Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:15

Ekspert: 'Büdcəni devalvasiya ilə dolduracaqlar'


Yataqxana
Yataqxana

Məcburi köçkünlərə dövlət qayğısı, «Formula-1» yarışları biletlərinin bahalığı və növbəti devalvasiya gözləntiləri bu gün medianın aparıcı mövzusudur...

MƏCBURİ KÖÇKÜNLƏRƏ DİQQƏT VƏ QAYĞI

«Azərbaycan» qəzetində «Məcburi köçkünlərin sosial rifahı yeni iqtisadi inkişaf strategiyasında da əsas prioritetlərdəndir» sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, hazırda böhran bütün dünya iqtisadiyyatını silkələyir. Bunun Azərbaycan iqtisadiyyatına isə cüzi təsirləri var.

Müəllifə görə, bu fonda Azərbaycan yeni şəraitə uyğun, daha çevik iqtisadi siyasət yürütmək əzmindədir: «Qeyd olunan xüsusda prezident İlham Əliyevin imzaladığı «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında» fərman yeni hədəfləri müəyyən edir. Burada diqqət mərkəzində yer alan əsas məqamlardan biri də əhalinin sosial rifah halının yüksəldilməsi və mənzil-məişət probleminin həlli ilə bağlıdır».

Məqalədə deyilir ki, bu xüsusda məcburi köçkünlər də unudulmayıb. Müəllifə görə, bu kateqoriyadan olan şəxslər «güzəştli mənzil sistemi»ndən yararlana biləcəklər.

Müəllif yazır ki, son 13 ildə məcburi köçkünlərin yemək xərci ilə bağlı müavinətlər 4 dəfə, kommunal xidmətlərlə bağlı ödənişlər isə 4.5 dəfə artırılıb: «Strateji Yol Xəritəsinin reallaşması ilə qarşıdakı dövr ərzində məcburi köçkünlərin sosial rifah halının daha da yüksəlməsi gözlənilir».

Formula-1. Karikatura
Formula-1. Karikatura

BİR BİLET DƏYƏRİNDƏ OLMAYAN VƏTƏNDAŞ

Azadliq.info-da ««Formula-1» bileti qədər dəyərimiz olsaydı» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, 10 minlərlə ailələrin evsiz olduğu vaxtda belə bir yarışa ev sahibliyi etmək başa düşülən deyil.

Yazıda Təşkilat Komitəsinin satışa çıxardığı biletin yerli əhalidən ötrü baha olduğu qeyd edilir. Müəllif bildirir ki, ən bahalı biletinin qiyməti 690 manatdır: «Amma bu ölkədə minimum əməkhaqqı 136 manatdır. Bununla nəinki yaşamaq, heç ölmək də mümkün deyil. «Formula-1» biletinin qiyməti vətəndaşın yaşamağı üçün müəyyən edilmiş məbləğdən 6 dəfə çoxdur. Bu, həm də onun etirafıdır ki, ev sahibliyi etdiyimiz yarışlara evdəkilərin baxması qadağandır».

Yazıda vurğulanır ki, əslində, vətəndaş bu yarışları izləmək həvəsində deyil. Çoxları dərk edir ki, bu yarışlara xərclənən pullar ölkəni daha da ağır vəziyyətə salacaq və yalnız bir qrup insanın cibi dolacaq.

Müəllif hesab edir ki, mövcud hakimiyyət həmişə xalqın yox, yadların yanında hörmətli olmaq istəyib. Yazı müəllifinə görə, xalqın ac qalması, intiharın artması qətiyyən bunları narahat etmir. Əks halda, qəpiyə güllə atanların ölkəsində mənasız yarışlara milyardlar xərclənməzdi. ««Formula-1» biletinə biçilən dəyər qədər vətəndaşa dəyər verilsəydi, bu gün nə intiharlar, nə kredit bataqlığı olardı. Bəli, müəllim, həkim təqaüdçü 690 manat ala bilsəydi, yaşamaq bir az asan olardı. İndi sahibsiz yarışlara ev sahibliyi edən ölkənin vətəndaşları, «Formula-1» bileti qədər dəyərli olmaq arzusundadır».

Müəllif yazır ki, bu illər ölkəyə böyük neft pulları gəlib. Ancaq həmin pullar bir neçə nəfərin hesablarına axıdılıb. Xalq isə getdikcə müflis günə qalmaqdadır.

Əkrəm Həsənov
Əkrəm Həsənov

KƏSKİN DEVALVASİYA GÖZLƏNİLİR

«Yeni Müsavat» qəzetində isə «Manat dəyərsizləşməsini gözləyir, bəs hökumət?» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, hazırda manat ciddi təzyiq altındadır. Bu günlər dolların faiz dərəcəsinin yüksəldilməsi, bir sıra zəif valyutalar kimi, manata də təsir etməkdədir.

Yazıda qeyd edilir ki, artıq əksər bank dollar satmaqdan imtina edib.
Müəllif belə bir sualla ekspertlərə üz tutur: Neft Fondu hərracda dollar satışını davam etdirəcəkmi?

Ekspert Əkrəm Həsənov bu ilin sonuna kimi Neft Fondunun bazara valyuta çıxarmayacağını düşünür: «Neft Fondu nə qədər vəsait ayırmalı idisə ayırıb. Bu ancaq nəzəri baxımdan mümkündür, amma bu addımı gözləmirəm. Çünki büdcəni doldura bilmək üçün ilin sonunda devalvasiyanın qaçılmaz olduğunu hər kəs bilir. Əgər Fond bazara valyuta çıxararsa, bu, yalnız dövlətə ziyan edər».

Ə.Həsənov deyib ki, banklar dollar satmaqdan yayınmaqla gözlənilən devalvasiyadan qazanmaq istəyirlər. Ekspert vurğulayıb ki, Strateji Yol Xəritəsində də gələn ildən tam üzən məzənnə siyasətinə keçiləcəyi qeyd edilib: «Buna görə də, Neft Fondu ilə Mərkəzi Bank dollar satışını daha sonraya saxlamaqla daha çox gəlir əldə etməyi hədəf götürüblər. Elə banklar da əllərində olanı satmır və məzənnənin qalxacağının fərqindədirlər. Hamı oturub kəskin devalvasiya gözləyir. Odur ki, ilin sonuna növbəti kəskin devalvasiya olsa, təəccüblənmərəm».

Ekspert Natiq Cəfərli də kəskin devalvasiyanın gözlənilən olduğunu deyib. O da qarşıdakı günlərdə Neft Fondunun hərraca lazımı qədər pul çıxaracağına inanmır: «Banklarda çox ciddi problem yaşanır, təklif azdır, tələb həddindən artıq çoxdur. Son zamanlar hərraclara çıxarılan dolların həcmi kifayət qədər azalıb, ölkənin ehtiyacını ödəmir».

XS
SM
MD
LG