Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:27

Yevlax xəstəxanasında nigaran xəstə


Yevlax Şəhər Mərkəzi Xəstəxanası
Yevlax Şəhər Mərkəzi Xəstəxanası

«Həkimlərdən şikayət etdiyimə görə hər gün hədələnirəm». Bunu AzadlıqRadiosuna Yevlax sakini Sənan Ələkbərov deyir. Danışır ki, bu il noyabrın 17-də səhhətində problem yaranıb və ailə üzvləri təcili tibbi yardım çağırıb. Yevlax rayon təcili tibbi yardım stansiyasından həkim briqadası gəlib. Ona «Relanium» iynəsi vurulsa da, huşu özünə qayıtmayıb. Həkimlər onu Yevlax Şəhər Mərkəzi Xəstəxanasına götürüblər. Ancaq durumunun ağır olmasına baxmayaraq, xəstəxana onu geri qaytarıb:

«Evdən aparanda ailəmə bildiriblər ki, belə xəstələr mütləq həkim nəzarətində qalmalıdır. Ancaq qəbul şöbəsinin həmin gün növbədə olan tibb bacıları və həkimlər ailə üzvlərimə xəstəxanada yer olmadığını deyiblər. Məni müxtəlif üsullarla ayıldaraq ailə üzvlərimə qaytarıblar. Halbuki, stasionar rejimdə müalicə almalıydım. Beləcə, məni ayıltdıqlarına görə 10 manat»zəhməthaqqı» alıb zorla xəstəxanadan çıxarıblar».

«CANDƏRDİ XƏSTƏXANAYA QƏBUL ETDİLƏR»

Sənan Ələkbərov söyləyir ki, huşu özünə qayıtsa da, bədəninin sol tərəfini hiss etməyib. Həkimlərin onu bu durumda xəstəxanadan çıxarmalarından rayondakı hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra onu xəstəxanaya qəbul ediblər. Hazırda travmatologiya şöbəsində yatır. Ancaq deyir, baş həkim onu hədələyir:

«Həkimlərdən şikayət etdiyim üçün məni candərdi xəstəxanaya qəbul etdilər. Baş həkim İlham Quliyev hər gün palataya gəlib məni hədələyir ki, «bizdən şikayət etmisən, gör başına nə oyun açacağam». Hazırda bu baş həkimin və onun tabeliyindəki həkimlərin əlindəyəm. Hələ də sol tərəfimi hiss etmirəm. Dəqiq diaqnoz da qoyulmayıb. Vurduqları iynə, verdikləri dərmanlar nədir, bilmirəm. Soruşanda da demirlər. Bu xəstəxanadan salamat çıxacağıma ümidim azdır. Çünki şikayətçi olduğum və açıq-aşkar məni hədələyən həkimlərin əlindədir».

Yevlax Şəhər Mərkəzi Xəstəxanasından «Qaynar xətt»ə bildirilib ki, Sənan Ələkbərov xəstəxanaya noyabrın 17-də daxil olub və hazırda stasionar müalicə alır: «Hər yerə yazır. Araşdırılıb, yazdıqlarının heç biri təsdiqini tapmayıb. Deyir, «jurnalistəm, başınıza oyun açacağam». Həkimləri şantaj edir. Həkim onu sağaltmaqla məşğuldur, yalandan səs-küy salıb ki, həyatıma təhlükə var. Belə davam etsə, biz də hüquqi addımlarımızı atacağıq».

XS
SM
MD
LG