Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

FP: «Hökumət Qərbdəki imici barədə düşünürmü?»


İlham Əliyev
İlham Əliyev

-

«Azərbaycanda vətəndaşların əsas hüquq və azadlıqları pozulur, onlarla demokratik ölkələrə xas davranış qaydaları gözardı edilir. Bu baxımdan Azərbaycan qonşuları içində bu pozuntuların daha çox yer aldığı bir ölkəyə çevrilir. Görəsən, İlham Əliyev hökuməti Qərbdəki imici barədə düşünürmü? Bu yaxınlaradək elə görünürdü ki, düşünür».

Bunu Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu ABŞ-ın «Foreign Policy» dərgisində dərc olunmuş məqaləsində yazır.

Müəllif qeyd edir ki, illər boyu bu neftlə zəngin ölkə «Avroviziya», Qlobal İnternet Forumu, ATƏT Parlament Assambleyasının samiti, nəhayət, bu il ilk Avropa Oyunları kim beynəlxalq tədbirlərə ev sahibliyi etməklə imicini cilalayıb. ABŞ və Avropa ölkələrinin paytaxtlarında lobbiçilik işlərinə də əməlli-başlı pullar xərclənib:

«Ancaq hökumətin son vaxtlar Qərb və yerli təşkilatlara qarşı tədbirləri, eləcə də medianı məhdudlaşdırması ölkənin beynəlxalq imicinə çox mənfi təsir göstərib. Bəzi təhlilçilərin fikrincə, ölkədəki biznes mühitinə də təsirsiz ötüşməyib».

«Vaxtilə Azərbaycan qapılarını qərblilərin üzünə açdı... Heydər Əliyev Qərbin aparıcı biznes və vətəndaş cəmiyyəti qruplarını Bakıya dəvət etdi, onları yerli işçiləri işə götürməyə çağırdı, mediaya senzuranı ləğv etdi. Oğlu İlham Əliyevin hakimiyyəti dövründə isə çox şey dəyişib. O, Qərbyönümlü vətəndaş cəmiyyətini və medianı diz çökdürüb».

«Böyük Əliyev vaxtilə medianı «cəmiyyətin güzgüsü» adlandırırdı. Oğlunun hakimiyyəti altında isə o güzgü azərbaycanlılardan alınıb. Onların mediası ancaq əyləncə məqsədi daşıyır. Atası kimi, dövlət mediasından tərəfdarlarını səfərbər etmək üçün yararlanmaq əvəzinə o, həmin media vasitəsilə əhalini sakitləşdirir, diqqətini problemlərdən yayındırmağa çalışır».

Yazıda Əliyevin üçüncü dəfə prezidentliyini elan edəndən sonra vaxt itirmədən vətəndaş cəmiyyətinə, özəlliklə də seçki monitorinqi ilə məşğul olanlara hücuma keçməsindən bəhs olunur. Repressiyalar ötən ilin yayında beynəlxalq ictimaiyyətin diqqətindən yayına bildi, onlarla insan haqları müdafiəçisi, ictimai fəal, jurnalist ölkədə sabitliyi pozmaq adıyla saxlandı, QHT-lərə təzyiqlər artdı və s. Hökumət Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək narazılara hücumunu senzura kimi deyil, ölkə təhlükəsizliyinə artan hədələrə qanuni reaksiya kimi təqdim etməyə çalışdı.

Ancaq müəllifin fikrincə, müstəqil jurnalistlərə, fəallara təzyiqlər Azərbaycan hökumətinin uğur hekayəsini faş etməyə əla fürsət oldu, hökumətin avtoritar təbiətini daha geniş Qərb auditoriyası üçün açıb ortalığa qoydu.

Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

ERDOĞAN-A MESAJ: «HÖKUMƏTİN İŞİNƏ QARIŞMA»

Türkiyədə Baş nazirin müavini Bülent Arınç prezident Recep Tayyip Erdoğan-a deyib ki, özünün «emosional baxışları olmadan» hökumətin siyasətini aparmasına imkan versin.

«The Guardian» yazır ki, kürd yaraqlılarla silahlı mübarizəyə son vermək üçün sülh prosesi ilə bağlı hökumətlə prezident arasında görünməmiş fikir ayrılığı yaranıb.

Bazar günü Erdoğanpərəst qəzetlər prezidentin bir fikrini dərc edib. Erdoğan deyib ki, üç həftə öncə hökumətlə kürdyönümlü deputatlar arasındakı görüş «məqsədəuyğun» olmayıb. Erdoğan 2014-cü ilin avqustunda prezident postuna əyləşəndən bəri, bu, ən böyük mübahisə sayılır. Təhlilçilər isə onunla özünün seçdiyi baş nazir Ahmet Davutoğlu arasında da gərginliyin artdığını deyirlər.

«Onun «Mən bunu xoşlamadım» və ya «Bundan məmnun deyiləm» tipli bəyanatları emosionaldır və öz fikirləridir», - baş nazirin müavini Bülent Arınç deyib. «Sülh prosesini hökumət aparır və hökumət bu məsələyə görə məsuliyyət daşıyır», - Arınç sözlərinə əlavə edib.

Müstəqil T24 xəbər saytı yazıb ki, bu mübahisə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 12 illik idarəçiliyi dövründə ən ciddi daxili böhrana çevrilib. Erdoğan Arınç-in dediklərinə belə reaksiya verib: «Mən hər bir məsələdə adamlarımla məsləhətləşirəm. Prezident mənəm».

«Biz prezidentimizi sevirik, onun gücünə bələdik, onun xidmətlərini qiymətləndiririk. Ancaq unutmayın ki, bu ölkədə hökumət də var», - Arınç söyləyib.

Mübahisə niyə yaranıb? Hökumət PKK ilə münaqişəyə son verəcək prosesə nəzarət üçün monitorinq komitəsi yaratmağı planlaşdırır. Erdoğan bu ideyaya qarşıdır və bildirir​ ki, məsələ ilə Türkiyə Milli Təhlükəsizlik Şurası (MİT) məşğul olmalıdır.

«The Guardian» yazır ki, bəzi təhlilçilərin Erdoğan-ın kuklası saydığı, keçmiş xarici işlər naziri Davutoğlu da baş nazir profilində fərqlənmək istəyir deyəsən. Şənbə günü İstanbulda böyük bir kütlə qarşısında çıxışında deyib ki, sülh prosesi getdiyi bir vaxtda «nifrət mədəniyyətini də torpağa gömmək zamanı çatıb».

XS
SM
MD
LG