Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:23

Türkiyədə dini qurum tualet kağızından istifadəyə icazə verdi


Foto illüstrasiya
Foto illüstrasiya

-

Türkiyədə dini məsələlərə baxan ali qurum – Diyanət İşləri Başqanlığı fitva verib ki, tualet kağızından istifadə İslam qaydalarına uyğundur. Ancaq fitvada suyun əsas təmizləmə mənbəyi olduğu vurğulanır.

Fitvada deyilir ki, ibadət üçün bədən, geyim və ibadət yeri «natəmiz» cisimlərdən təmizlənməlidir və təmizləmə işi suyla aparılmalıdır:

«Təmizləmək üçün su tapılmazsa, digər təmizləyici materiallardan istifadə oluna bilər. Bəzi mənbələr kağızı təmizlik deyil, yazı üçün uyğun sayır. Ancaq tualet kağızından istifadədə problem yoxdur».

Martda qurum bəyan etmişdi ki, tərkibində alkoqol olan və təmizləmək üçün nəzərdə tutulan vasitələrdən istifadə normaldır, ancaq alkoqol qəbulu İslamla qadağan olunub.

«Hurriyet Daily News» yazır ki, Diyanət fitvada həm də buyurur: «Ehtiyaclarından artıq pul dilənən şəxslər «cəhənnəm atəşində yanacaqlar».

RUSİYANIN İRAN SAZİŞİ ƏNDİŞƏSİ

Ötən həftə Lozannada İranla çərçivə nüvə sazişi elan ediləndə, diplomatlardan birinin saxta canfəşanlığını sezməmək mümkün deyildi. «Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Rusiya xarici işlər naziri Sergei Lavrov danışıqların kritik məqamında – martın 30-da Lozannanı tərk etmişdi. Görünür, ABŞ Dövlət katibi John Kerry ona şəxsən zəng edib dilə tutdu ki, qayıtsın.

Rusiya qonşuluğunda nüvə silahlı İran görməkdə maraqlı olmasa da, Vaşinqtonla Tehranın düşmən münasibəti Birləşmiş Ştatları bu regiondan uzaq tuturdu. Rusiya amerikalı və iranlıları bir-birindən uzaq saxlamağa çalışırdı. İrana qabaqcıl havadan müdafiə sistemləri satmaq təkliflərində məqsəd ABŞ-ın İranın nüvə qurğularını bombalama hədələrini əngəlləmək idi.

S.Lavrov Lozannada nüvə danışıqlarında, 30 mart 2015
S.Lavrov Lozannada nüvə danışıqlarında, 30 mart 2015

Rusiyanın nüvə ekspertləri İranın əlavə enerji reaktorları tikmək iştahasını gücləndirirdi. Rusiya bankları İrana kömək edirdi ki, maliyyə sanksiyalarını üstələsin. Rusiyanın planı heç də İranın bomba əldə etməsinə kömək deyildi, sadəcə, Yaxın Şərqdə «tikanlı oyunçu»dan yararlanaraq Birləşmiş Ştatları məcbur edirdi ki, Rusiya milli təhlükəsizlik maraqlarına uyğun məsələlərin müzakirəsinə gəlsin.

Ancaq işlər Rusiya planına uyğun getmədi, ABŞ-la İran nüvə danışıqlarında ilkin razılaşma əldə etdilər və münasibətlərini normallaşdırmaq üzrədirlər. Bu arada Rusiya prezidenti Vladimir Putin bir tərəfdən Avropa cəbhəsində ABŞ-ın rəhbərlik etdiyi alyansa qarşı dayanır, digər tərəfdən ölkəsində iqtisadi böhranı idarə etməyə çalışır. Enerji cəbhəsində də Rusiya üçün yaxşı bir şey gözlənmir.

Bu yay İranın nüvə proqramı üzrə yekun saziş əldə olunsa, bazara İran nefti çıxmağa başlayacaq və neftin qiyməti, eləcə də rus rublu düşməyə başlayacaq. İndiki şəraitdə İran bazara gündə 400-500 min barel neft çıxara bilər. Müəllif yazır ki, İranın enerji sektorunun tədricən bərpası Rusiyanın Avropanı enerji təzyiqi altında saxlamasını çətinləşdirəcək.

«İllər boyu Yaxın Şərq rusiyalılar üçün qızılgül bağçası idi. Xoş ətirli imkanlar Vaşinqtonu danışıqlara şirnikləndirirdi, lazım gələndə də tikanlarla Amerikanı sancırdı. Moskva yenə də region dövlətləri ilə siyasi və iqtisadi zərurətdən silah sazişləri bağlayacaq. Ancaq, məsələn, Misir kimi ölkələr yenə də sonda ABŞ-la münasibətlərə üstünlük verəcək».

Alexis Tsipras Moskvada - 8 aprel 2015
Alexis Tsipras Moskvada - 8 aprel 2015

YUNANISTAN PUTIN-DƏN ÖZÜNÜ GÖZLƏMƏLİDİR

«The New York Times» yazır ki, Yunanıstan hökuməti hazırda maliyyə məngənəsində sıxıldığından baş nazir Alexis Tsipras səhvən Rusiya prezidenti Vladimir Putin-dən dəstək almağa çalışır. Çərşənbə günü görüşləri gözlənir: «Ancaq səfərdən bir gün sonra Yunanıstanın Beynəlxalq Valyuta Fonduna ödəməli olduğu 458 milyon avro (503 milyon dollar) borcun vaxtı bitir. Tsipras öncə Avropa Birliyinin Rusiyaya qarşı iqtisadi sanksiyalarını tənqid edib. Bütün bunlar onun bu səfərlə nəyə nail olmaq istəməsinə dair suallar doğurur».

«Aydın olan odur ki, Yunanıstan maliyyə xilası üçün Rusiyaya bel bağlaya bilməz. Neftin qiymətinin düşməsi, bir az da Qərb sanksiyaları Rusiya iqtisadiyyatına ziyan vurub. Rusiyanın xarici valyuta ehtiyatları fevralın sonunda 360 milyard dollara bərabər olub, yəni avqustdan bəri 100 milyard dollardan çox düşüb. BVF-nin hesablamasına görə, Rusiya iqtisadiyyatı bu il 3 faiz zəifləyəcək».

Cənab Tsipras və Putin biznes və ticarətdən danışacaqlar:

«Avropa Birliyinin Ukrayna məsələsində vahid cəbhəni saxlamağa çalışdığı bir vaxtda, cənab Tsipras Putin-lə sövdələşməyə gedərsə və ya ona dəstək verərsə, Almaniya, Fransa və digər Avropa ölkələrini daha da uzaqlaşdıracaq. Hökumətinin bu ölkələrdə münasibətləri onsuz da soyuqdur, iqtisadiyyatını dirçəltmək və Yunanıstanı avrozonada saxlamaq üçün onların köməyinə ehtiyacı var».

«Yunanların çoxu avronun saxlanmasını istəyir. Əlbəttə, Almaniya və avrozonanın digər üzvləri də cənab Tsipras-la daha konstruktiv işləməlidir. Onlar Yunanıstanı borcunu necə və nə vaxt ödəməsində çeviklik verə bilərlər. Cənab Putin Avropa Birliyi ilə narazılığı olan istənilən liderlə münasibət yaratmağa çalışır. Ancaq cənab Tsipras imkan verməməlidir ki, ondan Avropa vəhdətinin zəiflədilməsində istifadə etsinlər», - NYT yazır.

XS
SM
MD
LG