Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:24

Lənkəranın «qara bazar»ında 1 dollar 3 manatadır


Dollar
Dollar

-
Lənkəran rayonunda əksər bankaların filialları fəaliyyət göstərir. Lakin bu filiallarda ABŞ dollarının satışı demək olar ki, aparılmır. Şəhərin pul dəyişən «qara bazar»ında da qeyri-normal vəziyyət var. Əvvəllər olduğu kimi, burda kimsə əlinə pul alıb dəyişmir. Lakin ABŞ dollarını 3 manata dəyişənlər tapılır. İranla sərhəddə yerləşən Astara haqqında bunları demək olmaz. Burda yalnız «Kapitalbank»ın Astara filialı aktiv fəaliyyət göstərir. «Zaminbank»ın rayon filialı fəaliyyətini məhdudlaşdırıb. Digər bankların filialları isə bağlanıb.

ASTARADA DOLLARI TANIŞLIQLA VERİRLƏR...

«Kapitalbank»ın Astara filialında lövhədə 1 ABŞ dollarının alış qiyməti 1.55, satış qiyməti isə 1.68 manat yazılıb. Bank işçisinə yaxınlaşıb ABŞ dolları almaq istədiyimizi bildirdik. Lakin istəyimizə əhəmiyyət vermədilər. İsrar edəndə dedilər ki, dollar satılmır. Bank filialının qapısı ağzında dayanan bir nəfər bizə bildirdi ki, dolları tanışlıqla verirlər. Öyrəndik ki, ABŞ dollarının alış və satışı əvvəlki günlərə nisbətən azdır. Birinci devalvasiya vaxtı, deyilənə görə, bankın filialında gün ərzində 400-500 min dollar satılırmış. Satılan dolların isə İrana daşındığı söylənilirdi.

«Kapitalbank»ın filialı eyni zamanda pensiyaçılara, büdcədə işləyənlərə, həkimlərə, müəllimlərə və digər kateqoriyadan olanlara xidmət edir. Müştərilər saatlarla burda vaxtlarını itirirlər.

MAĞAZALARIN ÇOXU BAĞLANIB...

Manatın dəyərdən düşməsi sərhədyanı ticarətə də mənfi təsir göstərib. Burda mağazaların çoxu bağlanıb.

Astara gömrüyü.
Astara gömrüyü.

Sərhədyanı ticarətlə məşğul olan və adının çəkilməsini istəməyən Astara rayon sakini deyir ki, İranda əvvəllər 1 manat 39 min rialdan yuxarı idi. İndi 17-20 min riala düşüb. İki ölkənin istehlak məhsullarının qiymətləri arasında fərq azalmaqdadır. Azərbaycan manatı dəyərdən düşdüyündən etibarını itirib. İran Astarasında çox vaxtı manatdan imtina edirlər.

İran Astarasında 1 ABŞ dolları 35-36 min riala satılır. Manat həm ABŞ dollarına, həm də İran rialına nisbətdə ucuzlaşmaqda davam edir.

«PENSİYA KARTIMIZI BANKA VERMİŞİK...»

Manatın dəyərdən düşməsi dollarla kredit götürən kənd sakinlərinə də böyük zərbə olub. Astara şəhər sakini Akif Məmmədov deyir ki, bankdan 2000 dollardan çox kredit götürüb. İndi 2000 dollar 3000 manat olub:

«Həyat yoldaşım və mən pensiya alırıq. 4 övladım var, 4-ü də işləmir. Bu pulu necə verəcəyimi bilmirəm. Pensiya kartlarımızı vermişik banka ki, bizdən əl çəksinlər. Qalmışıq pulsuz, parasız».

Yük terminalı
Yük terminalı

Adının çəkilməsini istəməyən orta məktəb müəllimi də eyni problemlə üzləşdiyini dilə gətirir:

«Yeni il heç yadımıza düşmür. Hökumətimizə güvənib kredit götürmüşük. Bizim nə günahımız var? Bundan əvvəl ailə büdcəsini hesablayıb pul götürmüşəm. O vaxtı bu mənə əl verirdi. Bir ayda səfil günə düşdük».

MONOPOLİYA QALIR...

Astara Yük Terminalında son bir ayda yük maşınlarının azaldığını dedilər. Burda işləyənlərin dediklərinə görə, yük maşınlarının sayı gün ərzində 15-ə, 20-yə çatırdı. İndi elə gün olur ki, bir dənə yük maşını olmur. Sahibkarlar Azərbaycan manatının dəyərdən düşməsi nəticəsində İranda istehlak mallarının bahalaşmasını əsas gətirirlər. Sürücülər deyir ki, İrandan yük gətirmək sərf etmir. Digər tərəfdən, gömrükdə əvvəlki kimi monopolistlər meydan sulayırlar.

XS
SM
MD
LG