Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:40

«The Washington Post»: «Xeyr, bu, Azərbaycandakı repressiya barədə həqiqətdir»


Mehriban Əliyeva və İlham Əliyev prezident seçkisində səs verirlər - 10 oktyabr 2013.
Mehriban Əliyeva və İlham Əliyev prezident seçkisində səs verirlər - 10 oktyabr 2013.

-

ABŞ-ın nüfuzlu «The Washington Post» qəzeti Azərbaycanla bağlı növbəti redaksiya məqaləsini dərc edib. Yazı Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın bu yaxınlarda Parisdə üzləşdiyi insidentin təsviri ilə başlanır. Parisdə «Azərbaycan – tolerantlıq məkanı» adlı fotosərginin açılışında bir araşdırmaçı-jurnalist Birinci xanımdan soruşur ki, Azərbaycan doğrudanmı dözümlülük məkanıdır? Axı ölkədə xeyli sayda siyasi məhbus var. «Bunu necə dilə gətirirsiniz?» - xanım Əliyeva acı-acı cavab verir. «Bu, həqiqət deyil».

O, jurnalistə məsləhət görür ki, düzgün informasiya əldə etsin. Onda jurnalist insan haqları fəalı Leyla Yunus və jurnalist Xədicə İsmayılovanın məhkum edilməsi barədə soruşur. Cavab gəlmir; Birinci ledi çevrilib gedir, təhlükəsizlik işçiləri isə jurnalisti uzaqlaşdırırlar.

DÜZGÜN İNFORMASİYA ÜÇÜN BAXIN

«The Washington Post» yazır:

«Həmin jurnalist, eləcə də xanım Əliyeva və həyat yoldaşı, prezident İlham Əliyev «düzgün informasiya» istəyirsə, Avropa Parlamentinin Azərbaycanla bağlı sentyabrın 10-da qəbul etdiyi qətnaməni oxusunlar. Qətnamədə bildirilir ki, Azərbaycanda insan haqlarının durumu son bir neçə ildə davamlı şəkildə pisləşib, insan haqları fəalları, jurnalistlər və vətəndaş cəmiyyətinin digər üzvlərinin qorxudulması və repressiya olunması artıb. Qətnamədə deyilir ki, 2006-cı ildən bəri Bakının mərkəzində dinc etiraz aksiyaları qadağan edilib, jurnalistlər davamlı qorxudulma və təqibə məruz qalıb. Meydan TV onlayn xəbər şəbəkəsinin təsisçisi Emin Milli də onların sırasındadır, ölüm hədələri alıb.

Bir az da «dəqiq informasiya» lazımdır? Azərbaycan bu yaxınlarda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakıdakı ofisini bağlayıb, demokratiya və insan haqlarını monitorinq edən daha bir vacib kanalı susdurub. Avropa Parlamentinə görə, son 10 ildə bütün Avrasiya ərazisində məhz Azərbaycanda demokratik idarəçilik sahəsində ən böyük eniş baş verib. Avropa Birliyinin Azərbaycanla insan haqları dialoqu isə əsaslı irəliləyişə nail ola bilməyib».

QƏTNAMƏDƏN SONRA NƏLƏR OLDU

Redaksiya məqaləsində daha sonra qeyd olunur ki, Azərbaycandakı durumla bağlı bu ittiham aktı təsdiqlənəndən bir gün sonra hökumət Avropa Komissiyasının planlaşdırılan səfərini təxirə salır. Nümayəndə heyəti Azərbaycanla strateji tərəfdaşlıq razılaşmasını müzakirə edəcəkdi.

«Bir neçə gün sonra cənab Əliyev Bakıda məktəblilərlə görüşündə bəyan edir ki, «Bəzi qüvvələr istəyirlər Azərbaycanı özlərinə tabe etsinlər ki, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək». Cənab Əliyev əlavə edib ki, «Bu gün Azərbaycan etibarlı əllərdədir. Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz». Prezident Avropadakı qaçqın böhranıyla bağlı avropalılara sual edir ki, «Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?!»».

ÖRT-BASDIR MÜMKÜN OLMAYACAQ

«Cənab Əliyev uzun müddət inanıb ki, ölkədə narazıları repressiya edib, xaricdən gələn tənqidlərin də ağzından vura biləcək. O, xoşniyyətli işlərə səxavətlə milyonlarla dollar xərcləyib. Bu il Bakıda keçirilən Avropa Oyunlarına əlavə milyonlar sərf olunub, iştirakçı atletlər isə insan haqları pozuntuları barədə deyilənləri vecə almayıb».

«Ancaq cənab Əliyev həmişəlik belə davam edə bilməz. Xanım Yunus və həyat yoldaşı Arif, eləcə də xanım İsmayılovaya dəhşətli münasibət bütün dünyanın diqqətini cəlb edib. Bütün bunları Parisdə dəbdəbəli fotosərgilərlə ört-basdır etmək mümkün olmayacaq».

Hakimiyyət təmsilçiləri ölkədə fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirir. Beynəlxalq medianın, eləcə də beynəlxalq hüquq-müdafiə təşkilatlarının tənqidləri ölkəyə qarşı «qarayaxma» kampaniyası kimi dəyərləndirilir. Bir müddət əvvəl rəsmi «Azərbaycan» qəzeti isə «The Washington Post» və «The Guardian» qəzetlərini ikitərəfli münasibətlərdə əldə olunmuş «atəşkəsi pozmaqda» ittiham edən məqalə yayıb.

XS
SM
MD
LG