Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:23

Pambıq «pripiska»sını xatırladan əmək statistikası


Bakıda əmək yarmarkası - 2008
Bakıda əmək yarmarkası - 2008

-

«Son 12 il ərzində 1 milyon 500 min iş yeri yaradılıb. Onlardan 1 milyonu daimi iş yeridir».

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev yanvarın 26-da «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Həmin açıqlamada dövlət başçısı ilk dəfə iş yerlərinin bağlanması barədə də danışıb: «Düzdür, yeni iş yerləri açılır və iş yerləri bağlanır. Misal üçün keçən il 80 mindən çox daimi iş yeri açılıb, 40 min iş yeri bağlanıb».

374 MİN İŞ YERİ «YOXA ÇIXIB»

Statistik məlumatlarda «1iş yeri=1 məşğul adam» götürülür. Yəni məşğul əhalinin sayı iş yerlərinin sayına uyğunlaşdırılır. «İqtisadi fəal əhali»dən «məşğul əhali»ni çıxmaqla «işsizlər»in sayını belə müəyyən etmək olur .

Dövlət Statistika Komitəsinin məlumatına görə, məşğul əhalinin sayı 2004-ci ildə 4 milyon 16 min 900, 2014-cü ildə isə 4 milyon 602 min 900 olub. Açılan və bağlanan iş yerləri ilə bağlı prezidentin son açıqlamasında səsləndirdiyi göstəriciləri nəzərə alsaq, 2015-ci il üzrə işləyənlərin sayı 4 milyon 642 min 900 edir. Bu isə o deməkdir ki, son 12 ildə məşğul əhalinin sayı 626 min nəfər artıb.

Əgər iddia olunursa ki, bu dövrdə 1 milyonluq daimi iş yeri yaradılıb, onda belə çıxır ki, əvvəllər mövcud olmuş 374 min iş yeri ya bağlanıb, ya da bu iş yerlərini əcnəbilər tutub. O da nəzərə alınmalıdır ki, bu dövrdə ölkə əhalisinin sayı 1.3 milyon nəfər artıb.

Nə qədər qəribə səslənsə də, «yeni açılanlar» statistikasına düşən və «daimi» hesab edilən yüz minlərlə iş yerini vətəndaşlar özləri yaradıb. Onların təxminən yarısının fəaliyyəti də elə özləri tərəfindən dayandırılıb. Bir qədər sonra bunun izahı veriləcək...

İŞ YERLƏRİ NECƏ YARANIR?

İmişli Rayon İcra Hakimiyyətinin açıqlamasına görə, 2015-ci ildə rayonda 1212 iş yeri açılıb. Yerli statistika idarəsindən bildirilir ki, bunun tən yarısı- 607-si özünə məşğulluqdur. Adamlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanında uçota düşüblər.

Sosial-iqtisadi inkişafla bağlı dövlət proqramı qəbul edilən vaxtdan bəri rayon üzrə açıldığı iddia edilən 23 min 599 yeni iş yerinin əhəmiyyətli hissəsini belə insanlar təşkil edir. Sahibkarlıq fəaliyyəti bəzi sakinlərə 2-ci, hətta 3-cü iş yeri qazandırıb. Hazırda ümumi iş yerləri ilə bağlı statistik göstərici rayonun əməkqabiliyyətli əhalisinin sayına çatmaq üzrədir.

NÖMRƏ HESABINA DÜZƏLƏN İŞ

Vətəndaş Nəzarəti Şəbəkəsinin üzvü Kənan Şahpələngov deyir ki, rayon sakinlərinin əksəriyyəti adlarına Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsini (VÖEN) dövlətdən güzəşt və yardım almaq üçün açdırır:

Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi
Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi

«Düzdür, kommersiya fəaliyyəti ilə məşğul olanlar da var. Amma vergiödəyici kimi uçota düşənlər əsasən obyekt sahibləridir. Bu da olsun ildə 100, 150, lap 200 nəfər. Son vaxtlar əksər adamlar VÖEN-i iki səbəbdən açdırır: kredit götürmək, ya da ünvanlı dövlət sosial yardımı almaq üçün. Əməkqabiliyyətli olub işləməyən şəxsin yardım almağı mümkün deyil. Buna görə vergiödəyici kimi uçotda dayanmaq «ən rahat və tez düzələn iş yeri»nə çevrilib. Bu adamların əksəriyyəti fəaliyyət sahəsi kimi kənd təsərrüfatını seçir. Axı bu sahə vergidən azaddır, onlardan vaxtaşırı hesabat vermək tələb olunmur. Bundan əlavə, VÖEN açdıranların arasında faktiki olaraq işləyənlər də var. Yəni VÖEN ucdantutma hamıya münasibətdə «işsiz bir adamın iş yeri qazanmağı» anlamı verməməlidir».

VÖEN-LƏR DƏ ARXİVLƏŞDİRİLİR

VÖEN açdıranların heç də hamısı istədiyi məqsədə çata bilmir. Güzəştli şərtlərlə krediti çox az sayda adam əldə edə bilir. Bu niyyətdə olanların «sahibkarlıq fəaliyyəti» kredit almaq uğrunda çalışdığı müddətdə davam edir. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri də toplamda ümumi əhalinin təxminən 5 faizi qədərdir. Təbii ki, bu yardımın verilməsindən imtina olunanlar arasında VÖEN daşıyıcıları da var.

Sahibləri çox zaman «qulaqlarının dinc olması üçün» işə yarımayan VÖEN-lərini bağlamaq istəyirlər. Amma fiziki şəxsin vergi orqanında uçotunun ləğv edilməsi aşağıdakı hallarda olur:

- fəaliyyətinə xitam verildikdə;

- məhkəmənin qərarı ilə itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

- vəfat etdikdə.

Şahin Məmmədov
Şahin Məmmədov

Fəaliyyətinə xitam verilənlərin adına açılmış VÖEN məlumat bazasından çıxarılaraq arxivləşdirilir. Həmin fiziki şəxs yenidən uçota alınma barədə ərizə verdikdə, əvvəlki VÖEN bərpa olunur.

Açılan gündən rəsmi statistikaya «yeni iş yeri» kimi daxil olan VÖEN donmuş rejimdə də «bağlanmış iş yeri» hesab olunmur. Axı o, istənilən vaxt aktivləşə bilər...

«ÖLKƏMİZDƏ 269 MİN 554 AKTİV VERGİ ÖDƏYİCİSİ VAR»

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinin böyük dövlət vergi müfəttişi Şahin Məmmədov bildirir ki, ödəyicilərin qeydiyyatı gündəlik davam edən, o cümlədən onlayn rejimdə aparılan bir prosesdir və buna görə onların sayı daim dəyişir:

«2016-cı ilin 1 yanvar tarixinə olan məlumata görə, ölkəmizdə 269 min 554 aktiv vergi ödəyicisi var. Onlardan 225 min 962-si fiziki şəxs, 43 min 592-si isə hüquqi şəxsdir. Sonuncuların 32 min 229-u kommersiya, 11 min 363-ü qeyri-kommersiya fəaliyyəti ilə məşğul olur».

Ramiz Hümbətov
Ramiz Hümbətov

Qeyri-rəsmi məlumata görə, VÖEN-lərin sayı 550 mini keçib. Dəqiq göstəricini Vergilər Nazirliyindən də öyrənə bilmədik. Amma iddialara görə, vergiödəyici kimi uçota alınanların yarıdan çoxu fəaliyyətsizdir. Onların sayı ölkə üzrə işsiz kimi təqdim edilənlərdən çoxdur (statistik məlumata görə, 2014-cü ildə 237.8 min nəfər işsiz olub).

SAHİBKAR FƏHLƏLƏR VƏ MÖHÜRLÜ İŞSİZLƏR...

İmişli şəhər sakini Ramiz Hümbətov hesab edir ki, VÖEN hesabına yaranan iş yerləri məşğul əhalinin sayı ilə bağlı statistikada süni artım yaradır:

«Bircə misal çəkim. Bu il İmişli Qaz İstismar İdarəsi iş elanı vermişdi. İdarə yalnız VÖEN-i olanlarla xidmət müqaviləsi bağlayırdı. İşə durmaq üçün adamlar axışmışdı vergi terminalına. Hamını yola salmaq üçün terminal şənbə və bazar günü də işlədi. İşə qəbul edilən 97 nəfəri vergi idarəsi «fərdi sahibkar», Qaz İdarəsi isə «fəhlə» kimi təqdim edirsə, bu hesabla 194 iş yeri yaranmış olur. Qaz İdarəsində işə düzələ bilməyən, VÖEN açdırmış digər şəxslər isə özləri də bilmədən hökumətin yeni iş yerləri ilə bağlı statistikasına töhfə veriblər».

Ramiz Hümbətov deyir ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər də get-gedə sıradan çıxır: «Mənim rəhbəri olduğum «Şəhrux» kiçik müəssisəsinin 2009-cu ildən bəri fəaliyyəti yoxdur. Çünki icarəmdə olan torpaq sahəsini qanunsuz yolla əlimdən alıblar. Rayonda xeyli sayda belə müəssisə var. Ləğv edilməyib deyə, bu müəssisələr «bağlanan iş yerləri» siyahısına düşməyib. Fəaliyyətsiz MMC rəhbərləri ciblərində möhür başqa yerlərdə iş axtarırlar...».

Vazeh Zahidov
Vazeh Zahidov

BİR ADAMIN YÜZDƏN ÇOX İŞ YERİ

Ekspertlər hesab edir ki, passiv vergi ödəyicilərinin çoxluğu ölkədəki sahibkarlıq mühiti ilə bağlıdır. Geniş spektrdə fəaliyyət göstərən müəssisələrin, əsasən, məmurlara bağlı olduğu deyilir. Bir şəxsin adına eyni vaxtda 100-dən çox özəl şirkət açılması və bu müəssisələrin dövlət orqanları tərəfindən keçirilən tenderlərin qalibi elan edilməsi ilə bağlı xeyli sayda fakt qeydə alınıb. Bu, minlərlə hüquqi şəxsin (deməli, həm də iş yerinin) formal olaraq mövcudluğundan xəbər verir.

«HÖKUMƏT DÜŞÜNMƏLİDİR Kİ...»

«Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi», vergi orqanında qeydiyyat nömrəsi (VÖEN) «işlə təmin edilmə» hesab oluna bilərmi?

Hüquqşünas Vazeh Zahidov hesab edir ki, şəhadətnamə şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün hüquq verən sənəddir: «Həmin sənəd daşıyıcısı o vaxt «işlə təmin olunmuş» hesab edilə bilər ki, müvafiq fəaliyyəti olsun. «İş yeri» işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Şəxs fəaliyyətə başlamayanadək onun iş yeri yaranmır. Buna görə də VÖEN-lərin «iş yeri» kimi təqdim edilməyi doğru deyil. Sahibkarlıq subyektləri işlərini müstəqil, öz riskləri hesabına görsələr də, onların fəaliyyəti müvafiq dövlət orqanları tərəfindən izlənilir. Hökumət düşünməlidir ki, əllərində hüquq verən sənədləri olan bu şəxslər niyə işləyə bilmir?».

XS
SM
MD
LG