Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:33

Keçmiş məhbuslar bəyanat yayıb...


Azərbaycanın siyasi məhbusları
Azərbaycanın siyasi məhbusları

-


«Biz sonuncu əfv sərəncamını və məhkəmə qərarları ilə 17 siyasi məhbusun azadlığa buraxılmasını müsbət addım sayırıq. Amma hazırda ölkədə siyasi baxışlarına, tənqidi mövqeyinə görə, onlarla jurnalist, bloqqer, siyasi fəal, dini icmaların təmsilçiləri qanunsuz və sifarişli ittihamlarla ilə həbsdədirlər».

Keçmiş məhbuslardan hüquq müdafiəçiləri İntiqam Əliyev, Anar Məmmədli və Rəsul Cəfərovun aprelin 25-də yaydıqları birgə bəyanatda belə deyilir.

Hüquq müdafiəçiləri ölkədəki bütün siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması çağırışlarına həssas yanaşılmasını istəyirlər. Onlar təxirə salınmadan bu problemi doğuran səbəblərin aradan qaldırılmasının vacibliyini hökumətin diqqətinə çatdırırlar.

Bəyanatda vurğulanır ki, jurnalistlərin təqib olunması, vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunların qəbulu və siyasi partiyalara fəaliyyət imkanlarının verilməməsi qəbulolunmazdır.

«Biz təəssüflə qeyd edirik ki, son bir neçə ildə Azərbaycanın Avropa Birliyinə inteqrasiyası yönündə səylər zəifləyib. Ölkənin «Şərq Tərəfdaşlığı» proqramında assosiativ iştirakından imtina edilib və Avropa Birliyi ilə imzalanması elan olunan strateji tərəfdaşlıq sazişi barədə məlumatlar ictimaiyyətdən gizlədilib. Eyni zamanda, hakimiyyətin təzyiqləri nəticəsində vətəndaş cəmiyyətinin Avropa Birliyinə inteqrasiyası yönündə tərəfsiz bir qurum olan «Şərq Tərəfdaşlığı» Vətəndaş Cəmiyyəti Forumunda təmsilçiliyində müstəqil qrupların və QHT-lərin iştirakı sıxışdırılıb» - deyə bəyanatda qeyd edilir.

Hüquq müdafiəçiləri əsas insan hüquq və azadlıqları sahəsindəki problemləri qabardaraq hökumətdən təxirəsalınmaz addımlar atılmasını istəyirlər.

«Hesab edirik ki, Azərbaycan xalqının maddi rifahı və tərəqqisi naminə ölkədə etimad yaradan addımlar atılmalı və vətəndaş-dövlət münasibətlərində gərginlik aradan qaldırılmalıdır» - deyə hüquq müdafiəçiləri vurğulayıblar.

Hüquq müdafiəçiləri Anar Məmmədli Rəsul Cəfərov Novruz bayramı öncəsində ölkə başçısının əfv sərəncamı ilə həbsdən azadlığa çıxıblar. İntiqam Əliyev isə Ali Məhkəmənin qərarı ilə azadlığına qovuşub. Onlar vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlarla həbs olunmuşdular.

Hüquq müdafiəçiləri bütün ittihamların qurama olduğunu, fəaliyyətlərinə görə, həbs olunduqlarını deyirdilər.

XS
SM
MD
LG