Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:57

«Biz piyada, onlar kondisionerli maşınlarda...»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Biri bunları başa salsın ki, fermerin işini ləngidəndə o fermer nəyi var, zərərə düşür. Vaxtında texnika verilmirsə, torpaq şumlanmaya gecikir, su verilmirsə, əkib-becərdiyin yanıb külə dönür, çəkdiyin xərc havaya sovrulur. Dövlət başçısı fermerlərə diqqətdən danışır, ancaq rayonlarda onları süründürürlər, aşağılayırlar, üstəlik zərərə, stressə salırlar».

Bunu Ağdamdan köçkün düşüb Biləsuvarda məskunlaşmış 80 yaşlı Əli Hüseynov deyir.

ARPA, YONCA ƏKƏ BİLMİR

Əli Hüseynovun oğlu gənc yaşında Qarabağ müharibəsində həlak olub. Ailə dövlətdən indiyədək heç bir imtiyaz görməyib. Heç umacağı da yoxdur. İstədiyi tək bir şey sahibi olduğu 60 hektar sahədə fermer kimi fəaliyyətinə əngəl yaradılmamasıdır. Deyir, Biləsuvarda 60 hektar ərazisi olan torpaq sahəsi var. Bir hissəsində ferma tikib. Torpaq şoran olduğu üçün arpa, yonca əkə bilmir. Öz təbirincə desək, uzunmüddətli «çənə-boğazlardan» sonra ona rayonun Su-Kanal İdarəsindən bir traktor ayrılıb ki, şoranlığı təmizləmək üçün qazıntı işləri aparılsın. Ancaq fermerin işi irəli getmir ki, getmir. Səbəbindən özü danışır:

«Onsuz da bütün işləri şəxsi vəsaitim hesabına görürlər. Halbuki, bu işi elə müvafiq dövlət qurumları özləri görməlidir. Ancaq düşündüm ki, bunlardan hələ bir traktor almaq üçün əsəb xəstəliyi tapmışam. O ki qala, bunlar mənə pulsuz iş görə, bunu heç yatıb yuxuda da görmək mümkün deyil. Düz iki ildir ki, o traktoru veriblər mənə, heç nəyə də yaramır. Ərazinin yarısı qazılıb, yarısı qalıb. Bir neçə günlük iş var orda, ancaq iki ildir qapılarında qoyublar məni, işi başa çatdırmırlar…».

80 yaşlı fermer deyir, böyük bir ailənin gözü bu sahəyə dikilib:

«İş yox, güc yox... Heç yerdən gəlir yox, dövlət də başımızı buraxıb ki, «gedin, bildiyiniz kimi sağ qalın». Heç olmasa, həyatımıza belə əngəllər yaratmasınlar».

Əli Hüseynov düşünür ki, dövlət başçısı fermerlərin fəaliyyəti üçün yerlərdəki məmurlara tapşırıq verir, məmurlarsa qulaqardına vurur:

«Biləsuvarın icra başçısının qəbuluna getdim. Göstəriş verdi ki, Əli kişinin işi qısa müddətdə başa çatdırılsın. Təbii ki, yenə də şəxsi vəsaitim hesabına... Amma yenə bir nəticəsi olmadı. Sonradan göstərişinin yerinə yetirilmədiyini ona demək üçün dəfələrlə icra aparatına getdim, ancaq qəbuluna düşə bilmədim. Heç teleqramlarıma da cavab gəlmədi. Çünki özləri də yaxşı bilirlər ki, vədləri mənim kimi sadə adamları yola vermək üçündür».

«ÇATA BİLMİRİK ONLARA»

Əlinin yerdən-göydən üzüldüyünü deyən fermer ölkə başçısından kömək istəyir:

«80 yaşım var. Xəstə adamam. Dövlətdən heç nə istəmirəm. Heç olmasa, mənə zərər vurmasın. Xəstə, qoca adamı salıblar qapılara. O bunun üstünə göndərir, bu, onun üstünə. Biz piyada, məmurlarsa kondisionerli maşınlarda... Çata bilmirik onlara...».

Biləsuvar rayon İcra Hakimiyyətindən bildiriblər ki, bir müddət əvvəl icra hakimiyyətinin başçısı Mahir Quliyev 80 yaşlı Əli kişini qəbul edib. Ona torpaq sahəsində görülməli işlərlə bağlı kömək olunması üçün tapşırıqlarını verib. Hətta torpaqda işlər də aparılıb. Bu işlər fermeri qane etməyibsə, icra hakimiyyəti olaraq ona yenə kömək etməyə hazırdırlar. Yetər ki, bir daha müraciət etsin.

XS
SM
MD
LG