Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Hökumət-QHT Dialoqu Platforması yaradılıb


Azay Quliyev
Azay Quliyev

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasını təsis etdiyi bildirilir.

«Turan»ın xəbərinə görə, sentyabrın 9-da keçirilən təsis toplantısında vətəndaş cəmiyyəti təmsilçiləri, hökumət nümayəndələri, Milli Məclisin üzvləri iştirak edib.

Təsis toplantısı şuranın sədri Azay Quliyevin sədrliyi ilə keçirilib. O deyib ki, dialoq, əməkdaşlıq hər zaman cəmiyyətə faydalıdır. Bir çox məsələni dialoq yolu ilə həll etmək olar.

Toplantıda elan edilib ki, Platforma informasiya əldə edilməsi, şəffaflıqla bağlı hökumət və parlamentlə əməkdaşlıq edəcək. Hökumətin apardığı islahatlar üzrə tövsiyələr verə biləcək.

Platformanın həmçinin, «Açıq Hökumət» Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində hökumətin hazırladığı fəaliyyət planının həyata keçirilməsini monitorinq edəcəyi bildirilir.

Platformaya üzvlüyün bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçilərindən ötrü açıq olacağı elan edilib.

Buna da bax-Q.İbadoğlu: 'Sərt qaydalar xarici donorları qorxudur'

Platformada Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Vüsal Hüseynov, «ASAN Xidmət», Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin nümayəndələri təmsil olunur.

Azay Quliyev bildirib ki, «bu gündən QHT-hökumət əməkdaşlığı yeni mərhələyə qədəm qoyacaq».

Təsis toplantısında iştirakçılar Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə memorandumu imzalayıblar.

«Açıq Hökumət Təşəbbüsü» 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı toplantısında qəbul edilib. Hazırda adıçəkilən sənədi 70 ölkə imzalayıb.

Azərbaycan bu sənədə ilkin qoşulmaq istəyənlər sırasında olub, 2012-ci ildə təşəbbüsə qoşulub. 2016-cı ilin mayında Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi Azərbaycanın bu qurumdakı statusunu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Buna səbəb kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətlər, bütün vətəndaş cəmiyyəti spektrini əhatə edən platformanın olmaması göstərilib. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilib.

Azərbaycan bu quruma daxil olan ölkələr arasında tamhüquqlu üzvlük statusunu itirən yeganə ölkədir.

XS
SM
MD
LG