Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:45

Hüquq müdafiəçisi «kars»dan çıxarılıb


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

-

«Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov «kars»dan çıxarılıb. O, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib».

Bu haqda «Siyasi Məhbuslarsız Azərbaycan» Alyansının rəhbəri Oqtay Gülalıyev öz Facebook səhifəsində yazır.

Bundan əvvəl ailə üzviləri T.Xasməmmədovun səhhətindəki problemlərlə əlaqədar müalicə müəssisəsinə köçürülməsi üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdi. Ancaq bir qədər sonra onun cəza çəkdiyi 17 saylı müəssisədə cərimə kamerasına salındığı ilə bağlı məlumatlar yayıldı. Oqtay Gülalıyev yazır:

«T.Xasməmmədovu 15 günlük «kars»a salmışdılar. Problemin ictimailəşməsindən, bəzi yerli və beynəlxalq qurumların müdaxiləsindən sonra o, «kars»dan çıxarılıb. Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Səhhətində problemlər qalır. Zəif qidalanmanın, antisanitariyanın, baxımsızlığın və işgəncənin olduğu Azərbaycan həbsxanalarında bu xəstəliklər fəsada səbəb ola bilər. Onda güclü sinir ağrıları, halsızlıq, revmatizm var. Qan zəhərlənməsi və qıc olmadan əziyyət çəkir. Bu xəstəliklərin həbsxana şəraitində aradan qaldırılması mümkün deyil».

T.Xasməmmədov həbsdən öncə xəstəliyi ilə əlaqədar iki dəfə xarici ölkədə olub və müayinə olunub, əməliyyata ehtiyacı var.

«Çox təəssüf ki, onu şərləyib həbs edənlər bu təhlükənin fərqində deyillər. Belə olmasaydı, yuxarıda sadaladığım xəstəliklərdən əziyyət çəkən günahsız bir məhkumu «kars»a salmazdılar», - Oqtay Gülalıyev yazır.

Ötən həftə Penitensiar Xidmət açıqlama verərək həbsxanalarda işgəncə hallarının olması ilə bağlı mətbuatda səslənən fikirləri təkzib etmişdi. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən isə Azadlıq Radiosuna bildirmişdilər ki, T.Xasməmmədovla bağlı müraciət araşdırılır.

Taleh Xasməmmədov 2015-ci ildə xuliqanlıqda ittiham edilərək Göyçay rayon Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib.
O, bundan əvvəl də bir dəfə həbs edilib, prezidentin fərmanı ilə əfv edilərək azadlığa buraxılıb.

XS
SM
MD
LG