Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:28

Statistika Komitəsinin dolma məntiqi


Caspian Drillinq Company Ltd-ninn saytından görüntü
Caspian Drillinq Company Ltd-ninn saytından görüntü

.

DOLMA MƏNTİQİ...

Dövlət Statistika Komitəsi yazır ki, 2015-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan, başqa sözlə, əməkhaqqına baxan işçilərə orta hesabla ayda 457,2 manat hesablanıb.

Amma Azərbaycanda dövlət şirkətində işləyib bundan 150 dəfə çox maaş alanlar da var. Yəni, məsələ bir az kələm yeyən kasıbla ət yeyən varlının orta hesabla dolma yeməsinə bənzəyir.

4 NƏFƏRƏ İLƏ 3 MİLYON 300 MİN DOLLAR QAZANC

SOCAR-ın nəzarət etdiyi “Caspian Drillinq Company Ltd” şirkətinin bugünlərdə yayılan maliyyə hesabatında qeyd olunur ki, şirkətin 4 nəfərdən ibarət olan menecmenti (baş direktor və onun 3 müavini) ötən il özlərinə əmək haqqı, mükafatlar və digər qeyri-pul imtiyazları, o cümlədən tibbi sığorta, istirahət üçün müavinət, yanacaq pulu və s. formada nə az, nə çox – 3 318 000 ABŞ dollar məbləğində ödənişlər ediblər. Şirkətin rəhbərliyinin gəlirləri əvvəlki ilə nəzərən 433 min dollar artıb.

"Neftin qiymətinin azaldığı və hasilatın düşdüyü bir vaxtada belə şişirdilmiş əməkhaqlarından korrupsiya iyi gəlir. Hazırda məhz elə bu səbəblərdən dövlət neft şirkətində ixtisarlar davam etməkdədir. Hər halda şirkətin rəhbərliyimiqyaslı ixtisarları elə bu amillərə əsaslandır”, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı belə deyir.

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
BU MƏBLƏĞDƏN NİYƏ KORRUPSİYA QOXUSU GƏLİR?

M. Qəhrəmanlının sözlərinə görə, hazırda Azərbaycanda neftçilərin orta aylıq əməkhaqqı 500-1500 manat arasındadır. Bəzən bu rəqəm 2 000 manata çatır. Amma yüksək əməkhaqqı hər sahədə deyil, yalnız dəniz platformalarında çalışan işçilərə aiddir. Yəni, dəniz şəraitindəki işdə verilən əlavə ödənişə görə işçilərin əməkhaqqı yuxarı ola bilər. Bu, qazmaçılara da aiddir. Amma dövlət sektorunda çalışan Azərbaycan neftçilərinin baza əməkhaqqı, onların işlədikləri sahədən asılı olaraq, 500-700 manat arasındadır.

Ekspertlərin bir çoxu belə hesab edir ki, Azərbaycanda həmkarlar ittifaqları öz vəzifələrinin öhdəsindən gəlmədiyi üçün şirkətlərdə rəhbərlik və sıravı çalışanların əməkhaqları arasında bəzən kəskin uçurum yaranır.

RÖVNƏQ ABDULLAYEVDƏN ÇOX QAZANANLAR...

“Caspian Drillinq Company Ltd” şirkətinin 4 nəfərlik rəhbərliyi SOCAR prezidenti Rövnəq Abdullayev də daxil olmaqla dövlət şirkətinin 11 nəfərlik idarəedicilərindən 8 dəfə çox rəsmi gəlir götürürlər. SOCAR-ın audit olunmuş maliyyə hesabatında qeyd olunur ki, 2014-cü ildə bu şirkəti idarə edən 11 nəfər əməkhaqqı, mükafat və başqa ödənişlər şəklində şirkətdən 400 min manat, devalvasiyaya qədərki məzənnə ilə 500 min dollar gəlir əldə ediblər.

Dövlət Neft Fondunun hesabatında isə müstəqil auditor təsdiq edib ki, neft pullarını idarə edən qurumun 3 nəfərdən ibarət rəhbərliyinə ötən il 97 min manat, 2013-cü ildəkindən 12 min manat az pul ödənib.

Beləliklə, bu 3 neft qurumunda rəhbərlikdə çalışanların 2014-cü ildə orta aylıq gəliri belədir:

  • “Caspian Drillinq Company Ltd” MMC - 54 000 manat,
  • SOCAR – 3 030 manat,
  • ARDNF - 2700 manat.

“Caspian Drillinq Company Ltd” MMC-nin rəhbərliyinin “pis yaşamadığını” göstərən başqa bir müqayisəni bank sektorundan gətirmək olar. Ölkənin ən gəlirli banklarından olan“Kapital Bank” AS-nin 25 nəfərlik menecmenti 2014-cü ildə 13 010 manat orta aylıq əməkhaqqı və başqa ödənişlər alıb.

Əkrəm Həsənov
Əkrəm Həsənov
EŞİDƏN ŞÜBHƏLƏNİR...

Vəkil Əkrəm Həsənov menecmentin “Caspian Drillinq Company Ltd” MMC-də olduğu kimi yüksək maaş almasını hüquqi cəhətdən mümkün hesab edir: “Qanun bunu qadağan etmir. Xarici təcrübədə də belə hallara rast gəlinir. Lakin orada adətən bu, menecmentə deyil, konkret hansısa xüsusi istedadlı şəxsə aid olunur”. deyib.

Hüquqşünas AzadlıqRadiosuna deyir ki, xarici ölkədə xəstəxana müdiri, məsələn, 5000 dollar alır, amma həkimlərdən biri 20 000 dollar da ala bilər: “Çünki həkimə müraciət edən pasiyent çoxdur. Bu, normal və sağlam haldır. Amma SOCAR və onun törəmə şirkətinin nümunəsində olduğu kimi, əsas şirkətin rəhbərinin qrup üzvünün rəhbərindən az əməkhaqqı alması sağlam ola bilməz. Burada qanun birbaşa pozulmasa da, məsələnin sağlam olması şübhə doğurur”.

Sahib Məmmədov
Sahib Məmmədov

Bənzər mövqeni Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov da paylaşır. O deyir ki, BP Azərbaycan şirkətində də belə əməkhaqqları var: “Ümumi prinsiplərdən yanaşıldıqda kommersiya qurumu əməkhaqqının yuxarı həddini özü müəyyən edir. Əsas məsələ odur ki, bu məbləğdən gəlir vergisi və sosial ödəmə tutulsun.

Bununla belə, bu əməkhaqqı digər işçilərlə adekvat olmalıdır və ya heç olmasa nisbətən yüksək olmalıdır. Əgər göstərilən rəqəmlər doğrudursa, o zaman həmin müəssisədə işləyən fəhlə 500-600 manat, və ya aşağı alırsa, bu, əlbəttə, ədalətli deyil”.

Qazma şirkətinin menecmentinə bir neçə milyon dollarlıq əməkhaqqı ödənişi beynəlxalq ekspertlər də birmənalı qarşılamırlar. Neft sektorunda korrupsiyaya qarşı mübarizə aparan“Global Witness” təşkilatının nümayəndəsi Bernabi Peys (Bernaby Pace) AzadlıqRadiosuna bildirib ki, dövlət vəsaitlərinin ələ keçirilməsi cəhdi təəssüratı yaradan bu tipli şübhə doğuran əməliyyatlar araşdırma üçün ciddi əsaslar verir.

YENƏ DƏ ANAR ƏLİYEV...

“Caspian Drillinq Company Ltd”-də SOCAR 92.44% və “Union Grand Energy PTE LTD” (“UGE”) şirkəti isə 7.56% paya sahibdir. İkinci təsisçi SOCAR-la qeyri-şəffaf mühitdə çoxsaylı ortaqlıqlar quran Anar Əliyevin (Əlizadənin) Sinqapurdakı şirkərlərindən biridir.

Hələ 1996-ci ildə “Santa Fe” şirkəti ilə birgə dənizdə qazma işləri həyata keçirmək üçün yaradılan ortaqlıqda payın bir hissəsi (7%) 2009-cu ildən sonra SOCAR-ın şəriki Anar Əliyevə aid olduğu bildirilən “Heritage General Trading FZE”(BƏƏ) şirkətinin nəzarətinı keçdi. Çox güman ki, sonrakı mərhələdə bu pay Anar Əliyevin digər şirkətin (“Union Grand Energy PTE LTD”) mülkiyyətinə ötürülüb.

Caspian Drilinq Company Xəzərdə qazma xidmətlərini Azəri-Çıraq-Günəşli (neft) və Şah-Dəniz (qaz) yataqlarında istismar edilən “Dədə-Qorqud” və “İstiqlal” səyyar dəniz qazma qurğuları vasitəsilə həyata keçirir. Şirkətin “Caspian Drilling International Ltd”, “Caspian Drilling Company USA LLC” və “Caspian Drilling Company (Israel) Ltd” kimi törəmə müssisələri də var. Hazırda şirkət ARDNF-nin sifarişi ilə yeni yarımdalma qazma qurğusunun inşası ilə məşğuldur.

Hələlik “Caspian Drillinq Company Ltd” şirkətinin özündən rəhbərliyə bu qədər iri məbləğdə əməkhaqqı hesablanması ilə bağlı suallara aydınlıq gətirmək mümkün olmayıb.

XS
SM
MD
LG