Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

"Zorlama adıyla torbamı tikiblər"


Rahim Nəsirov
Rahim Nəsirov

-

Şəki polisi onu axtarır, o isə Bakıda parklarda yatmağa məcburdur

“Mayın ortalarından ev-eşiyimdən didərgin düşmüşəm. Mən haqsızlığa biganə qalmayan adamam.

Təkcə özümə görə yox, başqalarına görə də səsimi çıxarmağı bacarıram.

Bu da Şəki polisini qane etmir. Nə yolla olursa-olsun, məni şərləyib həbs etmək istəyirlər”.

Şəki sakini Rahim Nəsirov belə deyir. O, əvvəllər də “Qaynar xətt”ə gah Şəkidəki susuzluqdan, gah yollardan, gah təhsil şöbəsinin rəhbərliyinin rayondakı şahmat məktəbində restoran açmasından, gah da polislərin sahibkarlardan pul yığmasından danışıb.

Rəsmi qurumlar da hər dəfə Rahim Nəsirovun dediklərini təkzib ediblər. Onu rayonun “demaqoqu” adlandırıblar.

“Bir dəfə qardaşımı şərləyib tutdular ki, guya polisə tabe olmayıb. 15 sutka verdilər. Yenə susmadım. İndi də üzümə bir qadın durğuzublar. Guya mən onu zorlamışam”.

Deyir, bu il mayın 16-da yaşadığı ərazinin sahə müvəkkili evinə gələrək onu polis şöbəsinə aparmaq istəyib. O da “rəis çağırış vərəqəsi göndərsin, gəlim”, deyib. Çağırış vərəqəsi gəlməyəndə özü şöbəyə zəng vurub:

“Soruşdum məni niyə axtarırsız? Dedilər, “gəl, biləcəksən”. Tələb etdim ki, mənə çağırış vərəqəsi yollasınlar. Bildirdilər ki, “barəndə şikayət var, gəlməsən, başın ağrıyacaq”.

Rahim Nəsirov deyir, hədələndiyinə görə, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib, rayon prokurorluğuna məktub göndərib. Elə “başağrıları” da bundan sonra güclənib.

“Müraciətimə cavab verən olmasa da, özümə hədələr artdı. Başladılar evimizə gəlib-getməyə. Hər dəfə onlar gələndə mən qonşunun damına dırmaşıb ordan qaçırdım. Gəldim Bakıya. Gördüm ki, burda da qohumların evinə zəng vurub narahat edirlər. Qaldım küçələrdə. Parklarda skamyalarda yatıram”.

TAKSİ SÜRÜCÜSÜNƏ SEVGİ MESAJLARI

Rahim Nəsirovun deməsinə görə, şəxsi avtomobili ilə taksi xidməti göstərir. Onunla üz-üzə qoyulan qadın bir neçə dəfə taksi kimi xidmət göstərdiyi müştəridir:

“Həmin qadın əslən şəkili olsa da, özü başıma gələnlərdən təqribən 1 ay əvvəl Şəmkirdən gəlmişdi. Maşınıma da müştəri kimi oturmuşdu. Düşəndə dedi, “qərib yerdənəm, vizit kartı ver, nə qədər ki, Şəkidəyəm, mənə taksi xidməti göstər”.

Şəki polisindən isə bildirirlər ki, Rahim Nəsirov şöbəyə daxil olmuş bir şikayət ərizəsi əsasında başlanmış cinayət işi ilə bağlı dindirilmək üçün dəvət olunsa da, çağırışdan yayınır.

Nömrəmi verdim, arada zəng vurub çağırırdı, dediyi ünvanlara aparırdım. Sonra başladı mənə sevgi mesajları yazmağa. Başa düşdüm ki, əməlisaleh insan deyil, bunu mənə tərəf istiqamətləndirən var. Çünki mən həmişə polisdən qorunmuşam. Bəli, əslində polis məni qorumalıdır, ancaq necə olubsa, həmişə mən polisdən qorunmuşam. Bu ölkədə sözün düzünü deyən özünü polisdən qorumalıdır. Qadına yazdım ki, “bir də mənə mesaj yazsan ailənə xəbər edəcəm”. Mesaj dayandı, ancaq əvəzində 2 gün sonra qapıma polis gəldi ki, “səndən şikayət var, qadın zorlamısan”.

Rahim Nəsirov polis işçilərinin ailə üzvləri ilə kobud rəftar etdiyini, yaxın qohumlarını şöbəyə dəvət edib saatlarla orada saxladığını deyir:

“Mən başıma gələnlər barədə hər yerə yazmışam. Tədbir görsünlər. Özüm də bilirəm ki, məni tutacaqlar. Qohumlarıma təzyiq etməklə, nə yolla olursa-olsun, mənim polisə təslim olmağımı istəyirlər. Ailəmi incidirlər. O qadın izahatlarında guya onu zorladığımı yazır. Ancaq polis şöbəsində qohumlarıma şifahi bildirir ki, onun özünə də təzyiq edirlər”.

Şəki polisindən isə bildirirlər ki, Rahim Nəsirov şöbəyə daxil olmuş bir şikayət ərizəsi əsasında başlanmış cinayət işi ilə bağlı dindirilmək üçün dəvət olunsa da, çağırışdan yayınır. Polis Şəki sakininin ailəyə təzyiqlə bağlı dediklərini təkzib edib.

XULİQANLIQ MADDƏSİ İLƏ CİNAYƏT İŞİ AÇILIB

Mən səsimi nazirə çatdırmamış şöbəyə gedən deyiləm. Ərizə yazıram ki, Şəki polisi məni incidir, ərizəmi götürüb yollayırlar həmin şöbəyə ki, araşdırılsın. Mənə torba tikənlərdən etdiyim şikayəti elə torba tikənlərə göndərirlər.

Bu il iyulun 11-də Şəmkir sakininin polis şöbəsinə daxil olmuş ərizəsi araşdırılıb. Həmin ərizə əsasında Rahim Nəsirov barəsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Rahim Nəsirov iyulun 30-da saat 15.00-a Şəki Polis Şöbəsinin istintaq bölməsinə dəvət olunub.

Rahim Nəsirov isə ailəsiylə əlaqə saxladığını, iyulun 30-na olan dindirmə ilə bağlı çağırış vərəqəsinin iyulun 31-də ailəyə çatdığını deyir:

“Özləri oyun qurublar ki, mənə bir də istintaqdan yayınmaq kimi cinayət işi açıb axtarışa versinlər. Mən səsimi nazirə çatdırmamış şöbəyə gedən deyiləm. Ərizə yazıram ki, Şəki polisi məni incidir, ərizəmi götürüb yollayırlar həmin şöbəyə ki, araşdırılsın. Mənə torba tikənlərdən etdiyim şikayəti elə torba tikənlərə göndərirlər. Onlar da bir parça kağız göndəriblər ki, “barəndə cinayət işi var, “dur, gəl gir kameraya””.

Şəki sakini Daxili işlər nazirinə və Baş prokurora müraciət edir və Şəki polisinin əməlləri ilə bağlı tədbir görülməsini istəyir.

XS
SM
MD
LG