Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:29

«Avadanlıqlar sıradan çıxır, göz-gözü görmür»


Elektrik lampası.
Elektrik lampası.

-

««Azərişıq»a dəfələrlə yazmışam: Bir vətəndaş kimi maraqlanıram, Digahın gündəlik işıqlandırılmasına büdcədən nə qədər vəsait xərclənir? Cavab vermirlər... Əlbəttə ki, cavab verə də bilməzlər... Çünki sildikləri milyonlarla ölçülən pulların qarşısında göstərdikləri xidmət qəpiyə dəymir».

Digah əhli elektrik işıqlandırılmasından narazılıq edir. Kənd sakini Vaqif Eyvazlı deyir, son 15 ildə kənddə içərisindən gur işıq süzülən ev olmayıb:

«Kəndin buraları yeni yaşayış yeri salınmış tərəfdir. Bu tərəflərdə elektrik enerjisinin keyfiyyəti çox aşağıdır. Zərərini də biz görürük. Şəxsən mən iki dəfə televizor dəyişmişəm. Hazırda da sonuncu televizorum işləmir. Qonşularda birinin soyuducusu, o birinin paltaryuyan maşını xarabdır. Elektriklə işləyən nə varsa, uzağı, üç gün çəkir, xarab olur. Səbəb də elektrik gərginliyinin normadan dəfələrlə aşağı olmasıdır».

ÖLƏZİYƏN ŞAM

Başqa sakin Həmid Abbasov deyir, ərazidəki mənzillər sayğaclaşdırılıb, bildiriş alıb işıqpulu ödəyirlər. Ancaq işığa həsrətdirlər:

«İşıq var... Yəni adı var... Ancaq evimizdəki elektrik lampaları öləziyən şamı xatırladır... O qədər zəifdir ki... Göz-gözü görmür. Yayda bir az artır. Qışda lap azalır. Məişət avadanlıqlarımız sıradan çıxır».

Sakinlər bildirirlər ki, ərazidəki evlərin sayı durmadan artır. Sayğaclar da quraşdırılır. Ərazidə artımlar olduqca, enerjiötürücülərin də gücü azalır. Əsas problem də budur ki, ötürücülər dəyişdirilmir.

Həmid Abbasov: «Bizə bildirirlər ki, evlərin sənədləri qaydasında olmadığına görə «Azərişıq» əraziyə texniki şərt vermir. Halbuki sənədimiz də var, evlərin çoxunda texniki şərt də var. Bunlar bəhanədir. Son iki ildə müraciətlərimizi daha da artırmışıq. Abşeron rayon İcra Hakimiyyətinə, keçmiş «Azərenerji»nin regional bölməsinə, «Azərişıq» ASC-yə yazırıq».

Yeni yaşayış massivinin işıqlandırılmasına «Sumqayıt Regional Elektrik Şəbəkə» cavabdehdir. Qurumdan bildiriblər ki, ərazidəki evlərin əksəriyyəti sənədsiz olduğundan enerji təchizatı üçün texniki şərt verilməyib.

İSTEHLAKÇIYA ÖDƏNİŞ OLMALIDIR

Hüquqşünas Fuad Hüseynov deyir, ölkədə alternativ elektrik təchizatı şirkətləri olmadığından, yəni bu sahə inhisarda olduğuna görə abonentlər yalnız «Azərişıq» ASC xidmətlərindən yararlanmaq məcburiyyətindədirlər. Ancaq qanunvericilik enerji təchizatı müəssisəsinin abonent qarşısında bir sıra öhdəliyini müəyyənləşdirib:

«Abonent pul ödəyib xidmət tələb edən tərəfdir. Məsələn, enerji təchizatı müəssisəsinin təqsirindən istehlakçıya aşağı keyfiyyətli elektrik enerjisi buraxıldıqda, müəssisəsi buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinin dəyərinin 25 faizi məbləğində istehlakçıya ödəniş ödəməlidir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən istehlakçıya ziyan dəyibsə, məsələn, elektrik avadanlıqları sıradan çıxıbsa, enerji təchizatçısı istehlakçı qarşısında maddi məsuliyyət daşıyır».

Hüquqşünas deyir ki, normal elektrik enerjisi ilə təmin olunmayan, üstəlik bundan zərərə düşən vətəndaşlar məhkəməyə müraciət edə bilərlər.

XS
SM
MD
LG