Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Konqresmen deyir ki, Bakıda ona verilən xalça anbardadır


Danny Davis
Danny Davis

-

ABŞ Nümayəndələr Palatasının üzvü Danny Davis bazar ertəsi deyib ki, Bakıya səfər zamanı ona hədiyyə verilən xalça hələ də evinin anbarında qatı açılmamış qalıb və onun üçün «heç bir şəxsi dəyəri yoxdur». Xəbəri chicago.suntimes.com yayıb.

«The Washington Post» qəzeti ötən həftə yazıb ki, 10 konqresmenin Bakıya səfərini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) maliyyələşdirib. Amerika qanunvericiliyinə görə, konqresmenlər başqa dövlətin maliyyəsini qəbul edə bilməz. Üstəlik, bəzi konqresmenlərə dəyəri bir neçə min dollar olan xalçalar daxil olmaqla, bahalı hədiyyələr verildiyi qeyd olunurdu. Məsələni Konqresin Etika Komitəsi üzə çıxarıb.

Davis isə deyir ki, həyat yoldaşı ilə bazar günü həmin xalçanı evinin anbarında elə bağlı vəziyyətdə tapıblar.

«Biz bütün qaydalara əməl etmişik, hər şeyi bəyan etmişik», - Davis deyib. «Məncə, kimsə haradasa səhvə yol verib. Ancaq bu, Konqres üzvlərinə aid deyil».

Davis həyat yoldaşı ilə 2013-cü ildə Azərbaycana səfər edənlər arasında olub. «The Washington Post»un yazdığına görə, SOCAR konfransı maliyyələşdirməsini gizlətmək üçün 750 min dollar vəsaiti iki qeyri-kommersiya korporasiyasının hesabına köçürüb. Ancaq SOCAR bu yazılanları təkzib edib, tədbirə sponsorluğun şəffaf şəkildə həyata keçirildiyini bildirib.

Davis deyir ki, etika komitəsi bu səfərə yaşıl işıq yandırıb:

«Etika komitəsi təsdiqləməsəydi, Konqresin 10 üzvü bu səfərə çıxmazdı», - Davis bazar ertəsi «Sun Times»a deyib. «Ola bilsin, kimsə haradasa səhv edib və kimsə bilinməyən bir şeyi aşkarlayıb».

​Ancaq konqresmen deyib ki, ona heç nə vəd edilməyib və səfərə görə də heç kəsə heç nə boyun olmayıb.

«O xalçanın heç bağlamadan çıxarmamışam. Evimdədir. Dünən həyat yoldaşımdan soruşdum ki, «o xalça haradadır?». Dedi ki, «deyəsən, anbardadır», - Davis deyib.

Foto illüstrasiya
Foto illüstrasiya

«Bunun mənim üçün heç bir dəyəri yoxdur. Bu xalçanı nə edəcəyimi də bilmirəm. Sadəcə, bu barədə danışmaq, düşünmək vaxtımı alır. Bunu kiməsə bağışlamaq üçün bir xeyriyyə yolu taparıq. Bu xalçanın şəxsən mənim üçün dəyəri yoxdur. Olsaydı, bağlamanı açardım. Heç ona baxmamışam da, heç üzünü də görməmişəm», - konqresmen and-aman edib.

OPEC HASİLATI AZALTMAYACAQ

Neft İxracatçısı olan Ölkələrin Təşkilatı (OPEC) iyun toplantısında hasilatın azaldılması barədə qərar verməyəcək. Bunu İranın neft nazirinin müavini Rokneddin Javadi mayın 18-də «Reuters» agentliyinə deyib.

İranla Venesuela OPEC-i dəfələrlə çağırıb ki, qiymətlərin düşməsini önləmək üçün hasilatı azaltsın. Görünür, təşkilat hasilatın azaldılmasına razılaşmayacaq. Qurum hazırda OPEC-dən kənar hasilatın məhdudlaşdırılmasına nail olub və bazarda payını saxlayıb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC ötən noyabrda qərar verib ki, hasilatın səviyyəsi dəyişməsin. Qiymətin düşməsi isə baha başa gələn ABŞ şist neft istehsalçılarını hasilatı azaltmağa məcbur edib.

Javadi onu da deyib ki, İran iyun görüşündə hasilatın azaldılmasına, yaxud bazara düzgün həcmdə neftin çıxarılması üçün əməkdaşlığa çağıracaq.

SƏUDİYYƏ ƏRƏBİSTANI CƏLLAD AXTARIR

Səudiyyə Ərəbistanında vakansiya var – səkkiz cəllad axtarılır. Məqsəd getdikcə artan ölüm hökmlərini ictimai şəkildə icra etməkdir.

Foto illüstrasiya
Foto illüstrasiya

Bu vakansiya üçün elə bir tələb qoyulmur, icraçının əsas rolu «ölüm hökmünü yerinə yetirməkdir». Cəlladlar daha kiçik cəzalara görə amputasiya da həyata keçirməlidir.

«The Guardian» yazır ki, Səudiyyə dünyada ölüm cəzalarının ən çox kəsildiyi ilk beşlikdədir. 2014-cü ildə Çin və İrandan sonra 3-cü yerdə gəlirdi. Qalan iki yeri İraq və ABŞ tuturdu.

Bazar günü bir nəfərin başı kəsilib və bu il edam olunanların sayı 85-ə çatıb. Ötən il 88 nəfər edam olunmuşdu. Ölüm cəzası daha çox qətl, narkotik maddəyə görə verilir.

XS
SM
MD
LG