Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:36

'Hasarımı uçurtdular, evimizə giriş-çıxışı bağladılar'


Sökülən ev
Sökülən ev

«Evin ətrafını hasara aldılar ki, söksünlər. Dünənsə həyətin hasarını uçurub öz ərazilərinə qatdılar. Deyirlər, «buranı almışıq, bizimdir». 105 kvadratlıq evə, 100 kvadratlıq həyətə görə cəmi 250 min manat təklif edirlər. Halbuki, bu evin yerində 16-mərtəbəli bina tikib o pulu bircə mənzilindən qazanacaqlar. Mən də demişəm ki, sənədli mülkümü su qiymətinə satmıram. Ancaq zorla sökürlər».

Nərimanov rayonu, Təbriz küçəsi 41, mənzil 1-də yaşayan Ülvi Şirinov «Qaynar xətt»ə danışır ki, noyabrın 30-da ərazidə hündürmərtəbəli bina tikmək istəyən şirkət hasarını uçurub. Dekabrın 1-də isə səhər saatlarından iş gedir. Hazırda uçurulmuş hasarın yeri təmizlənir. Ailə evi tərk etmək istəmir. Ancaq şirkət ərazini dağıdaraq, hasarlayaraq ailəni çıxılmaz durumda qoyub.

«POLİS DEYİR, BİZLİK DEYİL»

Ülvi Şirinovun sözlərinə görə, rəsmi qurumlar kənardan tamaşa edir: «Polis gəldi-getdi, arada 1-2 gün söküntünü dayandırdı. Ancaq sonra polis də dedi, «mülki işdir, bizlik deyil». İcra hakimiyyəti heç yaxın gəlmir. Şirkət həm mülkümüzü dağıdır, həm də həyatımızı təhlükə altında qoyub. Fövqəladə Hallar Nazirliyinə xəbər vermişik, gəlib çıxmır».

Mənzil və həyətyanı sahə sənəd üzərində 78, faktiki 205 kvadratmetrdir. Üstəlik, həyətdən çölə açılan, daşdan tikilmiş bir ticarət obyekti də var. Ülvi Şirinov deyir, faktiki sahənin də sənədləşdirilməsi üçün vəkili lazımi sənədləri toplayaraq rəsmi qurumlara müraciət edib. Şirkətsə sənədsiz sahələrə kompensasiya ödəməkdən imtina edir: «Biz bu ərazidə 4 qonşu idik. 3 qonşu 1-2 il öncə razı salındı, köçdü getdi, bizə çatanda dedilər, pulumuz yoxdur. İndi də bizi kirayə çıxartmaq istəyirlər. Nə qədər özbaşınalıqdırsa, hansısa şirkət gəlib deyir, «çıx get burdan kirayə, mən burda bina tikirəm, pul qazanıram. Nə vaxt pulum olsa, sənə də verərəm»».

«BİNA TİKİNTİSİNƏ SƏRƏNCAMI VAR»

Ülvi Şirinov deyir, ən pisi odur ki, mülkünü sökən şirkətin rəhbərliyindən heç kəs ailə ilə əlaqəyə girmir. Bütün söhbətləri fəhlələrə nəzarət edən iş icraçısı aparır. O isə deyir ki, «mən icraçıyam, nə deyirlərsə, onu da edirəm».

Şirkətlə əlaqə saxlamaq mümkün olmasa da, Nərimanov rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə məsələyə münasibət bildirilib. Qurumdan deyilib ki, «Estal Construction» şirkətinin ərazidə hündürmərtəbəli bina tikintisinə sərəncamı var. Hər işi qanuni olduğundan qurum məsələyə müdaxilə edə bilmir: «Vətəndaşın məhkəməyə müraciət hüququ var. Getsin, məsələni məhkəmədə qaldırsın. İndiyə kimi niyə qaldırmayıb, maraqlıdır».

Hüquqşünas Vaqif Alıyev də tək çıxış yolunu məhkəməyə müraciətdə görür.

XS
SM
MD
LG