyır? Göyçayın bu kəndinin sakinləri suala cavab tapmaq üçün yanvarın 3-də elə pay torpaqlarının yerləşdiyi əraziyə toplaşıblar. Azı 50 kəndli suvarma xətlərinin kəsilib daşınmasına etirazını bildirib.

«ARX SUYU ÇƏKİLSİN»

Kənd sakini Səbuhi Quliyev deyir, suvarma xətlərini çıxarıb daşıyanlar etirazını bildirən kəndlilərin bəzilərini əkin sahələrinə dəymiş zərəri ödəməklə susdursalar da, bir qisim kəndli razılaşmayıb:

Buna da bax-Azərbaycanda gecələr yatmayan kənd var

«Prezident deyir, böhrandan çıxış yolu əkinçiliyi inkişaf etdirməkdədir. Kəndlinin yeganə çörək mənbəyi torpaqdır. Bunlarsa gəlib günün gündüz çağında adamların gözlərinin qarşısında əkin sahələrinə gedən su xətlərini çıxarıb daşıyırlar. Soruşanda da bələdiyyə icra hakimiyyətinin, icra hakimiyyəti bələdiyyənin üstünə yıxır. Deyən yoxdur ki, bu xətləri hara aparır, niyə aparır, kimə satmağa aparır... Əgər bunu qanuni edirlərsə, o zaman bir rəsmi göstəriş sənədi göstərsinlər. Üstəlik də, qoy həmin borunun mincə metrini yay-qış su problemi yaşayan kəndimizə su xətti çəkməyə istifadə etsinlər. Biz tələb edirik ki, məhəllələrimizə arx suyu çəkilsin, meyvə ağaclarımızı suvaraq, dolanışığımızı təmin edək, bunlarsa üstəlik, əkin sahələrimizə gedən su borularını kəsib daşıyırlar».

Səbuhi Quliyev deyir, bu torpaqlar kəndlilərin göz dikdiyi yeganə ruzi yeridir. Suvarılmasa, məhsul verməz, məhsul olmasa, ailələr ac qalar.

«ALTERNATİV SU XƏTTİ YOXDUR»

Əkin sahəsi yararsız vəziyyətə düşən və suvarmadan məhrum olan kəndlilərdən biri də Qiyas Yusifovdur. Onun sözlərinə görə, kəndlilər pay torpaqlarında, əsasən, taxıl əkiblər. Yanvarın 2-dən başlayaraq kəndlilərin, ümumilikdə, azı 500 hektarlıq pay torpağına gedən xətlər kəsilir. Ancaq bunu edənlər pay torpaqlarının sahiblərinə heç bir izahat vermirlər:

Buna da bax-Gədəbəydə 'kartof sürüşməsi'

«Bu xətlər hələ Sovet vaxtından Şirvan Su Kanalından həmin torpaqlara suvarma məqsədilə çəkilib. Torpaqlarımızı suvarmağa alternativ su xətti yoxdur. Biz torpaqlarımızı necə suvaracağıq, bilmirik».

Göyçay rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, hadisə bayram günlərinə düşdüyündən məsələni araşdırmaq mümkün olmayıb: «Kənd sakinləri tərəfindən icra hakimiyyətinə də müraciət olunub. Araşdırılacaq. Hələlik, heç bir söz deyə bilmərik».

Qaraməryəmlilər rəsmi qurumlardan məsələyə aydınlıq gətirilməsini, üstəlik, sahələrin suvarma borularının yerinə qaytarılmasını tələb edirlər.

XS
SM
MD
LG