Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:21

E. Məmmədyarov: «Müharibə istəyirsiniz?»


Edward Nalbandian və Elmar Məmmədyarov
Edward Nalbandian və Elmar Məmmədyarov

-

«Biz məntiqi başa düşə bilmirik. Ermənistanda bir tərəfdən bəyanat verirlər ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. O biri tərəfdən də deyirlər ki, danışıqlardan çıxırlar. Danışıqlardan çıxırsınızsa, onda müharibə elan edirsiniz? Münaqişəni müharibə yolu ilə həll etmək istəyirsiniz?».

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəsizliyə təminat verilməyəcəyi təqdirdə Azərbaycanla danışıqların mənasının olmadığı barədə bəyanatını şərh edərkən deyib.

Nazir son dörd ildə Qarabağ danışıqlarında normal müzakirələr olmadığını bildirib: «Münaqişənin həlli istiqamətində irəliləyiş olduqda isə hər dəfə vəziyyət gərginləşdirilir, cəbhədə toqquşmalar baş verir. Biz doğrudan da anlaya bilmirik ki, erməni tərəfi nə istəyir, hansı yolu seçir? Danışıqlar aparanda da qarşı tərəfə sual verilir ki, sənin «qırmızı xətt»in haradadır, sən nə istəyirsən? Əvvəllər yenə də danışıqların müstəvisi bəlli idi. Əvvəl «Madrid prinsipləri» vardı. İndi isə heç nə bəlli deyil».

E. Məmmədyarov deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yayında bir sıra təkliflər verib. Nazirin sözlərinə görə, təkliflərdə qeyd olunub ki, hansı məsələlərdə razılığa gəlmək mümkün deyilsə, onlar bir kənara qoyulsun: «Çünki heç kim istəmir ki, gənclər cəbhədə həlak olsunlar. Bunun üçün də Ermənistan hərbçiləri çıxarmalıdır. Ermənistan əsgərinin Azərbaycan ərazisində nə işi var? Erməni hərbçilər işğal altındakı torpaqlardan çıxarılandan sonra sülhməramlı da olacaq, yollar da açılacaq. Qaçqınlar da qayıdacaq, etimad mühiti də yaranacaq. Yavaş-yavaş sülhə nail olacağıq. Yoxsa bu vəziyyətin axırı yoxdur. Biz qonşu ölkələrik, Azərbaycan torpağını götürüb Kaliforniyaya, yoxsa Marselə köçəcəksən? Ermənistan deyir ki, münaqişə həmsədrlərin, prezidentlərin bəyanatları əsasında həll olunsun. Lap yaxşı. Muskokda qəbul edilmiş altı bəndlik bəyanatın birinci bəndində bildirilir ki, erməni hərbi birləşmələri işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Bunu qəbul edirsənsə, qoşunları çıxarmağa başla də. Öz vətəndaşlarına de ki, vəziyyət budur».

E. Məmmədyarov Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində yaxın vaxtlarda görüş planlaşdırılmadığını da deyib: «Bəlkə həmsədrlərlə görüşdük».

Nazir sonda Azərbaycanın danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında İzləyin:

XS
SM
MD
LG