Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:26

WP: «Əliyev oturub Meydan TV-yə baxsın»


The Washington Post
The Washington Post

-

«Azərbaycanda müstəqil jurnalistikaya müharibə elan olunub». ABŞ-ın nüfuzlu «The Washington Post» qəzeti belə bir başlıqlı redaksiya məqaləsi dərc edib.

Məqalədə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ştatlara səfərindən öncə bəzi jurnalistləri və siyasi məhbusları əfv etdi. Rejimin yanlış olaraq həbsə atdığı hüquq müdafiəçiləri Leyla və Arif Yunusların Azərbaycandan çıxmasına, nəhayət ki, icazə verildi.

HEÇ NƏ DƏYİŞMƏYİB

«İlham Əliyev Vaşinqtonda Dövlət katibi John Kerry, vitse-prezident Joe Biden-lə görüşdü. Ancaq heç kəs bu qəddar liderin yanaşma tərzini dəyişdiyini düşünməsin. Əliyev ölkəsinə dönəndən sonra, aprelin 21-də müstəqil rəqəmsal xəbər platforması olan Meydan TV prokurorluğun onlara qanunsuz sahibkarlıq fəaliyyəti, hakimiyyətdən sui-istifadə, vergidən yayınma ittihamlarıyla cinayət işi açdığını elan etdi. Bunlar cənab Əliyevin tənqidçilərini qısnamağa, susdurmağa yönəlik standart ittihamlardır. Meydan TV onunla əməkdaşlıq edən 15 jurnalistin adının cinayət işində keçdiyini bildirib. Onların heç birinə rəsmi ittiham irəli sürülməsə də, bəziləri ölkədən buraxılmayıb, evlərində axtarış aparıla, avadanlıqları müsadirə oluna bilər. «Bunu Azərbaycanda müstəqil jurnalistikaya müharibə elanı hesab edirik», - Meydan TV-nin təsisçisi Emin Milli EurasiaNet.org saytına deyib.

«The Washington Post» yazır ki, cənab Əliyev tənqiddən adətən əsəbiləşir. O, qızlarının ölkənin qızıl yataqlarındakı payını aşkarlayan jurnalist Xədicə İsmayılovanı həbsə atdırıb. Sonradan «Panama Papers» bu payın daha böyük olduğunu üzə çıxardı. On jurnalist, bloqqer, eləcə də fəallar həbsdədir. Meydan TV isə rejimi dilxor edən hekayətləri anlatmaqdan çəkinmir. Bu yaxınlarda cəbhə xəttindəki itkilərlə bağlı rəsmi rəqəmləri alt-üst edib, itkinin daha çox olduğunu açıqlayıb.

OTURUB «MEYDAN»A BAXSIN

«Meydan TV-nin təcrübəsi göstərdi ki, rəqəmsal yollarla qapalı cəmiyyətlərə azad informasiya çatdırmaq, tiranlardan yan keçmək mümkündür. Görünür, cənab Əliyev düşünür ki, gizli polis və prokurorlarla birlikdə savaşa biləcək. Əliyev bu yolları atasından, keçmiş KGB-çi, sovet politbürosunda çalışmış Heydər Əliyevdən öyrənib. KGB metodları qurbanlar üçün ağrılı ola bilər, ancaq bu metodlar həqiqəti möhürləyə, tənqidi durdura bilməz. Bunu Meydan TV və Xədicə İsmayılova cəsarətlə ortalığa qoydular. İlham Əliyev bütün siyasi məhbusları azadlığa buraxmalı, Meydan TV-yə qarşı cinayət işini dayandırmalı, özü də oturub bu kanala baxmalıdır. Bəlkə ölkəsinin müasir dönəmdə əldə etməli olduğu dəyərlər barədə nəsə öyrənər».

Hakimiyyət təmsilçiləri «The Washington Post»un bu yazdıqlarını, hələlik, şərh etməyib. Ancaq, ənənəvi olaraq, hakimiyyət ölkədə siyasi motivlərlə həbsə atılanların olmadığını, hər kəsin konkret cinayətlərə görə cəza çəkdiyini, bütün təməl hüquqların qorunduğunu bildirir.

XS
SM
MD
LG