Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:28

Nico Rosberg: «Tualetlərin sayını artırsınlar»


Formula-1
Formula-1

-

Azərbaycanda «Formula-1» hələ çox keçiriləcək; Pharrell Williams-ın bir neçə sözü; Çinin Cənubi Qafqaz yolu Gürcüstandan keçir – 21 iyun Qərb mediasının icmalı.

Bazar günkü uğurlu yarışma göstərdi ki, Azərbaycan gələcəkdə uzun müddətə «Formula-1» keçirə bilər. Bunu Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov «Reuters» agentliyinə deyib.

Agentlik yazır ki, Bakıda keçirilən Avropa Qran-prisi gözləndiyindən daha az həyəcanlı oldu, amma Rəhimov əsas məqsədin Bakını dünya televiziya izləyicilərinə təqdim etmək olduğunu və bu məqsədə də çatıldığını söyləyib.

«Bu, uğurdur. Hamıdan xoş sözlər eşitmək, doğrudan, əla şeydir. Pilotlar, komandalar, «Formula-1» menecmenti… hamı həqiqətən xoşbəxtdir, hamı bu tədbirlə fəxr edir. Bunu bacardıq», - Rəhimov deyib.

«Bu il əldə etdiyimiz uğuru saxlasaq, bunun uzunmüddətli tədbir olacağından əminəm. Təqvimdə özünə yer etmiş Monako və Montsa kimi yaxşı oyun keçirəcəyik».

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov jurnalistlərə deyib ki, müqavilə beş illikdir, ancaq uzadıla bilər.

«Reuters» yada salır ki, kampaniyaçılar «Formula-1»i ölkədə insan haqlarının durumuna diqqət çəkməyə çağırırdılar. Prezident İlham Əliyevin tənqidçiləri onu narazıları susdurmaqda suçlayır, ölkə başçısı isə bunu təkzib edir.

Təşkilatçılar gələcəkdə yarışmanın Bəhreyn və Sinqapurdakı kimi gecə keçirilməsindən ötrü projektorlar quraşdıra bilərmi? Rəhimovun sözlərincə, bu, gündəmdə deyil.

«Reuters» yazır ki, təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, komandalar yarışmanı müsbət dəyərləndiriblər.

«Əla bir həftəsonu keçirdik», - «Red Bull»un rəhbəri Christian Horner deyib. «Qurğular əlaydı, halqa adama meydan oxuyurdu… Məncə, «Formula-1» təqviminə yaxşı bir əlavə olundu».

«Mercedes» komandasından qalib Nico Rosberg də təhlükəsizlik sarıdan narahatlıq bildirmişdi. Ancaq deyib ki, təşkilatçılar yaxşı işləyiblər, bircə tualetləri gərək çox edəydilər.

«Bu həftəsonu uzun-uzadı növbədə dayanmalı oldum. Tualet sayını artırsaydılar, yaxşı olardı», -o, agentliyə bildirib.

Pharrell Williams
Pharrell Williams

PHARRELL WILLIAMS-IN BİR NEÇƏ SÖZÜ

Eurasianet.org saytında Giorgi Lomsadze müğənni Pharrell Williams-ın Bakıdakı çıxışında azadlıq çağırışları etməsindən yazır.

Müğənni izləyiciləri gənclərə görə «səs-küy qaldırmağa» çağırıb, bu uşaqların gələcəkdə təkcə Azərbaycanda deyil, bütün dünyada dəyişiklik edəcəyini deyib.

«Fəallar deyirlər ki, Bakıda çıxış edən müğənnilərin insan haqlarına toxunmasından ötrü çox mübarizə aparıblar. Beynəlxalq insan haqları təşkilatlarının birləşdiyi «Hüquqlar uğrunda İdman» koalisiyası bildirir ki, «Formula-1» çərçivəsində Bakıya səfər edən müğənnilər bu repressiv postsovet respublikasını dəyişikliyə səsləmək çağırışlarını rədd edib. Koalisiyanın koordinatoru Rebecca Vincent deyir ki, ümumiyyətlə, məşhurları Azərbaycanda insan haqları məsələsinə cəlb etmək tarixən çətin iş sayılıb», - məqalədə oxuyuruq.

«Chris Brown və Enrique Iglesias çağırışlarımızı tamamilə gözardı etdilər. Onların menecerlərindən heç bir cavab almadıq. Çıxışlarında da ölkədəki durum barədə kəlmə də kəsmədilər. Bu, əsl utanc yeridir, çünki onlar Azərbaycan rejiminin təbliğat maşınının bir hissəsinə çevrildilər», - xanım Vincent sayta deyib.

F1 menecerləri də bu məsələdə dinə-imana gəlməyib. Bircə Williams danışıb. Müəllif yazır ki, bəziləri müğənninin heç də xüsusi, sərt mesaj çatdırmadığını düşünür, yəni elə həmişə dediyini deyib. Ancaq insan haqları fəalları bu jesti dəyərləndiriblər.

Çin
Çin

ÇİNİN QAFQAZA YOLU

Gürcüstan Çinin Qafqaza aparan yoludur. Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

«Gürcüstanın Qafqazdakı mövqeyi həsəd doğurmur. Rusiya və Qərb arasında qalan əhalisi təhlükəsizlik və rifah tələb edir. Oktyabrda seçkidir və hakim «Gürcü Arzusu» koalisiyası bu tələbləri yerinə yetirmək təzyiqi altındadır, rusiyapərəst siyasi qruplar və Qərbə inteqrasiyaya skeptik yanaşan ictimai mövqeylə üz-üzədir. Rusiya təcavüzü qorxuları qalır, çoxları da düşünür ki, Qərb məqsədyönlü şəkildə Avropa Birliyi və NATO-nun üzvlüyünü əngəlləyir».

Təhlildə deyilir ki, məhz bu səbəbdən Tbilisi Rusiyaya qarşı dayana bilməkdən ötrü digər ölkələrə, özəlliklə də qonşu Türkiyə və İrana üz tutur. Onların da Moskvayla bağlı öz maraqları var.

«Gürcüstanın bir sıra yüksəkrütbəli rəsmiləri indi də başqa bir ölkəyə – Çinə yan alır. Çin burada iştirakını artırmaqla Cənubi Qafqazda üçüncü oyunçuya çevrilməkdədir. Ancaq Gürcüstanın ümidlərinə rəğmən, Rusiyayla Çin regionda bir-birinə qarşı gələn deyillər, asanlıqla əməkdaşlıq da edə bilərlər», - yazıda vurğulanır.

Hazırda Çin Gürcüstanın Türkiyə və Azərbaycandan sonra üçüncü böyük ticarət tərəfdaşıdır və Rusiyadan azacıq öndədir. 2006-cı ildə ikitərəfli ticarət 115 milyon dollardan az idisə, 2014-cü ildə 820 milyon dolları keçib. Ötən ilin martında tərəflər azad ticarət sazişi üzrə araşdırmaların başlandığını elan ediblər. Bu yaxınlarda Çinin nümayəndə heyəti Tbilisidə olub və bu da danışıqların sona çatdığını təsdiqləyib.

Çinin çoxmilyardlı «Kəmər və Yol Təşəbbüsü» Tbilisidə ümid oyadıb. Gürcüstanın Qara dəniz limanları, magistral və dəmiryol infrastrukturu Çinin Avrasiya və Avropanı birləşdirəcək ticarət ambisiyalarında dəyərli rol oynayır.

Ancaq «Stratfor» vurğulayır ki, Gürcüstan bu layihədən ancaq kiçik bir pay alacaq. Pekin regiona daha böyük diqqət ayırır. Elə son nümayəndə heyəti Rusiya, Ermənistan və Azərbaycanda da olub. Çin Gürcüstanın təhlükəsizlik orqanları ilə antiterror əməkdaşlığından başqa nəyəsə gedən deyil. Özəlliklə də, bu addımlar Rusiya ilə kəsişərsə.

XS
SM
MD
LG