Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Əlil: Başımızı ildə bir dəfə şəkər tozu ilə aldadırlar


Arxiv fotosu
Arxiv fotosu

-

“Problem bir deyil, iki deyil. Ev yox, xəstəliyimlə çarpışıram, ildə bir neçə dəfə pulsuz dərman alıram, qalanlarını özüm alıram. Çernobıl əlillərinə hər il Mərdəkandakı pansionatda istirahət etmək və müalicə olunmaq üçün “putyovka” verirdilər. Daha onu da vermirlər”.

Bakı sakini olan Hümbət Quliyev 1-ci qrup Çernobıl əlilidir. 64 yaşı var. Qəzadan canında ona ömürlük "miras" qalmış əzablarıyla çarpışmaqdadır. Çox gənc yaşında sağlamlığını, dişlərini, saçlarını itirib. Deyir, gördüyü dövlət qayğısı bir neçə pulsuz dərmandan ibarətdir. Vaxtilə ev-eşiyini satıb sağlamlığnını üstünə qoyub. O vaxtdan da o qapı sənin - bu qapı mənim - kirayələrdə yaşayır. İllərdir ki, böyük bir ailəni də arxasıyca qapılara daşıyır:

"Vəziyyətim elədir ki, yol getdiyim zaman halsızlaşıram, yıxılıram. çox vaxt ətrafdakılar elə bilirlər sərxoşam, polis gəlir... Yəni illərdir bunu yaşayıram. Ağrılarım, sıxıntılarım... Bu azmış kimi, bir də ev problemi... Ölüb getsəm, övladlarıma bir uçuq daxma da məndən miras qalmayacaq".

Hümbət Quliyev ev növbəsinə dayanmaq üçün sənədlərini bir neçə dəfə təqdim etsə də hər dəfə üstündən müəyyən vaxt ötəndən sonra cavab alıb ki, "sənədlər itib".

"Hər dəfə Çernobıl hadisələrinin ildönümü yetişəndə başımızı şəkər tozu ilə aldadırlar. Mənə ev lazımdır ki, ailəmi bir yerə toplayıb özümü bir neçə gün də olsa xoşbəxt hiss edim. Rahatlığım olsun. Çayı isə şirin içməsəm də olar".

Xətai rayon İcra Hakimiyyətindən bildiriblər ki, Çernobıl əlilinin mənzil məsələsi və itmiş sənədləri ilə bağlı araşdırma aparacaqlar.

XS
SM
MD
LG