Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Burda yay-qış uzunboğaz çəkmə geyirlər


İllüstrasiya
İllüstrasiya

►“Bəzən yağış günlərlə yağır. Küçələr su içində qalır. Gölməçələrdəki yağış suları az qala dizə qalxır”

Cəlilabadın mərkəzi yolları abad olsa da, kəndlərə aparan qolları bərbad gündədir. Kazımabad kənd sakinləri hər yağış yağandan sonra bu yollarda əziyyət çəkdiklərini deyirlər.

Kazımabadlı İsmət dayı yolu şalvarının ətəyini qatlayıb keçir:

“Bu kənd hamının yadından çıxıb. Nə bələdiyyə, nə icra nümayəndəliyi yola baxır. Məcburuq ki, ilboyu uzunboğaz çəkmə geyinək, bunsuz mümkün deyil. Son günlər yağışlar güclənib. Vəziyyət daha da çətinləşib”.

Buna da bax: Michel Platini də vəzifədən kənarlaşdırıldı

“DÜŞÜRÜK ÇUXURA, ÇIXA BİLMİRİK”

Son günlər yağan şıdırğı yağışlar yollarda daha çox sürücülərin işini çətinləşdirib. Kənddən Cəlilabadın mərkəzinə müştəri aparıb-gətirən sürücü Ənvər Dadaşov qazandığı pulun çox hissəsini “Jiquli”nin üstünə qoyduğunu deyir:

“Yağışdan sonra suyun altında qalan çuxurları görmək olmur. Düşürük çuxura, çıxa bilmirik. Maşın da indi kənddə çox ailələrin çörək ağacıdır. Məcbur qalıb borca-xərcə girib təmir etdirməli oluruq”.

Kəndin özündə də yol infrastrukturu baxımsız vəziyyətdədir. Bir sözlə, Cəlilabadın əksər kəndləri yağışdan sonra eyni aqibəti yaşayır. Yayı tozlu-tozanaqlı, payızı-qışı palçıqlı..

Ənvər Dadaşov sözünə davam edir:

“Məktəb yolun o üzündədir. Uşaqlara qaloş geyindirib məktəbə yola salırıq. Küçənin palçığı evlərimizdədir”.

Buna da bax: Neftçala poliklinikası- şəfa yoxsa xəstəlik məkanı?

KANALİZASİYA DA YOXDUR

Kənd ağsaqqallarından olan Ənvər Dadaşov deyir, problem təkcə yolların bərbad olmasında deyil, həm də kanalizasiya sisteminin yoxluğudur:

“Kanalizasiya olmasa, hər şey yalandır. Hər yağışdan sonra vəziyyətimiz budur. Sular yığılır yollarda, qəzalar artır, üst-başımız palçıqlı… Gərək bələdiyyə, icra nümayəndəliyi düşünsün bu barədə”.

Sakinlər bildirirlər ki, bəzən yağışların arası kəsmir, günlərlə yağır. Onda vəziyyət lap ağır olur. Küçələr su içində qalır. Əmələ gələn gölməçələrdəki yağış suları az qala dizə qalxır. Sakinlər kənddə heç olmasa, suçəkən nasosların quraşdırılmasını istəyirlər.

Cəlilabad rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, kənd yollarının təmiri ilə bağlı layihə hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Kazımabad da belə kəndlərin siyahısındadır. Layihəni gerçəkləşdirmək üçün isə zamana ehtiyac var.

XS
SM
MD
LG