Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:09

İlyarımdı telefonu təmirə verib, geri ala bilmir


Telefon
Telefon

«1 il 6 aydır ki, təmirə verdiyim mobil telefon «Smartcommunications Service» MMC-nin işçiləri tərəfindən yoxa çıxarılıb. Özümə də konkret bildiriblər ki, «telefonun itib, hara istəyirsən, şikayət edirsən et, bizlik deyil». Mən də onların bu sözündən sonra İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmişəm. Həmin Xidmətdən də açıq-aşkar bildiriblər ki, «əlimizdə min dənə iş var, sənin telefonunun dalınca düşəsi deyilik ki...»».

Ceyhun Məhərrəmov AzadlıqRadiosuna danışır ki, ötən il martın 30-da «Lenovo S850» markalı mobil telefonunu Nizami küçəsi, 147B ünvanında yerləşən Mobil Texniki Servisə (MTS) təmirə təqdim edib və əşyanın təmirə qəbul olunması barədə sənəd alıb. Ona 1 həftədən sonra servisə yaxınlaşıb telefonu təmir olunmuş vəziyyətdə geri götürməsini tapşırıblar.

«NEYLƏMƏK OLAR, YOXDUR»

Vaxt tamam olanda və Ceyhun servisə yaxınlaşanda bildiriblər ki, filial bağlandığından bütün telefonlar MTS-in «Gənclik» metrostansiyası yaxınlığındakı filialına verilib. Ancaq Ceyhun həmin filialda da heç kəsi tapa bilməyib. Məlum olub ki, bu filial da bağlanıb. Bu dəfə onu «Smartcommunications Service» MMC-yə yönləndiriblər. Burada müştəriyə bildirilib ki, əşya onlardadır və 1 həftəyə gəlib götürə bilər. Həftənin tamamında müştəri «Smartcommunications Service» MMC-yə təkrar gəldikdə isə, ona telefondan əlini üzməsini məsləhət görüblər: «Əvvəl istədilər təmirə telefon verdiyimi dansınlar. Dedilər, «sən təmirə telefon-filan gətirməmisən». Yaxşı ki, sənədi itirməmişdim. Təqdim etdim, bir də axtardılar, tapmadılar. Dedilər, «neyləmək olar, yoxdur»».

Ceyhun Məhərrəmov «yoxdur» cavabına qane olmayıb və İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib: «Mənə oradan Tural Abbasov adlı əməkdaş zəng vurdu, bildirdi ki, şikayətimi o araşdıracaq. Bəzi suallar verdi, cavablandırdım. Bununla da söhbətimiz bitdi. Bir müddət sonra əlaqə saxladım, dedi, «əlimdə min dənə işim var, səninçün telefon axtarmalı deyiləm ki...».

«YA TELEFON ALIB VERSİNLƏR, YA DA…»

Ceyhun Məhərrəmov bu dəfə Xidmətin əməkdaşının hərəkətlərindən İqtisadiyyat Nazirliyinə şikayət edib. Bundan bir neçə gün sonra Xidmətin başqa bir işçisi onunla əlaqə saxlayaraq şikayəti geri götürməsini xahiş edib: «Dedi, «sizin şikayətiniz əməkdaşımıza baş ağrısı olacaq. Narahat olmayın, telefonunuz tapılacaq». Mənsə bildirdim ki, bu onların vəzifəsidir, onlardan artıq heç nə tələb etmirəm. Bahalı telefonumu sənədlə-sübutla Servisə təqdim etmişəm, dalınca gedəndə deyiblər, «itib». Ya zəhmət çəkib o telefondan alıb versinlər, ya da dəyərini ödəsinlər, yəni vətəndaşın tələbi bu qədər sadədir».

Xidmət əməkdaşı problemin tezliklə həll olunacağını vəd etsə də, şikayətçinin deməsinə görə, hələ də nəticə yoxdur.

İqtisadi İnkişaf Nazirliyindən «Qaynar xətt»ə bildirilib ki, Ceyhun Məhərrəmovun Xidmətin əməkdaşı ilə bağlı şikayəti araşdırılıb və təsdiqini tapmayıb. Bu barədə onun özünə də rəsmi məktub göndərilib.

«TƏDBİR GÖRMƏK MÜMKÜN DEYİL»

Xidmətdən isə bildirilib ki, Ceyhun Məhərrəmovun şikayəti əsasında «Smart Communications Service» MMC-yə sorğu göndərilib. Oradan cavab verilib ki, telefon «MTServices» MMC tərəfindən təmirə qəbul edilib. Ancaq MMC fəaliyyətini dayandırdıqda təmir üçün buraya verilmiş telefonlar qarşılıqlı razılaşma əsasında «Smart Communications Service» MMC-yə təhvil verilib. Həmin telefonların arasında Ceyhun Məhərrəmova məxsus telefon olmayıb. «MTServices» MMC fəaliyyətini dayandırdığından hər hansı tədbir görmək mümkün deyil.

Vəkil Vaqif Alıyev deyir, belə vəziyyətdə müştəri məhkəməyə müraciət etməlidir:

«Əşyanın təmirə təhvil verilməsi barədə əlindəki sənəd vətəndaşa məhkəməyə müraciət imkanı yaradır». Hüquqşünasın deməsinə görə, əgər şirkət fəaliyyətini dayandırıbsa, o, iddia ərizəsində əşyanı ondan təhvil almış əməkdaşın ünvanını da göstərə bilər.

XS
SM
MD
LG