Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:25

Azərbaycanın sirlərini əcnəbilərə ötürən vəzifəli şəxs - V1 kimdir?


www.theage.com.au
www.theage.com.au

Avstraliya qəzetlərində Azərbaycanın neft sənayesində dövlət sirlərinin əcnəbilərə ötürülməsinə dair sensasiyalı iddialar var.

► Avstraliya qəzetlərində Azərbaycanın neft sənayesində dövlət sirlərinin əcnəbilərə ötürülməsinə dair sensasiyalı iddialar var.

Fairfax Media və Huffington Post-un birlikdə apardığı jurnalist təhqiqatında Monakoda mənzillənmiş Unaoil şirkətinin Azərbaycanın neft sənayesindəki fəaliyyətlərinin qaranlıq guşələrinə işıq salınıb.

Avstraliyada çıxan “The Age” qəzetinin saytında Huffington Post müxbirləri Richard BakerNick McKenzie yazırlar ki, “neft oyununda Reza Raein-ə çatan başqa bir araçı ola bilməz”.

Raein məqalədə Nyu Yorkun sosial mənzərəsində “harda aş, orda baş”, “şəhərin ən şıq geyimli kişisi” kimi təsvir edilir. Deyilir ki, bu şəxs bir neçə ildir, Nyu Yorkun kübar xanımı Marjorie Gubelmann-la evlidir və incəsənət qalereyalarında və fondtoplama mərasimlərində elitar adamlarla durub-oturur.

“Lakin Rezanın ən dəyərli əlaqələri xaricdə, “rüşvət fabriki” Unaoil-la birlikdə neft sənayesinin araçısı kimi işləsdiyi Azərbaycandadır” – yazır müəlliflər.

Kleptokratiya

Azərbaycanda fəaliyyyıət göstərən Kellogg Brown & Root (KBR) şirkətinin bir memosunda onun araçı kimi seçilməsinin səbəbi olaraq “prezidentə və onun ailəsinə çox yaxınlığı” göstərilir.

“Bu isə kleptokratlar kimi reputasiya qazanmış diktatorların – ata və oğul, mərhum Heydər Əliyev və indiki prezident İlham Əliyevin hökmranlıq etdiyi bir ölkədə çox şey demək idi – deyilir təhlildə, - Onlar Azərbaycannın neft və qaz ehtiyatlarından varlanıblar, ölkənin xalqı isə yoxsulluq girdabında qalıb”.

Əslində Richard Baker və Nick McKenzie-nin məqaləsi Unaoil şirkətindən sızmış sənədlərin təhlilidir.

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və onun oğlu, indiki prezident İlham Əliyevin plakatı
Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və onun oğlu, indiki prezident İlham Əliyevin plakatı

Məqalədə deyilir ki, əgər 1999-cu ildə ABŞ-ın mühəndislik nəhəngi Kellogg Brown & Root şirkətində Raein-in prezident və onun adamları ilə əlaqəsi narahatlıq doğurmurdusa, artıq 2007-ci ildə onun əlaqələrinə təkrar baxıldıqda belə bir narahatlıq yaranmışdı.

KBR şirkətini narahat edən bu idi ki, əgər Raein Azərbaycan əlaqələrindən informasiyanı qanunları pozaraq toplayırdısa, bu, şirkət üçün ABŞ-ın korrupsiya qanunları ilə bağlı başağrısı yarada bilərdi.

KBR-in 2007-ci il tarixli memosunda deyilirdi ki, Mohammad Reza Raein-in müxtəlif Azərbaycan rəsmiləri ilə görüşləri təşkil etmək qabiliyyəti onun yüksək hakimiyyətə bağlı olduğu barədə fikirləri təsdiqləyir.

Bununla belə, bir müddət Raein-in qanunsuz bir əməllə məşğul olduğunu göstərən əlamətlər yox idi, əksinə, o, yüksək əlaqələrini çoxillik təcrübəsi və qohumluq bağları ilə izah edirdi.

Yalnız Londonda

Məqalədə deyilir ki, bununla belə, Unaoil şirkətinin içindən sızmış məlumatlar bu qiymətləndirməyə dair müəyyən suallar doğurur.

Məlumatlar göstərir ki, Raein məxfi hökumət informasiyasını Azərbaycan rəsmilərinin birindən alırmış. Belə başa düşmək olar ki, Raein və Unaoil bu şəxsin adını gizli saxlamaq istəyirdilər, çünki o elektron yazışmalarda V1 kod adı ilə göstərilirdi.

Raein yazırdı ki, V1 onu maraqlandıran informasiyanı ölkə xaricinə səfər edəndə verə biləcək

Unaoil şirkətinin serverlərindən sızmış e-maillərdən bəlli olur ki, V1 Azərbaycanın dövlət neft şirkəti SOCAR-da mühüm vəzifə tuturmuş. Raein yazırdı ki, V1 onu maraqlandıran informasiyanı ölkə xaricinə səfər edəndə verə biləcək.

Bunlar ölkənin Xəzər qaz yataqlarına dair layihə ilə bağlı informasiyalar idi.

“Mən nəhayət V1-lə danışdım və o dedi ki, informasiyanı yalnız Londona gedəndə verə biləcək” – yazırdı Raein 2002-ci ildə Unaoil şirkətinin icraçı rəhbərliyinə.

Ötən il isə Unaoil şirkətinin rəhbərlərindən biri yazırdı ki, Raein V1-ə informasiya almaq üçün “mümkün qədər güclü pressinq” edəcək.

Şəxsən “I-Man”

Məqalədə deyilir ki, Unaoil şirkətinin Azərbaycandakı əsas müştərisi KBR qaz layihəsində 90 milyon dollarlıq qaz zavodunun tikitintisi üçün kontraktı əldə edə bilməsə də, bu layihə ilə bağlı kəmər tikintisi kontraktını qazana bilmişdi.

Unaoil-un başqa bir müştərisi, İsveçrənin ABB texnoloji şirkətinə isə dəniz qaz zavodunun nəzarət və təhlükəsizlik sistemləri həvalə edilmişdi.

Məqalədə deyilir ki, V1 habelə 2006-cı ildə Raein-ə zəngin Azərbaycan biznesmeni Nizami Piriyevi təqdim etmişdi.

Raein Unaoil şirkətinə bildirmişdi ki, Piriyevin metanol zavodunu tikmək üçün özlərinin nəhəng beynəlxalq müştərilərindən birini cəlb edə bilərlər.

Raein bu layihənin reallaşacağına inanırdı, çünki ona e-maillərdə “I-Man” kimi təqdim olunan şəxs, çox güman ki, İlham Əliyevin özü xeyir-dua vermişdi.

V1 kodu necə açıldı?

Məqalədə deyilir ki, V1-in kimliyi uzun illərdən sonra, nəhayət Unaoil-un icraçı direktorlarından biri Peter Willimont-un 2006-cı ildə Azərbaycandakı siyasi gediş-gəlişlər barədə e-mailində yol verdiyi ehtiyatsızlıqdan faş olmuşdu.

Milli Məclis
Milli Məclis

“V1 hələ də SOCAR-dakı vəzifəsindədir, lakin bildiyiniz kimi o artıq parlamentə üzv seçilib (əgər buna seçilmək demək mümkündürsə) və spikerin müavini kimi ekologiya sahəsinə kurasiya edir” – deyilirdi e-maildə. Göründüyü kimi, Peter Willimont sözarası Azərbaycan seçkisi barədə fikrini bildirməyi də unutmamışdı.

Məqalədə deyilir ki, bu e-mail V1-in əslində Azərbaycan parlamentinin spiker müavini Valeh Ələsgərov olduğunu deməyə imkan verir, çünki o həm də ekologiya və təbii ehtiyatlar komitəsinin rəhbəridir. Valeh Ələsgərov SOCAR-da xarici investorlarla əlaqələrə cavabdeh idi.

Bu da vurğulanır ki, Raein və Ələsgərov Unaoil layihələrində 2011-ci ilədək təmasda olublar.

Görəcək V-lərimiz varmış...

Məqalədə deyilir ki, Raein-ə daha iki Azərbaycan hökuməti rəsmisinin həssas informasiya sızdırdığını söyləmək olar.

Bu informasiya KBR və Rolls Royce şitkətləri də daxil Unaoil şirkətinin müştəriləri üçün maraqlı olmalı idi. Bu iki rəsminin elektron məktublardakı kod adları V2 və V3 idi.

Məqalədə deyilir ki, bu iki rəsminin kim olduqları daha az aydındır, lakin onların da SOCAR-ın rəhbərıiyində olduqlarını düşünməyə əsas var.

Bu dəfə də Unaoil şirkətinin rəhbərlərindən Willimont ehtiyatsızlıq etmişdi.

“Mənim apardığım başqa müzakirələrdə V3-ün V2-ni kölgədə qoyması faktından başqa o qədər də mühüm məlumatlar yoxdur. İndi V3 heç bir kömək edə bilmir, çünki V2 SOCAR-a qayıdıb!!!” – yazırdı Willimont.

Ahsani ailəsi

Məqalədə qeyd olunur ki, Raein Unaoil şirkətinin başqa vasitəçilərindən bir cəhəti ilə də üstün idi – o, Unaoil şirkətinin sahibi Ahsani ailəsinin köhnə dostu idi.

E-maillərdən görünür ki, Raein-ə başqa xərclərindən əlavə olaraq Azərbaycanda gördüyü iş üçün 1996-2005-ci illərdə 4,5 milyon dollar ödənib.

O dəfələrlə Unaoil şirkətindən müxtəlif bank hesablarına on minlərlə dolların köçürülməsini rica edirdi. Bu hesablardan bəziləri ona aid deyildi.

Bəzi hallarda o pulun bir modalar evinə, bəzən isə özünün American Express kartına köçürülməsini istəyirdi.

Reza Raein
Reza Raein

Məqalədə deyilir ki, bu köçürmələr Azərbaycanda Raein-dən başqa kimlərinsə də, mənfəətləndiyini göstərirdi.

Lakin 2006-cı ildə Unaoil şirkətinin bankları pul köçürmələri barədə suallar verməyə başlamışdılar. Buna görə də Unaoil-un icraçı direktorlarından Cyrus (Sirus) Ahsani kiçik qardaşı Saman Raein-in ricası ilə müxtəlif hesablara pul köçürülməsinin dayandırılmasına göstəriş vermişdi.

Unaoil-dan sızmış e-maillərdən birinə görə Raein bir dəfə “Javad” adlı bir nəfərin hesablarına pul köçürülməsini istəmişdi.

Bundan bir ay sonra o Javad-ın hesabına iki dəfə 50 min dollar köçürülməsini xahiş etmişdi.

Məqalədə deyilir ki, Raein-in başqa kontaktları kimi Javad da yaxşı əlaqələrə malik birisi kimi görünürdü.

Yenə də sızmış e-maillərdən birində Raein açıqlayırdı ki, Javad-ın arvadının yaxın qohumu yüksək vəzifəli SOCAR rəhbərlərindəndir.

“Biz ona istədiyimiz vaxt müraciət edə bilərik” – yazırdı Raein.

Bir Reza da var

Unaoil şirkətinin Azərbaycandakı işlərinə kömək edən və yaxşı əlaqələri olan başqa bir Reza da vardı. İran əsilli Reza Vaziri Britaniyada qeydiyyatda olan Anglo Asian Mining şirkətinin baş icraçı direktoru vəzifəsini tuturdu.

Vaziri Azərbaycanın neft naziri Natiq Əliyevlə və baş nazir Artur Rəsizadə ilə “istənilən vaxt” görüş təşkil etməyə qabil birisi kimi təqdim edilirdi

Reza Raein kimi Reza Vaziri də elitar biznes çevrələrində və ABŞ-ın siyasətçi yığıncaqlarında tanınır, mötəbər ABŞ-Azərbaycan Ticarət Palatasının iclaslarında keçmiş dövlət katibləri James BakerHenry Kissinger-lə yanaşı otururdu.

Halliburton şirkətinin rəhbəri Dick Cheney palata şurasının iclaslarında, 2000-ci ildə vise-prezident olanadək iştirak etmişdi.

Unaoil şirkəti direktorlarından birinin sızmış e-mailində Vaziri Azərbaycanın sənaye naziri Natiq Əliyevlə və baş nazir Artur Rəsizadə ilə “istənilən vaxt” görüş təşkil etməyə qabil birisi kimi təqdim edilirdi.

Məktubda yazıldığına görə, Vaziri öz istədiyini Natiq Əliyevə dedirtmək qüdrətində olan bir şəxs kimi tanıdılırdı.

Unaoil şirkətinin sızmış sənədlərindən görünür ki, Vaziri Azərbaycandakı bir “dostunun” köməyi ilə bütün neft və qaz layihələrinə aid istənilən informasiyanı ala bilirdi.

Məqalədə deyilir ki, Unaoil Azərbaycandakı köməyinə görə 2004-cü ildə Vaziri-yə 400 min dollar ödəmişdi. Bu pullar onun İsveçrədə mənzillənmiş Marian şirkətinin hesablarına köçürülmüşdü.

Məqalədə xüsusi olaraq vurğulanır ki, Vaziri-yə ödənilmiş puldan Azərbaycanın rəsmi və ya siyasətçilərinin faydalanmasına dair dəlillər yoxdur.

Unaoil Vaziri ilə azı 2009-cu ilədək əməkdaşlıq etmişdi.

Avstraliya qəzetinin aprelin 10-da yayılmış araşdırmasını barədə hələlik Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur. (Araşdırmanı ətraflı burada oxuya bilərsiz). Bakıda rəsmilər bundan öncə də dəfələrlə xarici nüfuzlu media orqanlarında bu cür ittihamlarla üzləşiblər. Hər dəfə dəfə də onlar bu cür ittihamları hansısa xarici dairələrin Bakının müstəqil siyasətinə qarşı təzyiq cəhdi adaldnrırılar.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından izləyin:

XS
SM
MD
LG