Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Rasimi döyənlərin məhkəməsi başlayır


Rasim Əliyev
Rasim Əliyev

-

Bu ilin avqustunda döyülərək öldürülən jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə prosesinin vaxtı bəlli olub. Məhkəmə gələn il yanvarın 5-də saat 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Məhkəmə prosesinə hakim Eldar İsmayılov sədrlik edəcək.

Bu haqda AzadlıqRadiosuna Rasim Əliyevin vəkili Əshabəli Mustafayev məlumat verib.

Beş nəfər - Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev jurnalisti döyərək öldürməkdə təqsirli bilinirlər.

Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib.

Bununla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı yuxarıda adı sadalanan şəxslərlə yanaşı, «Qəbələ» klubunun sabiq kapitanı Cavid Hüseynov da saxlanılıb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir. Ancaq sonradan cinayət işinin materiallarından C.Hüseynovla bağlı iş ayrıca icraata götürülüb.

Adı sadalanan beş nəfər Rasim Əliyevi Facebook-da Cavid Hüseynov haqqında yazdığı fikrilərinə görə döyüblər.

XS
SM
MD
LG