Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:51

“Sovetski”də qohumları yadlaşdıran kompensasiya qovğaları


-

“Bir də xəbər tutduq ki, Bəhlul ümumi mülkiyyətin bizə məxsus olan hissəsini Yasamal rayon icra Hakimiyyətinə satıb. Yəni söküntü ilə əlaqədar həmin hissəyə verilən kompensasiyanı qanunsuz yolla o əldə edib”.

Yasamal rayonu, Murtuza Muxtarov döngəsi, 14 saylı fərdi yaşayış sahəsində yaşayan Xədicə Əliheydərova deyir, “Sovetski”dəki söküntü bir çox ailələr kimi, onları da yaxın qohumlarla üz-üzə qoyub. Onlarla ümumi mülkiyyətdə yaşayan və həyat yoldaşının bibisi oğlu olan Bəhlul Səlimov söküntü ilə əlaqəli əmlaklar alınarkən onlara məxsus hissəni gizli şəkildə Yasamal rayon İcra Hakimiyyətinə satıb:

“HAMI BİR-BİRİNİN MÜLKÜNƏ DARAŞIB”

“Bizim həyətdə 3 ailə yaşayırdı. Evin Çıxarışında da var ki, həyətin 3/2 hissəsi bizə, 3/1 hissəsi Bəhlul Səlimova, 2 otaq isə Lətafət Mirzəyevaya aiddir. Bizim yaşadığımız həyət Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən plana düşmüşdü. Lətafət hamıdan qabaq özünə məxsus yeri satıb getdi. Bəhlul həmişə yoldaşıma deyirdi ki, “biz hələ köçməyək. Evi ən axırda satarıq ki, çox pul versinlər”. Bir müddətdən sonra isə dedi ki, “evin ərazisində heç bir hissəniz yoxdur””.

Xanımın sözlərinə görə, Bəhlul Səlimova məxsus sahə 60 kv metrə yaxın olsa da, 122 kv metr yaşayış yeri satıb:

“Alqı-satqı müqaviləsində göstərilib ki, Bəhlul İcra Hakimiyyətindən 183 min manat pul alıb. Dəfələrlə İcra Hakimiyyətində plana düşən sahələrə baxan komissiyaya müraciət etmişəm. Orda 10 nəfər komissiya üzvü oturub. Onların da işləri alınıb satılan evlərin sənədlərinə baxmaqdır. Ancaq necə baxırlarsa, hamı bir-birinin mülkünə daraşıb, biri o birinin sahəsini satır, aradan çıxır”.

Mübahisəyə çevrilən mülk yaxın qohumları yadlaşdırıb, münasibətlər gərginləşib:

“Bir də xəbər tutduq ki, Bəhlul bizim də sahənin bir hissəsini öz sahəsinə qataraq kompensasiyasını alıb aradan çıxıb. Əlaqə saxladıq, dedik ki, “payımıza girmisən”. Daş atıb başını tutdu ki, “sahə də mənimdir, pul da mənimdir”. Getdik icra hakimiyyətinə, dedik, “bizim sahəni başqası ilə alqı-satqı eləmisiz. Çıxarışda adımız ola-ola, alqı-satqı vaxtı bizi dəvət etməmisiz”. Dedilər, “bizi də aldadıb, artıq iş bizdən keçdi, get ver məhkəməyə””.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

“HAKİM QULAQARDINA VURDU”

Xədicə Əliheydərova deyir, qohumdan məhkəməyə şikayət ediblər. Yasamal rayon məhkəməsi onların xeyrinə qərar çıxarıb. Amma...

“Məhkəmə də təsdiqlədi ki, Bəhlul Səlimov bizim hissəmizə düşən pulu mənimsəyib. İcra hakimiyyəti də gördü ki, qanunsuzluqları məhkəmə tərəfindən də təsdiqlənib. Bəhlul apellyasiya şikayəti verəndə, icra hakimiyyəti də onun arxasında dayandı. Gözümüz görə-görə, qulağımız eşidə-eşidə icra hakimiyyətinin təsiri altında bizim xeyrimizə olan qərar dəyişdirildi. Guya ev söküldüyü üçün mübahisələndirilə bilməz. Ali Məhkəmə də həmin qərarı qüvvədə saxladı. Halbuki biz hələ də həmin evdə yaşayırıq. Məhkəmə vaxtı icra hakimiyyəti tələsik texnika-filan göndərdi, biz orada yaşadığımız üçün evə dəyə bilmədilər, ancaq bir divarını uçurdub getdilər. Məhkəmədə hakimdən tələb etdik ki, “sökülüb” dedikləri evə gəlib baxış keçirsinlər. Ancaq hakim qulaqardına vurdu”.

Beləcə, məhkəmə hələ də içərisində yaşayış olan evin mövcud olmadığı və buna görə də mübahisə predmeti hesab edilmədiyi barədə qərar çıxarıb.

Bəhlul Səlimov məhkəmədə bildirib ki, mübahisəyə çevrilən 23,6 kv.m sahənin qohumlara aidiyyəti yoxdur. Faktiki onun istifadəsində olub, bu barədə 61 saylı MİS tərəfindən arayış da verilib. Qiymətləndirməni də “Azərekspert” MMC aparıb. Bakı şəhər İcra Hakimiyyəti kompensasiyanı tam ödədikdən sonra sahəni tərk edib.

“BU MÜBAHİSƏ SONRADAN ÇIXDI”

Yasamal rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, söküntü ilə əlaqəli alınan mənzilin alqı-satqı sənədləşməsində Çıxarışda adı olan bütün mülkiyyətçilər iştirak edib:

“Düzü, sonradan bu mübahisə niyə çıxdı, bizə də aydın olmadı. Ancaq məhkəmələr bu məsələyə artıq öz hüquqi qiymətini verib”.

Xədicə Əliheydərova isə mülkün mübahisəsiz hissəsinə görə ayrılmış 65 min manat kompensasiyaya qane olmur. O, hesab edir ki, qohumuna verilmiş 183 min manatın 35 min manatı da xəbərsiz alqı-satqı olunmuş sahəyə görə onlara ödənilməlidir.

“AYRICA İDDİA QALDIRILMALIDIR”

Hüquqşünas Namizəd Səfərov deyir, Xədicə Əliheydərovanın həyat yoldaşı məbləğə görə ayrıca məhkəməyə müraciət etməlidir:

“Əvvəldən kompensasiya iddiası qoymadıqları üçün məhkəmə də yalnız həmin sahənin kimə məxsus olması ilə bağlı iddiaya baxıb. Ona görə də qərar yalnız “kimə məxsusdur” iddiası üzrə çıxarılıb – söküldüyü üçün müəyyən etmək mümkün deyil. Sökülüb-sökülməyib, bunu gərək iddiaçı tərəf sübut edəydi – videogörüntü, fotogörüntü, qonşular, şahidlərlə. İndisə onlar pulla bağlı ayrıca iddia qaldırmalıdılar”.

Hüquqşünas deyir, “Sovetski”dəki söküntülər orada yaşayan çox qohumları uzaq edib, onları məhkəmələrdə üz-üzə qoyub. Bu isə ondan irəli gəlir ki, köhnə tikililər ümumi mülkiyyətdir, orada yaşayanlar paylarını vaxtilə rəsmiləşdirməyiblər.

Buna da bax: Nardarandan son görüntülər. Silinən və qalan şüarlar

XS
SM
MD
LG