Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:34

Savalanda fındıq qabığı ilə ev qızdıranlar var


Soba
Soba

-

«Qəbələdən fındıq qabığı alıb gətirirəm, sobanı onunla qalayıram. Evləri qızdırıram, çayımı, yeməyimi o sobada hazırlayıram».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Bakının bir neçə kilometrliyində - Savalan yaşayış massivində yaşayan Əzizə Xatunova deyir.

KƏNDDƏN FINDIQ QABIĞI DAŞIYIB EV QIZDIRMAQ

Əzizə xanım 13 ildir ki, qızlarının təhsilinə görə Qəbələdən Bakıya köçüb. Övladları burada ailə qurduğundan onlara yaxın olmaq üçün paytaxtda qalmağı üstün tutub. Maştağa yolunun üstündə yerləşən, həmin vaxtlar hələ tək-tük evlər tikilmiş, sonradan əməlli-başlı yaşayış massivinə çevrilən ərazidən 3 sot torpaq alıb, xudmani ev tikib. Deyir, torpağı ona satan dəllallar nələr, nələr vəd etməyiblər – daimi işıq, su, qaz, kanalizasiya xətti...:

«Gördüm addımbaşı daşlar tökülüb, tikintilər gedir. Düşündüm, bundan yaxşı və qiymətdə ucuz yer tapmaram. Nə biləydim ki, yağış yağanda ayağıma uzunboğaz çəkmə geyinib həyətdə dolub-daşan anbarın nəcisini təmizləyəcəyəm... Kənddən fındıq qabığı daşıyıb ev qızdıracağam... Elə vaxt olur, ev tüstü ilə dolur, özüm də bronxlarımdan əziyyət çəkən adamam, məcbur qalıb ocağı həyətdə qalayıram».

Deyir, gətirsinlər qaz xəttini çəksinlər, sayğac da quraşdırsınlar, adamlar da pulunu ödəyib canlarını qızdırsınlar.

QAZ, İŞIQ, KANALİZASİYA YOXDUR

Ərazidə yerli-dibli qaz xətti yoxdur. Heç yolu, normal işığı, kanalizasiya xətti də yoxdur. Yalnız bəzi küçələrdə bir araya gələn sakinlər öz hesablarına işıq və kanalizasiya məsələsini həll ediblər. Ancaq qaz, yol problemi qalmaqdadır.

İsinmək üçün elektrik qızdırıcılarından istifadə etdiklərini deyən sakinlər hər ay 120-150 manat civarında işıqpulu ödəyirlər. Buna imkanı çatmayanlar məsrəfləri nisbətən azaltmaq üçün ölümsaçan qaz balonundan istifadə etməli olurlar. Savalan sakini Səbuhi Səfərov deyir, bu ilin ilk gecəsi qaz balonunun partlaması nəticəsində azyaşlı qızı dünyasını dəyişib:

«2015-ci il ailəmizə kədər gətirdi. Əslində ili günahlandırmaq düzgün olmazdı, bu faciəni ailəmizə illərdir qapılarında düşüb qaldığımız məmurlar yaşatdı... Qaz xəttinə görə döymədiyimiz qapı qalmayıb. Soyuqdan donmamaq üçün məcburiyyətdən qaz balonları işlədirik. Keçən il bayramı keçirib yatdıq. Səhər tezdən qaz balonunu alışdırmaq istəyəndə partladı, yoldaşımla qızım yandı...».

XÜSUSİ LİSENZİYASI OLAN ŞİRKƏTLƏRLƏ DANIŞMAQ

Əsasən də qış aylarında yanğın, qəza bu tərəflərdən əskik olmur. Sakinlər deyir, «Azəriqaz» İstehsalat Birliyinə, Sabunçu rayon qaz idarəsinə, Maştağa qəsəbəsinin icra nümayəndəliyinə gedib-gəlsələr də, ya onları qəbul edən olmayıb, ya da müsbət cavab almayıblar.

Sabunçu rayon Qaz İdarəsindən «Qaynar xətt»ə bildirilib ki, Savalan yaşayış massivinin qazlaşdırılması «Dövlət proqramı»na salınmadığı üçün bu problemi sakinlər öz hesablarına həll etməlidilər. «Azəriqaz» İB yalnız sayğacları pulsuz təmin edir. Ərazinin qaz şəbəkəsinin layihələndirilməsi, qaz xətlərinin çəkilməsi və s. işləri sakinlər bunun üçün xüsusi lisenziyası olan tikinti şirkətləri ilə danışıb həll etməlidilər.

XS
SM
MD
LG