Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:20

«The Washington Post» Xədicənin qələbəsindən yazır


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Tiranlar gün işığını sevmirlər; Türkiyədə ordu daha bir çevriliş edərmi? Rusiyada HIV prezervativlərlə yayılırmış – 1 iyun Qərb mediasının icmalı.

«Həbsdə 537 gün keçirən, Azərbaycanda prezident ailəsinin korrupsiyasını ifşa etdiyinə görə təqib olunmuş jurnalist Xədicə İsmayılova gün işığına çıxan kimi heyrətləndirici bir açıqlama verdi: «Araşdırmalarımı davam etdirəcəyəm. «Panama Sənədləri» üzərində işləməyi səbirsizliklə gözləyirəm. Bu işi sevirəm»». ABŞ-ın «The Washington Post» qəzeti «Xədicə İsmayılovanın insan haqları qələbəsi» başlıqlı redaksiya məqaləsində yazır ki, bu hərəkəti ilə xanım İsmayılova azadlığın yenilməzliyini və gücünü göstərdi.

«Avtoritar rəhbərlər adamları azadlıqdan məhrum edə bilərlər, ancaq heç vaxt onu tamamilə ala bilməzlər. Televiziya və radio stansiyalar susdurula, qəzetlər bağlana, internet söndürülə, jurnalistlər həbsə atıla bilər. Amma bir fərdin cəsarəti və qətiyyəti məhv edilə bilməz. Xədicə İsmayılova oxşar hökmə məhkum edilmiş hər kəsə bir ümid qığılcımıdır», - məqalədə deyilir.

Xədicə onu da deyib ki, Azərbaycan hökuməti jurnalistləri qorxutmağa, onları yüksəksəviyyəli korrupsiya və proteksionizmin araşdırılmasından çəkindirməyə çalışıb, ancaq alınmayıb. Daha çox araşdırma meydana çıxıb. «Panama Sənədləri» Xədicənin araşdırmalarını bir daha sübuta yetirmiş olub, axı jurnalist prezident İlham Əliyev ailəsinin ofşor şirkətlərini, ölkənin qızıl yataqlarından payını üzə çıxarmışdı.

«The Washington Post» yada salır ki, İsmayılova ta əvvəldən gördüyü işin riskini gözə alıb, hökumətin şantajına boyun əyməyib, ABŞ prezidenti Barack Obama-ya həbsxanada mesaj göndərib ki, cənab Əliyevdən müstəqil medianın və vətəndaş cəmiyyətinin susdurulmasını dayandırmağı istəsin, ağ-fil layihələrinə xərclənən milyardlarla neft dollarının hesabını sorsun.

«Xədicə indi azadlıqda olsa da, bu suallar cavabsız qalır. Azərbaycan hökuməti onu və digərlərini buraxdı, amma rejim narazılara, tənqidə qarşı dözümsüzdür. İsmayılova ABŞ-ın maliyyələşdirdiyi Azad Avropa/AzadlıqRadiosunun Bakı bürosunun açılmasına çağırıb. Büro 2014-cü ilin dekabrında, jurnalistin həbsindən sonra reydə məruz qalıb və bağlanıb».

«The Washington Post» redaksiya məqaləsini belə tamamlayır: «Cənab Əliyevin indi bəzi məhbusları azad etməsinin səbəbi bəlli deyil, lakin bunda beynəlxalq təzyiqin rolu az olmadı. İsmayılova haqlı buyurur ki, bu təzyiq aşkarda həyata keçirilməlidir. Tiranlar gün işığını sevmirlər. «İnsan haqları uğrunda mübarizə açıq və şəffaf olmalıdır. Bu barədə bağlı qapılar arxasında danışmamalıyıq», - Xədicə söyləyir».

R.T.Erdoğan İstanbulda IDEF-15 beynəlxalq müdafiə sənayesi sərgisində.
R.T.Erdoğan İstanbulda IDEF-15 beynəlxalq müdafiə sənayesi sərgisində.

TÜRKİYƏDƏ NÖVBƏTİ HƏRBİ ÇEVRİLİŞ

«Foreign Affairs» dərgisi yazır ki, Türkiyədə prezident Recep Tayyip Erdoğan kürd silahlılara qarşı müharibə aparmaqla bir daşla iki quş vurduğunu düşünür. Həm limitsiz hakimiyyət ambisiyalarına qarşı çıxmış kürdləri zəiflədir, həm də ölkə millətçiləri arasında nüfuzunu gücləndirir. Bu arada Erdoğan orduyla da münasibətlərini bərpa etmiş olur. Ancaq müəllif Gönul Tol-un fikrincə, ordunun səlahiyyətinin artırılması Erdoğan-a risk yarada bilər, çünki hətta yaxın ətrafında prezidentin yürütdüyü siyasətdən ehtiyatlananlar var.

«Türkiyə tarixi boyunca ordu siyasətə nüfuz edib, dörd dəfə çevriliş törədib, siyasi liderləri istefaya məcbur edib, dünyəvi demokratiyanın keşiyində dayanıb. Ancaq 2002-ci ildə hakimiyyətə gələn AKP generalların nüfuzunu daraldıb. AB-nin üzvlük kriteriyalarına əməl etməkdən ötrü Ankara ordunu mülki nəzarətə alıb. Hərbi məhkəmələrin yurisdiksiyası mülki məhkəmələrin xeyrinə kiçildilib. Hökumət hərbi komandirlərin təyinatında da fəal rol oynamağa başlayıb. Hərbinin mövqeyi 2007-ci ilin aprelində lap sarsıldı. Ordu AKP-yə Abdullah Gül-lə bağlı dövlət çevrilişi xəbərdarlığı etdi. Vaxtilə islam partiyasının üzvü olmuş, həyat yoldaşı hicab bağlayan Gül-un prezidentliyə namizədliyi verilmişdi. Ancaq ordunun müdaxiləsi ictimaiyyəti və AKP-ni qəzəbləndirdi və Gül seçildi. Bu, ordunun cəmiyyətdəki mövqeyinə ciddi ziyan vurdu», - müəllif yazır.

Məqalədə vurğulanır ki, kürdlərə qarşı əməliyyatlar ordunun ürəyincədir, çünki ordu həmişə PKK ilə sülh danışıqlarına qarşı çıxıb. Amma Erdoğan odla oynayır. Bəziləri qorxur ki, ordu fürsət yaranan kimi siyasi proseslərə müdaxilə vərdişini qaytara bilər.

İndilik ordu institusional muxtariyyətini saxlayır. Respublikanın təməl ideologiyası olan Kamalçılıq hələ də hərbi məktəblərdə (kurikulum) tədris sisteminin kökündə dayanır. Məktəblərdə İslama yalnız Atatürk kontekstində istinad edilir. Müdafiə xərcləri mülki nəzarətdən kənarda qalır.

Müəllif onu da qeyd edir ki, ictimaiyyətin dövlət çevrilişinə son reaksiyasından sonra ordu siyasi proseslərə müdaxilədə elə də maraqlı görünmür, siyasətdən kənar durmağa çalışır. Elə Erdoğan da ordudan özünü qorumaq məqsədilə addımlar atıb, xüsusi polis qüvvələrini Türkiyə Silahlı Qüvvələrindən ayırıb, Daxili İşlər Nazirliyinə birləşdirib, Jandarmeriya Komandanlığı adlanan bu qüvvələri AKP tərəfdarları ilə doldurub. «Ancaq sonucda bu məsələnin gələcəyini, ordunun Türkiyə siyasətindəki rolunu kürd problemi həll edəcək», - müəllif yazır.

Prezervativ
Prezervativ

RUSİYADA HIV PREZERVATİVLƏRLƏ YAYILIRMIŞ

Ötən il Rusiyanın AIDS üzrə aparıcı eksperti, Moskvadakı Federal AIDS Mərkəzinin rəhbəri Vadim Pokrovsky elan edib ki, ölkədə HIV/AIDS epidemiyası kəskin yayılıb və 2020-ci ilədək 2 milyon nəfər yoluxa bilər. «Foreign Policy» dərgisinin yazdığına görə, Kremlin dəstəklədiyi Rusiya Strateji Tədqiqatlar İnstitutunun ekspertləri böhranın səbəbini tapdıqlarını iddia edirlər: demə, günah prezervativlərdə imiş.

Cinsi yolla keçən və AIDS-lə sonuclanan HIV virusunun qarşısını məhz prezervativlər alır. «Kommersant» qəzeti çərşənbə axşamı yazıb ki, institut Moskva Şəhər Dumasında xüsusi iclas keçirib. Qurumun direktor müavini Tatyana Guzenkova HIV epidemiyasını Qərbin Rusiyaya qarşı «informasiya müharibəsi» adlandırıb.

Hesabatın müəlliflərindən olan Igor Beloborodov deyib ki, «kontraseptiv məhsullar sənayesi malını satmağa çalışır və yeniyetmələri sekslə məşğul olmağa çağırır». Onun sözlərincə, prezervativlər HIV-in yayılmasını əngəlləyə bilməz, ən yaxşı qoruma «partnyorların bir-birinə sadiq qaldığı heteroseksual ailədir».

Ötən il Rusiyada 93 min nəfərdə HIV tapılıb. «Bəlkə də bu il hökumət prezervativləri qadağan edər. Məncə, işə yarayar», - müəllif yazır.

XS
SM
MD
LG